otaq

Bərbad vəziyyətdə olan tələbə yataqxanaları: çıxış yolu nədədir? – TƏKLİFLƏR

Baxış sayı: 1. 421

2018/2019-cu tədris ilinə olan statistik məlumatlara görə, Azərbaycanda 176 min 723 min tələbə var. Tələbələrin 161 326-sı dövlət, 15 min 397-si isə qeyri-dövlət ali təhsil məktəblərində təhsil alır. Tələbələrin hansı ali məktəbdə təhsil almasından asılı olmayaraq, gəncləri və onların valideynlərini tələbə adını qazandıqdan sonra düşündürən ciddi problemlərdən biri də harada qalacaqları məsələsidir. Sadə bir misal gətirək. Kənd və rayon yerlərində yaşayan bir çox ailə qızlarını ail təhsil arxasınca şəhərə göndərmək istəmir. Bunun da əsas səbəblərindən biri qızlarının harada və kimin yanında qalacağı məsələsidir. Hazırda bu problem elə oğlanlar üçün də keçərlidir. Şəhərdə yaşamaq üçün kirayə evlər tutulmalı, normal qidalanma olmalıdır. Universitetlərin isə çoxunun ya yataqxanası yoxdur, ya da olan yataqxanalar bərbad vəziyyətdədir. Bir neçə gün əvvəl universitetin yataqxanasında baş verən zəhərlənmə faktı, tələbə qızların kirayə qaldıqları evdə qazdan zəhərlənməsi kimi problemlər göstərir ki, onların yaşamaq və qidalanmaqla bağlı problemləri var. Ümumiyyətlə, tələbə yataqxanası problemi necə həll oluna bilər?

Image result for kamran əsədov

Təhsil eksperti Kamran Əsədovun bildirdiyinə görə, xarici ölkələrdə müasir tələbə yataqxanalarının dəfələrlə şahidi olsa da, Bakıda analoji binalara rast gəlmək mümkün deyil: “Düşünürəm ki, bu istiqamətdə çox ölkələrin, xüsusilə yataqxana sisteminin daha çox inkişaf etdiyi qonşu dövlətlərin – Rusiya və Türkiyənin təcrübələrindən istifadə etmək lazımdır. Yataqxana kompleksində üç vacib amil var. Birincisi, yeməkxanadır, ikincisi təhlükəsizlik, üçüncüsü təmizlik xidmətidir. Təəssüf ki, bizdə, ümumiyətlə, tələbələrin yataqxana problemi həll olunmayıb. Hazırda tələbələrin ucuz və keyfiyyətli yataqxana ilə təmin olunmasına ümid edirik”.

Ekspert bildirir ki, qeyd olunan infrastrukturun yaradıldığı universitetlər azdır: “ Hazırda Bakı Ali Neft Məktəbinin, Neft və Sənaye Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün müasir tələblərə cavab verən yataqxana imkanı yaradılıb. Digər universitetlərin isə ya ümumiyyətlə, yataqxanası yoxdur, ya da mövcud olan yataqxanaların infrastrukturu çox zəifdir. Xarici ölkələrdə tələbələrin yataqxanasında hər bir otağın mətbəxi, yataq otağı, 24 saat isti-soyuq suyu, soyuducusu, istilik sistemi, televizoru, ayrıca telefon nömrələri var. Yataqxananın kamera müşahidə sistemi, Wi-Fi, mini telefon ATS-i, yanğın təhlükəsizlik, havalandırma və mərkəzləşdirilmiş istilik sistemi var. Tələbələrin bütün ehtiyacları təmin olunur. Türkiyə universitetlərinin tələbə yataqxanalarının tərkibində yeməkxana da fəaliyyət göstərir. Bura səhər saat 6-dan axşam saat 9-a qədər açıq olur. Gün ərzində türk mətbəxinin isti və soyuq yeməkləri yataqxanada qalanların ixtiyarına verilir. Təmizliyə də söz yoxdur, hər yerdə səliqə-sahman var”.

Image result for fazil mustafa

Deputat Fazil Mustafa bildirir ki, Azərbaycanda tələbə yataqxanalarının vəziyyəti acınacaqlıdır. Onun sözlərinə görə, yataqxanalar 20-30 il əvvəl də belə olub: “Bir neçə gün əvvəl zəhərlənmədən dünyasını dəyişən tələbə qızın qaldığı yataqxanadan videosüjet də göstərdilər. Həmin yataqxananı görən hər kəs vəziyyətin nə qədər acınacaqlı olduğunun şahididir. Azərbaycanda yeni yataqxana çox az saydadır”.

O, problemin həlli yollarından da danışdı. Deputatın sözlərinə görə, bu məsələnin həlli üçün iş adamları prosesə cəlb olunmalıdır: “Bu məsələdə iş adamlarının müəyyən dərəcədə stimullaşdırılmasına ehtiyac var. Bu məsələnin indiyə kimi həllini nə üçün tapmaması ilə bağlı suala cavab vermək xeyli çətindir. Universitetlərimizin yataqxana modeli yoxdur. Azərbaycanlı tələbələr başqa ölkələrdəki modern yataqxanalara həsrətdirlər. Türkiyədə də yataqxana modeli kifayət qədər inkişaf edib. “Yurtkur” qurumu vasitəsilə bu sahə idarə olunur və cüzi bir ödənişlə tələblər üçün rahat həyat şəraitinin təmin olunmasına xidmət edir. Biz çox böyük dövlət deyilik, çox sayda universitetimiz də yoxdur. Amma yataqxana sahəmiz utancverici vəziyyətdədir. Hər halda, bu məsələ üzərində düşünmək və problemi təcili həll etmək vacibdir”.

Deputat bildirir ki, universitetlərin maddi imkanı bu problemi həll edəcək gücdə deyil: “İş adamları ilə müqavilə bağlanılır. Binaların müəyyən bir hissəsi satışa verilir. Qalan hissəsinin bir sıra xərclərində dövlət güzəştə gedir. Onlar oradan gəlir götürən vəziyyətdən çıxırlar. Yuxarı hissəsini də yataqxana modelində düzəldib, universitetə təhvil verirlər. Dediyim kimi, sənədləşmə işlərində, vergidə güzəşt tətbiq olunur. İş adamı əvəzində tikdiyi çoxmərtəbəli binanı yataqxana kimi istifadəyə verir. Bu sadə məsələni qısa müddətə həll etmək mümkündür. Sadəcə, iradə olmadığından, həlli hələ də açıq qalır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir