badimcanli plov

Badımcanlı plov necə bişirilir?

Baxış sayı: 996

İstəkli yemək və yeməkbişirmə həvəskarları, ümumtürk mətbəxinin vazkeçilməz xörəklərindən biri plovdur. Sulu yeməklər və ya qızartmaların yanında tez-tez rast gələ bilərsiniz ona.

Düyü, yarma (bulqur) və ya makaron-vermişel növləriylə bişirilən, ədviyyat, ət, paxla və ya tərəvəzli yavanlığı olan plov Osmanlı mətbəxinin şah yeməklərindən biri olub. Belə ki, Osmanlı sarayında yalnız plov bişirən və “plovçu” adlanan aşbaz olurdu. Bu aşbazlar plovu növlərinə ayırmaq üçün fərqli düyü və yarmadan istifadə edirdilər. XVI əsrdə Osmanlı sarayında ət, kələm, meyvə, sarımsaq, kişmiş və bibər qarışıq plov bişirilib, saya plovların isə üzərinə ləbləbi və qovrulmuş quru meyvələr tökülüb. Bu gün sizə Türkiyə mətbəxidən badımcanlı plov (patlıcanlı pilav) təqdim edirik.

Badımcanlı plovu bişirmək üçün Türkiyədə “baldo pirinç” adlanan düyüdən istifadə olunur. Miladdan əvvəl 400-cü illərdə Asiyada istehsal edilən bu düyü Böyük İsgəndərin əsgərləri tərəfindən Qərbi Asiya və Yunanistana aparılıb, buradan isə bütün dünyaya yayılıb. Bu, elə azərbaycanlıların əsasən istifadə etdiyi düyü növüdür.

 

Beləliklə, badımcanlı plovu bişirmək üçün bizə nələr lazımdır?

1 stəkan yarım (baldo) düyü,
2-3 ədəd badımcan,
2 ədəd soğan,
1 ədəd pomidor,
1 stəkan zeytun yağı,
2 stəkan su,
2 çay qaşığı duz,
1 çay qaşığı qara bibər,
2 çay qaşığı şəkər tozu,
1 çay qaşığı zərdəçal (yenibahar – Pimenta racemosa)
1 çay qaşığı nanə,
1 çay qaşığı darçın.
Sıra gəldi badımcanlı plovu bişirməyə. Düyünü bir qaba tökün, üzərini örtəcək qədər isti su və duz əlavə edib 30 dəqiqə saxlayın. Sonra soyuq suda bir neçə dəfə yuyun və süzün.

Bu arada badımcanları sapından aşağıya doğru xəttli olaraq soyun və kiçik küplər halında doğrayın. Qızardarkən yağ çəkməsin deyə yarım saat duzlu suda saxlayın. Sudan çıxardıqdan sonra yaxşıca yuyub qurulayın, stəkanın 3-də 2-si qədər zeytun yağında qızardın. Qalan 1/3-də bir zeytun yağını isə bir qazana tökün, istiləşsin, sonra doğranmış soğanı əlavə edib yumşalana qədər qovurun. Doğranmış pomidoru pörtmüş soğanın üzərinə töküb qovurmağa davam edin. 2 stəkan su, duz, şəkər tozu, qara bibər, zərdəçal, nanə və darçını əlavə edin. Su qaynayınca düyünü əlavə edin, bir dəfə qarışdırın. Üzərinə badımcanları düzün, qazanın qapağını bağlayıb əvvəl çox, su qaynadıqdan sonra isə kiçik od üzərində düyü suyu çəkənə qədər bişirin. Qazanı kənara qoyandan sonra qapağı bağlı şəkildə 15-20 dəqiqə dinləndirin. Daha sonra taxta qaşıqla plovu xırmanlayıb ilıq şəkildə masaya gətirin və yeyin. Nuş olsun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir