USAQ BAGCASI

Bağçalar açılmasa, işləyən valideynlərin vəziyyəti necə olacaq?

Baxış sayı: 932

Aprelin 27-dən karantin rejimi ilə bağlı bəzi məhdudiyyətlər yumşaldılmağa başlayıb. Bir neçə sahə üzrə iş və xidmət fəaliyyətləri bərpa olunub.

Xüsusi karantin rejiminə bəzi yüngülləşdirici əlavələr edilsə də, ümumi qərar mayın 4-dək qüvvədədir.

Ölkədə hərəkət məhdudiyyətinin sözügedən tarixdən etibarən bərpa ediləcəyi gözlənilir.

Çox güman ki, pandemiya ilə əlaqədar bağlanan bir çox iş yerləri  açılacaq. Dövlət və ya özəl qurumlarda işçilərin gündəlik iş rejimi bərpa olunacaq.

Həkimlər isə məktəb və bağçalara  qoyulan qadağanın mayın 4-dən götürülməsinin əleyhinədir. Təhsil naziri Ceyhun Bayramov da  ötən konfransında  həmin tarixdən sonra məktəb və bağçaların açılmasının təxirə salınacağını qeyd edib. Bu zaman da fərdi əmək fəaliyyətilə məşğul olan valideynlər çətinliklə üzləşəcəklər.

Buna səbəb övladları bağça və ibtidai sinifdə oxuyan valideynlərin işdə olduğu müddətdə onları hara qoyması məsələsidir. Mövcud vəziyyətdə valideynlərin üzləşəcəyi problemdən çıxış yollarını müəyyən etmək məqsədilə bir neçə ictimaiyyət nümayəndəsi ilə əlaqə saxlayıb, təkliflərini soruşduq.

 

Maraqlıdır, azyaşlı övladı olan xanımların taleyi necə olacaq?

Qadın və Uşaq Akademiyası İctimai Birliyinin təsisçisi Sevinc Fədainin fikrincə, koronavirusla bağlı dövlətin digər tədbirlər planı olduğu kimi, bağça və məktəblərin fəaliyyət göstərməyəcəyi – uşaqların evdə olacağı, yumşaldılan karantin dövründə də işləyən valideynlərlə bağlı bir plan vardır:

“Bu şəxsi məsələ və ya problem deyil ki, onun individual şəkildə həlli yolu olsun. Bu, qlobal problemdi və verilən hər bir qərarın tətbiqini mümkün edən sosial şərtlər olmalıdır. Əslində, mən arzu edərdim ki, burda sualı təkcə işləyən anaların yox, valideynlərin üzərində quraq. Ata da valideyndir, elə karantin dövrü uşaqların ataları ilə vaxt keçirməsi və arada daha yaxşı bağ, ünsiyyət yaranması üçün çox yaxşı bir fürsət oldu. Eyni zamanda, evdar, eləcə də işləyən qadınların məişət yükünü anlamaq üçün bir zaman kəsiyi… Bu baxımdan dövlətin karantin dövründə evdə qalan uşaqların qayğısına qalmaqla bağlı planında hər iki valideyn nəzərə alınmalıdır. Belə ki, valideynlərdən birinə hazırkı rejimdə olduğu kimi, yenidən ödənişli məzuniyyət verilməlidir. Yəni onlardan hansı fiziki olaraq işinin başında olması daha vacibdirsə, o çalışsın. Təbii ki, bu araşdırılıb qərar verilə bilər. Bu, həm uşaqların qayğısına qalmaq, həm də onların onlayn təhsil almasına nəzarət üçün vacib şərtdir”.

Sevinc xanım hesab edir ki, mümkün olduğu təqdirdə isə, şərtlər nəzərə alınaraq valideynlərin onlayn rejimdə işləməsi davam etdirilə bilər:

“Digər tərəfdən isə, onlara əməkhaqqısı dövlət və ya iş yeri tərəfindən qarşılanmaqla, dayə xidməti təklif edilə bilər. Bu, bir növ repetitorların fəaliyyəti kimi tənzimlənə bilər. Dediyim kimi, bu, kütləvi bəladır və bu vəziyyətdən çıxmaq üçün mümkün olan bütün variantlardan istifadə olunmalıdır. İşləyən qadınlara belə bir dövrdə hər hansı bir güzəşt edilməyəcəyinə və “mütləq işdə olmalısan” kimi tələblər qoyulacağına inanmıram”.

 

Millət vəkili Fazil Mustafa isə hesab edir ki, bu mövzuda hərtərəfli düşünməli və riskə gedilməməlidir:

“Açığı, bunu tənzimləmək olduqca çətindir. Valideynlər üçün uşaqlarla bağlı hər hansı problem varsa, iş yerlərindən ödənişli əsaslarla icazə alınmalıdır. Əks halda valideynlər böyük bir riskin içinə girmiş ola bilərlər.

Biz bunu təkcə öz təcrübəmizdən etmirik. Başqa ölkələrdəki təcrübədən də istifadə olunur. Avropa kimi səhiyyə və təhsil sistemi güclü olan ölkələrdə belə təhsil müəssisələri, uşaq bağçaları açılmayıb. Qonşu ölkələrdə də oxşar vəziyyətdir. Bir məsələ də var ki, bizdə əhali nisbətən arxayınlaşmağa başlayır. Bu özü də ciddi bir təhlükənin olmasına səbəb olacaq. Buna görə biz bu mövzunu hərtərəfli düşünməliyik və riskə getməməliyik.

Valideynlərin bu vəziyyəti anlaşılandır. Amma onların evdə qalmasını təmin edə biləcək mexanizm fikirləşməliyik. Əgər uşağa görə valideynlər işə getmirlərsə, maaşları və ya təminatlarını almalıdırlar ki, ağır vəziyyətə düşməsinlər.

Fikrimcə, hökumət bu mexanizmi nəzərdə tutub həyata keçirməlidir”.

 

Şəymən Bayramova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir