Son iki-üç gündə 2 qandonduran xəbər yayıldı. Bakıda oğul atasını döyərək öldürdü və başqa bir oğul küçədə öz anasını bıçaqla öldürməyə cəhd etdi. Polislər yardıma gəlməsəydi yəqin onun da ölüm xəbərini oxuyacaqdıq. Birinci oğulu qatil edən səbəb içkidir. Sərxoş imiş çünki. İkinci oğul anasını niyə öldürmək istədiyini deməyib. Əgər narkoman və ya psixi xəstə deyilsə, böyük ehtimalla ya qadın evlənmək istəyib, ya da kimlərsə adına qara, böhtan deyib, oğul da namusunu qanla yumaq istəyib.
Təəssüf ki, bu kimi xəbərləri az eşitmirik. Demək olar ki, hər həftə buna bənzər xəbərlər oxuyuruq. Bir zamanlar ana-atanın sözünü eşitməmək, üzünə ağ olmaq Allaha küfr etmək qədər böyük günah sayılırdısa, indi övladların valideynini öldürməsi xəbərləri adiləşib.
İnformasiya axınının içində özünü bəzən paltaryuyan maşının içində çalxalanırmış kimi hiss edirsən. 30 il öncə letargiya yuxusuna getmiş adam oyansaydı yəqin özünü başqa palanetdə hiss edərdi. Nələr dəyişməyib nələr. Kişi kimi tanıdıqlarımız bəziləri qadın, qadın kimi tanıdıqlarımız kişi oldular, ortada kişi və ya qadın olduğunu anlamadıqlarımız meydan sulamağa başladılar, bir zaman öyündüyümüz dəyərlrimizin çoxusunu köhnəlik deyib atdıq kənara, gəlin elə Xınayaxdı” gecəsindən “haxıştalardan” “çatla, boğul qayana” tərbiyəsini aldı. Evdar xanımlar canlı yayım açıb bədən sərgilədilər, kişilər qeybət proqramlarının aparıcılarına çevrildilər… Dəyişdik, yaman dəyişdik.
Mənəvi dəyərlərimiz o qədər dəyişdi, çürüdü ki, biz daha əvvəlki biz ola bilmədik. Nəsilllərin mübarizəsi sözünü eşitmişdik, gənc nəsil yaşlı nəslə, yaşlı nəsil də gəncliyə bir qədər fərqli baxış sərgiləyərdi, lakin indi bu mübarizə müharibəyə çevrilib.
Övlad valideyni öldürürsə, qatil əslində ondan da çox cəmiyyətin yazılmamış hökmləri, həyatımıza sırıdığı qanunlardır. O qanunlar dul bir qadınla evlənmək, xoşbəxt olmaq haqqı vermir, oğluna “namusunu təmizləmək” tələbi qoyur… O qanunlar psixoloji problemləri olan ailə üzvünü müvafiq reabilitasiya mərkəzinə yerləşdirməyi ayıb hesab edir… O qanunlar valideynin nankor övlad əlində ölməsinə razı olur, amma onun hüzur içində qocalıq yaşaması üçün qocalar evinə, sığınacağa yerləşdirilməsinə günah kimi baxır. O qanunlardır ərindən hər gün şiddət, zülüm görən qadının boşanmasının qabağını alan, ayrılsa adına hər cür söz deyəcək zehniyyətdir o qanunları yazan çünki.
Gərəksiz mərhəmət çox zaman bəslədiyin qarğanın gəlib sənin gözünü ovması ilə nəticələnir. Dəyişməliydik, amma belə dəyişməli deyildik. Biz çox şeyi yanlış anladığımıza görə xoşbəxt ola bilmirik.
İlhamə Həkimoğlu