usaqlar

Bəs uşaqlara kim baxsın?

Baxış sayı: 1. 091

Məlum olduğu kimi, ilk tədris günü martın 10-da olmaqla, martın 3-dən 9-dək bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi müvəqqəti dayandırılıb. Əsas məqsəd bu müddət ərzində təhsil müəssisələrində tibbi profilaktik sanitar-epidemioloji tədbirlərin həyata keçirilməsidir. Bəs uşaqlar müvəqqəti tətildədirsə, bu günlərdə onlara kim nəzarət edəcək? Valideynləri işdə olan uşaqlar kimlərin himayəsində qalır və bu müddət ərzində onlar hansı işlərlə məşğul olur? Bu sualla müxtəlif vəzifələrdə çalışan analara müraciət etdik. Onlar məktəblərin bağlanmasına sevinsələr də, uşaqlarına ciddi şəkildə nəzarət edə bilmədiklərini söylədilər.

 

“Unibank”ın İctimaiyyətlə əlaqələr və media şöbəsinin müdiri Sülhiyyə Şirinova virus təhlükəsiylə bağlı dərslərin dayandırılması qərarına sevinən valideynlərdəndir: “Hər nə qədər rəsmi statistika sakitləşdirici olsa da, virusla bağlı əhali arasında yayılan məlumatlar bir valideyn kimi məni də ciddi narahat edirdi. İşdə olanda da fikrim uşaqların yanında qalırdı ki, birdən ətrafdan virusa yoluxarlar. Hər axşam qızdırmalarının olub-olmamasını yoxlayır, sağlamlıqlarına nəzarəti artırmışdım. İndi rahatam ki, evdədirlər, ətrafdan yoluxma təhlükəsi yoxdur. Mənim övladlarım yaşca nisbətən böyük olduqlarından, evdə qalmaları əlavə qayğı yaratmadı. Yəni kiməsə həvalə etmək zərurəti olmadı. Tətil işləyən valideynlərə şamil olunmadığı üçün, uşaqların istirahəti ilə bağlı xüsusi proqram qura bilmirəm. Amma evdə olsaydım da, yəqin ki, onları kütləvi istirahət yerlərinə aparmayacaqdım. Çünki bilirsiniz, virus məsələsi ilə bağlı indi bu yerlər daha təhlükəlidir. Ona görə qızlarımla razılaşmışıq ki, evdə qaldıqları günlərdən daha faydalı istifadə üçün məktəb günlərindəkindən daha çox yatsınlar, dərs və əlavə kitablar oxusunlar, filmlər izləsinlər. Yəni istirahətin daha təhlükəsiz formasını seçdik. Bəlkə uşaqlar üçün bir qədər darıxdırıcı olacaq, amma indiki vəziyyətdə bundan daha məqbul variant yoxdur. Ən əsası, sağlam olsunlar, dərsləri də, gəzməyi də bir neçə həftə sonraya saxlamaq mümkündür”.

 

Aparıcı Vüsalə Səid deyir ki, ölkəmizdə koronavirusdan qorunmaq üçün məktəblərin müvəqqəti bağlanması qərarı ən doğru və zamanında atılmış bir addım olub: “Oğlum Səidlə ancaq telefon vasitəsilə əlaqə saxlayıb, onu gün ərzində nəzarətdə saxlamağa çalışıram. İndi o, elə bir yaşdadır ki, özəl münasibətə ehtiyacı yoxdur. Səidin 14 yaşı var, səkkizinci sinifdə oxuyur. Hamı kimi biz də çalışırıq ki, evdə sanitar-gigiyenik qaydalara əməl edək. Çünki uşaqların dəriləri çox həssasdır. Toplu insanların olduğu yerlərdən uzaq gəzməyə və təmiz hava qəbul etməyə çalışırıq.  İşdən sonra Səidin dərsləri ilə məşğul oluruq. Dərslər bağlıdırsa, bu o demək deyil ki, o, tədrisdən yayınmalıdır. Mənim nəzarətim və əlavə müəllimlərlə də Səid təhsilini davam etdirir”.

 

Aktrisa Dilarə Əliyeva iki qız anasıdır. Bildirir ki, virusla bağlı təşviş bir ana olaraq onu da narahat edir: “Qızlarım evdədir, dayə baxır. Biz də işimizdə-gücümüzdə. Məsələ belədir ki, işgüzar xanımlara virus da mane ola bilmir. İş elə bir şeydir ki, onu səndən başqa heç kim görməyəcək və biz onu görmək məcburiyyətindəyik. Biz işimizi-gücümüzü atıb evdə oturanda, iş də bizimlə oturur. Bizə yardım edən insanların sayəsində uşaqlarımız nəzarətdədir. Biz də  onların sayəsində işimizi görürük”.

 

Jurnalist, Abdulla Şaiq adına Kukla Teatrının ədəbi dram hissə müdiri, 3 uşaq anası Həmidə Rüstəmova virus təhlükəsi ilə əlaqədar ümumtəhsil müəssisələrində təhsilin dayandırılmasını, uşaqların sağlamlığının qeydinə qalınmasını müsbət hal kimi dəyərləndirdi: “Amma belə bir qərar verildikdə, işləyən valideynlər də nəzərə alınmalıdır. Təəssüf ki, bu qərarda onlar nəzərə alınmayıb. Bizim uşaqları teatra, insanların daha çox toplaşdığı açıq məkanlara aparmaq imkanlarımız yoxdur. Çünki tədrisin dayandırılmasının səbəbi odur ki, uşaqlar virus təhlükəsi ilə üz-üzə qalmasınlar. Bu nöqteyi-nəzərdən, çalışıram onları evdə saxlayım. Hərçənd, mən bir neçə gündür müşahidə edirəm ki, valideynlər, nənələr, babalar uşaqların əlindən tutub parklara, qohumlara, rayonlara üz tuturlar. Bununla hər kəs öz doğru bildiyi işi görür. Mənə elə gəlir ki, doğru deyil və mən övladlarımı məhdud məkanda saxlamağa çalışdım. Ona görə də qızlarımı nənəsigilə aparmışam. Onların bütün əyləncəsi nənəsigildə oturub cizgi filminə baxmaqdır. Çünki mən işlədiyimə görə onları gəzməyə apara bilmirəm. Mətbuatda işləyən adamların iş saatı yoxdur. Hətta işdən sonra bəzən hansısa tədbirə, tamaşaya, premyeraya gedirik. Digər tərəfdən, mən Kukla Teatrında da çalışıram”.

 

“Dəcəl balam” ailə uşaq inkişaf mərkəzinin rəhbəri Dilşad Musa valideynlər üçün uyğun şəraitin yaradılmasının zəruri hesab edir: “Koronavirusla bağlı mart ayının 10-a qədər məktəblərin bağlanması gözəl təşəbbüs idi. Bu da işləyən analar üçün problem yaradıb. Analar çıxılmaz vəziyyətdə qalıb. Adətən bu işdə birinci nənələr köməkçi rolunu oynayırlar. Valideynin köməyinə məhz nənələr çatır. Ancaq bəzi valideynlərin anaları rayonda yaşadığı üçün işdən icazə almaq məcburiyyətində qalırlar. Bizim mərkəzdə bu aralar toplu şəkildə tədbir keçirmirik. Bu ərəfədə uşaqları bir araya yığa bilmərik, çünki qanuna ziddir. Biz özümüz valideynlərə yardım məqsədi ilə hər hansı tədbir keçirərdik, onlar uşaqlarını bizə əmanət edərdilər. Ancaq elə bir həssas dönəmdir ki, bu müddət ərzində valideynlər də uşaqlarını kimsəyə əmanət etmirlər. Hər iki valideyn işləyirsə, növbə ilə işdən icazə alıb uşağa nəzarət edə bilərlər. Valideynlər indi çalışırlar ki, uşaqlarını çölə çıxarmasınlar. Bu elə gözəl vaxtdır ki, valideynlərlə uşaqlar daha sıx vaxt keçirə bilərlər”.

 

Pediatr Günay Rəsulova “Facebook” səhifəsində qeyd edib ki, evdə uşaqların başını qatmağın ən gözəl üsulu onlara kitab oxumaqdır: “Karonavirus yox, bağçadan, məktəbdən evdə qalan uşaqlar bir-birini qırıb bitirəcək. Bizimkilər artıq bıçaq götürür. İşdə olanda dayənin zənglərini görməzdən gəlməyə başlamışam. Gələn həftədən 7/24 işdəyəm. Saatlarla televizor, telefon, planşet qarşısında zamanını keçirən uşaqlar daha gərgin, daha aqressiv, daha da dağıdıcı qüvvəyə dönür. Başı qarışsa da, enerjisini xərcləməyən uşaqlarda bu enerji sinir sisteminə, yuxuya, sağlıq durumuna, psixoloji statusuna təsir etməyə başlayır. Qısası, bu durum tətil günlərinin sonunda sizi psixiatrlıq edə bilər. Qoymayın çox otursunlar. Gündə maksimum 1-2 saat seçilmiş filmlər olar. Uşaqların başını maraqlı əyləncələrlə qatmaq, hərəsinə ayrı-ayrılıqda, mümkün qədər fərqli məşğuliyyət növləri vermək köməyinizə gələ bilər. Oyuncaq almanıza gərək yoxdur. Uşaqların ev daxilində çox sadə üsullarla oyun qurub başını qata bilirik”.

 

APA İnformasiya Agentliyinin əməkdaşı Günay Elşadqızı təhsil müəssisələrinin bağlanmasına sevindiyini bildirdi: “Çünki ən əsası, uşaqları qorumaq lazımdır. Onsuz da bağlanmasaydı belə, bir çox valideyn qorxduğu üçün uşaqlarını bağçaya və məktəbə göndərmirdi. Mən işlədiyim üçün qızım nənə-babasının yanındadır. Nənəsi və babası qızımla öyrədici oyunlar oynayır, müxtəlif kitablara baxırlar. Uşağın zamanını səmərəli keçirmək üçün əllərindən gələni edirlər. Təbii, bu qərardan əziyyət çəkənlər də oldu, uşağını harasa qoymağa imkanı olmayan valideynlər az deyil, amma düşünürəm ki, onlar üçün də ən vacibi uşaqlarının sağlamlığıdır. Novruz bayramı ərəfəsində qızımı müxtəlif şənliklərə aparmaq istəyirdim, amma indi qızımın təhlükəsizliyi üçün bu fikrimdən daşınmışam. Ümid edirəm ki, tezliklə koronavirus təhlükəsi tamamilə yox olar, bundan sonra yenə də uşaqlarımızı rahatlıqla kütləvi yerlərə, gəzməyə, şənliklərə apara bilərik, amma indiki vəziyyətdə bunu düzgün hesab etmirəm”.

 

Xəyalə Rəis




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir