gunel

“Babama “priçoska” düzəldərdim” – Yazıçı Anarın qızı sirlərindən danışdı (FOTOLAR)

Baxış sayı: 2. 055

Doğrudanda məşhur bir ailənin övladının uşaqlığı, keçmişi hər kəs üçün maraqlıdır. Amma nədənsə Günel xanım uşaqlıq xatirələrini paylaşmaqda xəsislik etdi. Düzdür, məni uşaqlıq aləminə dəvət etdi, uşaqlığının ətrafında xeyli gəzib-dolaşdıq. Amma o aləmin içində çox sürətlə dolaşıb çıxdı. Hətta mənim israrla ondan xatirələr söyləməsini istəməyim də öz nəticəsini vermədi. Aldığım cavab belə oldu: “Uşaqlığım haqqında bundan artıq nə danışa bilərəm ki…Danışdım da…” Belə olan təqdirdə danışdıqları ilə kifayətlənməli oldum. Odur ki, əziz oxucularım, belə məşhur bir adamın qızının xatirələrinin az olmasını mənim adıma yazmayın. Mən çox israr etdim, amma o, olanlarla kifayətləndi. Amma uşaqlıq fotolarını həvəslə bizə verdi. Bu fotolar danışan xatirələr idi…

Məşhur cütlüyün məşhur nəvəsi

“Çox şıltaq, enerjili, hərəkətli uşaq olmuşam, dırmaşmadığım dərə-təpə qalmırdı. Oğlan kimi idim və buna görə də çox danlanırdım. Hətta bununla bağlı bir hadisə də yadıma gəlir. Yeni evə köçmüşdük, mən ilk dəfə həyətə düşmüşdüm, yeni evimizin həyətindəki uşaqlarla tanış olacaqdım. Həmin vaxt saçım qısa, oğlansayağı kəsilmişdi. Əynimdə cins şalvar və dama-dama köynək vardı. Bir sözlə, oğlandan fərqlənmirdim. Həyətdə oynayan uşaqlar mənə yaxınlaşıb tanış olmaq istədilər və ilk sualları: “Sən qızsan, ya oğlan?” oldu. İndi də anlamıram ki, nə səbəbdən oldu, amma nədənsə “oğlan” cavabını verdim.foto-2222

““Oğlana bax, e oğlana”- deyə məni lağa qoyurdular”

Uşaqlar mat-məəttəl mənə və bir-birlərinə baxıb təəccübləndilər. Deyəsən axıra kimi dediyimə inanmadılar, amma etiraz da eləmədilər. Təbii ki, fərqli reaksiyalar daha sonra özünü göstərdi. Səhəri gün artıq qız paltarında həyətə düşəndə uşaqlar arxamca qaçıb: “Oğlana bax, e oğlana”- deyə məni lağa qoyurdular. Çox çətin günlər yaşadım mən o zamanlar, amma ömrümün sonuna kimi bir dərsi yaxşı mənimsədim: “Heç bir situasiyada yalan danışmaq doğru deyil. Çünki bu yalanın üstü bəlkə həmin gün yox, amma nə vaxtsa mütləq açılacaq”.

“Azərbaycanda ilk Güneləm”

“Görünür enerjili olmaq mənim canımda-qanımdadır və bu gün də mən bir neçə işi eyni vaxtda görə bilirəm. Həm də bu məndə normal alınır. Adıma gəlincə, mən yüz faiz əminiklə deyə bilərəm ki, Azərbaycanda ilk Güneləm. Mənim ad günüm martın altısında, bibimin ad günü isə ayın 7-də idi. Atam bibimin ad günündə müsabiqə elan edib ki, bəs qızım olub, gəlin ona ad seçək. Kim ən yaxşı adı təklif etsə, qızıma da onu qoyacağam. Böyük bir siyahı alındı, çünki hərə bir ad təklif edib. Qohumlarımızdan olan Azər adlı bir nəfər isə Günel adını təklif edib. Həmin adların hamısının qeyd olunduğu siyahını atam anamın məni dünyaya gətirdiyi xəstəxanaya gətirib. Anam o adların heç birini bəyənməyib, amma atam Günel adını təklif edəndə dərhal razılaşıb. Məndən sonra sözsüz ki, xeyli qızlara Günel adları qoyulub, amma mən ilk Güneləm”.

“Atamın yanında gəzdikcə utanıb-sıxılırdım”1392803912922868653047da6807a01392803238_gun2

“Bilmirəm bunu xobbi adlandırmaq olar, ya yox, amma uşaqlıqda yaxşı şəkillər çəkirdim. Hətta sinif yoldaşlarım hər zaman başıma yığışıb onlar üçün də şəkillər çəkməyimi istəyərdilər. Cürbəcür şahzadələrin, film qəhrəmanlarının şəkillərini çəkirdim. Ümumiyyətlə, əl qabiliyyətim var, rəsm çəkirəm, tikiş tikirəm… Düzdür, gələcəkdə bunu inkişaf etirmədim, amma ilk kitabım öz illüstrasiyalarımla işıq üzü gördü. Lap kiçik yaşlarımda tanınmış bir ailənin övladı olduğumun fərqində deyildim. Amma sonradan böyüdükcə, təxminən 10-12 yaşlarımda atamın yanında gəzdikcə utanıb-sıxılırdım. Çünki hər tərəfdən atama baxırdılar, bəzən yaxınlaşıb hal-əhval tuturdular, maraqlanırdılar. Sözün doğrusu elə uşaqlar var ki, əksinə, bununla fəxr edir, hər yerdə öyünürlər. Amma mən utanırdım ki, diqqəti cəlb edirik. Təbii ki, diqqəti atam cəlb edirdi, amma istər-istəməz mənə də fikir verirdilər. Aşırı diqqətdən sıxılırdım. Böyüyəndən sonra isə, bunlara artıq əvvəlki tək fikir vermirəm”.

Yüz günün içində 2 itki

“Uşaqlıq yaddaşıma acı xatirələr də yazılıb. Babam və nənəmin vəfatını xatırlayanda təsirlənirəm. 1981-ci il aprelin 1-də babam Rəsul Rza vəfat etdi. Bu ağır xəbəri nəvələr arasında ilk eşidən mən oldum. Bu da belə oldu: Mən evdə idim, telefon zəng çaldı və mən cavab verməli oldum. Bibim Fidanın həyat yoldaşı, indi rəhmətlik Rauf dedi ki, ananı telefona çağır. Rauf xasiyyətcə çox zarafatcıl insan idi, həmişə telefonda da baməzə danışardı, mənə atmaca atardı. Amma bu dəfə çox ciddi danışdı. Mən onun səsindən anladım ki, ciddi bir hadisə baş verib. Anam telefona gəldi və onun səs tonundan anladım ki, rəhmətə gedən var. Amma mənə elə gəldi
ki, rəhmətə gedən nənəmdir, çünki nənəm sağalmaz xəstə idi, onun xəstəliyi o həddə çatmışdı ki, Moskvaya aparılması planlaşdırılmışdı. Sən demə, vəfat edən babammış. Atam Mərdəkanda müalicə olunan babamın yanına gedibmiş ki, nənəmin Moskvaya aparılması xəbərini ona desin. Elə deyən kimi də babam həyəcanlanıb, təzyiqi qalxıb. Halı pisləşib və 15 dəqiqənin içində də dünyasını dəyişib. İlk dəfə olaraq mən ailəmdən ən yaxın bir insanın ölümü və yas mərasimi ilə qarşılaşdım. Halbuki mənim onda cəmi 9 yaşım vardı, amma cənazə, yas, göz yaşları-bütün bunları indiki kimi xatırlayıram. Üstündən 100 gün keçəndən sonra nənəmi itirdik, bütün yayı beləcə yas içərisində keçirdik.1392803870235574153047cd7be2f51392803031_gun1

“Babama “priçoska” düzəldərdim”

“Nənəm Nigar xanımla bağlı çoxlu xatirələrim var. Nənəm adətən sakitliyi sevərdi, onların evində həmişə bir sükut hökm sürərdi. Hətta onlarda saatın gedişi də belə asta idi. Mən onlara gedəndə xoşlayırdım atlanıb-düşməyi, uşaq idim də. Özü də enerjili, nadinc bir uşaq. Onların da bundan xoşu gəlmirdi. Həm də yaşlı adamlar idi deyə bundan narahat olurdular. Buna görə də anamla atam həmişə mənə dönə-dönə tapşırırdı ki, bax nənəngilə gedəndə sakit ol, səs salma, qələm götür şəkil çək, kitab oxu və s. Yaşca məndən böyük olan qardaşım, eləcə də bibim qızı Aysel məndən fərqli olaraq çox sakit idilər, oturub ya kitab oxuyardılar, ya da başqa bir işlə məşğul olardılar”.

Babayla-nənənin üstündə düşən dava…

“Mən oyunları çox sevirdim və qardaşımla bibim qızını yoldan çıxarırdım ki, mənə qoşulsunlar. Deyirdim ki, gəlin nənəmin saçını darayaq, ya babama “priçoska” düzəldək. Nənəmin saçı gur idi, babamınkı isə təbii ki, daha az. Aysel deyirdi ki, mən yaşca böyük olduğumdan nənəmin saçını özüm darayacağam, babamın saçını isə sən dara. Mən etiraz edirdim ki, bu ədalətsizlikdir, niyə axı, nənəmin saçını sən daramalısan? Yadımdadır ki, nənəm “Heyvanlar aləmində” verilişinə baxmağı çox sevərdi. Həmişə ilanları göstərəndə gözünü yumardı, deyərdi ki, gül-çiçək olanda mənə deyərsiniz baxaram. Biz yalandan deyərdik ki, nənə, gözünü aç. O da baxıb görərdi ki, hələ də ilanları gösətərirlər. Əsəbiləşərdi ki, ay yaramazlar, bəs deyirsiniz gülləri göstərirlər?”

“Deyirdim kaş mən də…”

Mən 11 il Bülbül adına məktəbin piano sinfində təhsil almışam. Həmişə pianoçulara həsədlə baxırdım ki, kaş mən də belə çala biləydim. Amma sonradan Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsində oxudum. Heç o işi də davam etdirmədim. Jurnalistika və yazıçılıqla məşğul olmağa başladım. Mən özümü məhz yaradıcılıqda tapdım və bundan peşman deyiləm”.
Qafqaznews.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir