MARS

Bəşəriyyətin gələcəyi həqiqətən də Marsdadırmı?

Baxış sayı: 1. 001

Əvvəllər uşaqların çoxu “böyüyəndə kim olmaq istəyirsən?” sualına “kosmonavt!” cavabını verirdilər. Bu arzusuna çatanlar üçün indi onun yerini başqa planetlərdə həyat qurmaq xəyalları tutur. Kosmik agentliklərin son missiyaları və gələcək planlarında qarşıda duran vəzifə planetlərdə həyat əlamətləri axtarmaq və çata bildiyi yerlərdə yaşayış məskəni salmağı mümkün hala gətirməkdir.

Marsda yaşayış məkanı salmaq üçün öncə insan bu planetə ayaq basmalıdır. Bunun nə zaman baş verəcəyini heç kim bilmir, lakin “SpaceX” şirkətinin qurucusu İlon Mask 2024-cü ilə qədər ilk insanı Marsa göndərə biləcəyini iddia edir.

O, Fərid Zəkəriyya ilə olan müsahibəsində deyir ki, Marsda yaşayış məskəni salmaq işin ən asan tərəfidir, ən çətin tərəfi isə ora gedib çıxmaqdır.

İlon Mask:

Biz “SpaceX” şirkətini başqa planetlərdə həyat üçün şərait yaratmaq məqsədilə qurmuşuq. Mən “PayPal”dan sonra nə ilə məşğul olacağımı düşünürdüm. Kainatla hər zaman maraqlanmışam. Lakin başa düşmürdüm ki, insan digər planetdə nə edə bilər. Aydan sonra isə təbii ki, Marsa yollanmalı idik. NASA-nın veb-saytına daxil oldum ki, görüm Marsa nə vaxt gedirik? Lakin heç bir məlumat tapmadım. Bu, mənə çox qəribə göründü. Marsda həyat qurmaq ən asan məsələdir. Çətin olan ora gedib çıxmaqdır. Marsa getmək üçün nəqliyyat hər kəsə əlçatan olmalıdır. Bir adam üçün Marsa getmək milyardlara başa gəlməməlidir. Buna görə də təkrar istifadə oluna bilən raketlər düzəltməliyik. Məncə oraya ilk insanı 2024-cü ilə qədər göndərə bilərik. 

Fərid Zəkəriyya:

O ilk insan siz ola bilərsiniz? 

İlon Mask:

Əgər başıma bir şey gəldiyi halda “SpaceX” şirkətində hər şeyin yolunda gedə biləcəyindən əmin olsam, bəli, gedə bilərəm. 

Apollon 11 missiyasının astronavtı Maykl Kollins isə düşünür ki, bu o qədər də real görünmür və insanın Marsa ayaq basması 2040-cı illərdə mümkün ola bilər. O həm də qeyd edir ki, Marsın tədqiqatı gələcək prioritetlərdən biri olmalıdır və Aya qayıtmağın bir mənası yoxdur.

Maykl Kollins:

“Mən düşünürəm ki, biz Aya qayıtmamalıyıq. Bu məncə vacib deyil. Həmişə zarafat edirdim ki, NASA məni səhv yerə göndərib. 20-30 il əvvəl “Marsa Missiya” kitabını yazdım. Marsa missiya ona görə vacibdir ki, 9 ay yol gedirdiniz və bu yolda çoxlu maneələrə rast gəlirsiniz”.

Marsda yaşayış məkanı salmaq ideyasını ilk dəfə İlon Maskdan eşitdik, əksəriyyət üçün reallıqdan uzaq görünsə də, bir müddətdən sonra bu fikrə daha ciddi yanaşmağa başladılar. NASA-nın təşkil etdiyi “Planetlərdə 3D print yaşayış məskəni” müsabiqəsinə bir neçə diqqətəlayiq layihə daxil oldu. “AI Space Factory” şirkətinin “Marsha” layihəsi bu müsabiqənin qalibi seçilərək NASA-dan 500 000 dollar mükafat qazandı. “Marsha” Marsda yaşayış üçün ən uyğun, print edilə bilən binaları təqdim etdi.

Bütün Mars evlərinin qarşısında duran əsas vəzifə onların Yer atmosferinə uyğunlaşdırılmasıdır. Araşdırma göstərir ki, vertikal silindr şəklindəki bina səth üçün ən yaxşı formadır.

“Marsha” layihəsi binaları Marsın dəyişkən tempetaturunun təsirlərindən təcrid etmək üçün ikiqat örtükdən istifadə edir.

“Marsha” üçün istifadə edilən 3D texnologiya daha geniş avtonom tətbiqetmələr üçün telemetriya/tele-əməliyyat, məlumat bazası, maşın qavrayışı və zəkasından istifadə edir.

“Marsha” binaları betondan daha möhkəm və davamlı olan təbii və təkrar emal oluna bilən kompozit materiallarla print edilir. Bu, Marsda və digər planetlərdə inşaat üçün ən sadə və dayanıqlı üsuldur.

Marsha binaları aşağıdakı əsas otaqlardan təşkil olunub:

  • hidrofonik bağ
  • mətbəx
  • skyroom
  • qaraj
  • insanları psixi sağlamlığı üçün özündə sürpriz elementlərini daşıyan otaq

Hər mərtəbədə ən azı bir pəncərə mövcuddur, bu pəncərələr birlikdə 360 dərəcəlik panoramanı əhatə edir. Yuxu rejiminə uyğun işıqlandırma Yerin təbii işıqlanmasına uyğunlaşdırılıb və burada yaşayan insanların sağlamlığına xidmət edir.

Marsda yaşayış məskəni üçün bu texnologiyalar hələki ilk təkliflərdir. İnsan Marsa gedib çıxana qədər qurulacaq yaşayış məskənləri ilə əlaqədar böyük dəyişikliklərin olacağı istisna deyil. Lakin Mars təcrübəsini biz indi öz planetimizdə də yaşaya bilərik. Belə ki, “Marsha” layihəsinin yaradıcıları bu texnologiyalardan istifadə edərək Yerdə Tera adlı ekoməkanın əsasını qoydular. Teranı turist kimi ziyarət etmək və hətta burada bir neçə gün qalmaq da mümkündür.

(“Nevarneyox.com”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir