“Altı ildir evli kişi ilə dini nikahla yaşayıram, onun ikinci həyat yoldaşıyam. Yoldaşım sürücüdür. Az-çox qazandığını iki ailəsi arasında bölür. Narazılığım yoxdu. Amma mənə çox az zaman ayırır. Bu il bir övladım da dünyaya gəlib. Bədbəxt deyiləm, amma sevdiyini paylaşmaq çətindir. İstərdim o, tək mənim olsun. Amma ailəsini də dağıtmaram”, – deyir 27 yaşlı İlahə Nəbiyeva. Başına gələnləri Aile.lent.az-a danışan İlahə ilk dəfə 17 yaşında ailə qurub. Daha doğrusu, sevdiyi oğlana qoşulub qaçıb. Bir ildən sonra isə əri İlahəni tərk edib. Valideynlərinin üzünə baxa bilmədiyi üçün doğulduğu rayona yox, Bakıya gəlib və kafelərin birində ofisiant kimi çalışmağa başlayıb. Elə Rəşadla da kafedə tanış olub. Rəşad evli və iki övladı olduğunu ondan gizlətməyib. Kirayə ev tutaraq, kəbin kəsdirərək onunla yaşamağa başlayıb.
İlahə deyir ki, Rəşada heç vaxt xəyanət etməyib: “Bəzi gecələr olur ki, özümü tənha hiss edirəm. Mən də istərdim normal ailəm olsun. Amma neyniyim, Allah mənə belə qismət yazıb”.
Müasir dövrdə texnoloji yeniliklər və sosial şəbəkələrin həyatımızın bir parçasına çevrilməsi insanların bir-birilə ünsiyyət və münasibət qurmasını daha da asanlaşdırıb. Bunun nəticəsi kimi evli ola-ola sevgilisi olan insanların sayında kəskin şəkildə artımlar müşahidə olunmağa başlayıb. Bəs evli kişi ilə yasaq münasibət yaşamağın çətinlikləri və sıxıntıları nələrdir? Ailəli kişilərlə birlikdə olan qadınlar hansı hissləri keçirirlər?
Bu tip qadınların davranışının altında bir neçə səbəb yatır ki, bunlar da özlüyündə qadını evli kişi ilə münasibət qurmağa sövq edir. Bu səbəblərə sevgi, pul, məcburiyyət, seks istəyi və gücü aid etmək olar.
Mütəxəssislərin fikrincə, evli kişi ilə birlikdə olan qadınların həyatında kədər, üzüntü, yalanlar, qısqanclıqlar, dava-dalaşlar əskik olmur. Bunun səbəbi isə kişinin sevgilisi ilə münasibətini həyat yoldaşından boşanmadan davam etdirməyə çalışmasıdır.
Psixoloq Rövşən Hümbətovun sözlərinə görə, evli kişi ilə münasibət quran qadın ilk növbədə özünə bu sualları verməlidir – “Bu adam yoldaşına yalan danışıb mənimlə birlikdə olursa, demək, nə vaxtsa mənə də yalan söyləmə ehtimalı var. Yox, əgər yoldaşını sevmirsə və ona görə mənimlə birlikdədirsə, o zaman nəyə görə ondan ayrılıb, rahat şəkildə mənimlə münasibət qurmur?”. Psixoloq deyir ki, Azərbaycan cəmiyyətində əsasən evli kişi ilə birlikdə olan qadınları günahlandırıb, qınaq obyektinə çevirirlər: “Amma həqiqət kişinin evli olmasıdır, yəni ailəli olan və yoldaşına sadiq qalacağına söz verən tərəf kişidir. Evli kişi ilə birlikdə olan qadının isə digər qadına qarşı heç bir məsuliyyəti yoxdur. Bunu yalnız kişilərə aid olan bir vəziyyət kimi dəyərləndirmək də düzgün olmaz. Evli qadınla birlikdə olan kişilərdə də vəziyyət eyni cürdür. Yəni evli biri ilə münasibətə girənin kişi və ya qadın olması vəziyyəti dəyişmir”.
Bəs evli kişilərlə qadınların münasibəti necə başlayır?
Psixoanaliz nəzəriyyəsinə görə, atası tərəfindən tərk edilmiş, özgüvən əskikliyi ilə böyümüş qadınlar özlərini təsdiq etmək, digər qadınlardan daha üstün olduqlarını özlərinə sübut etmək üçün bu yola əl ata bilirlər. Yəni başqa qadına aid olan kişini əldə edərək, özgüvənlərini bərpa etmiş olurlar: “Psixoanalitik yanaşmaya görə, bunun əsas səbəbi evli kişi ilə birlikdə olmaqla, uşaqlığında atası tərəfindən aldadılmış olan anasının şüuraltı intiqamını almaq hissinin önə çıxmasıdır. Ancaq bu faza insan beyninin dərinliklərində (təhtəlşüurda) olduğundan bu vəziyyəti asanlıqla anlayıb, dərk etmək mümkün deyil. Ancaq yalnız ata obrazının əskikliyi ilə bu cür yasaq münasibətləri tam izah etmək də mümkün deyildir. Bildiyimiz kimi, əlçatmaz görünən və bizdə olmayan şeyləri gözümüzdə ideallaşdırıb, onları əldə etməyə can atırıq. Evli kişilər bu səbəbdən cazibədar və əlçatmaz sandığı qadınlarla münasibət qurmağa və sevgili olmağa çalışırlar”.
Psixoloq bildirir ki, qadının həyatda yalnız olması və iqtisadi çətinlikləri, özünü dəyərli hiss etmək istəməsi, eyni anda bir neçəsi ilə münasibət yaşaya biləcəyini düşünməsi, ata fiqurunun uşaqlıqdan bəri çatışmazlığı və s. bu kimi səbəblər qadınların evli kişilərə yönəlməsində vacib rol oynayır: “Xəyanət edən kişinin vəziyyəti isə burada qadından daha ağır olur çox zaman. Adam evli olduğu üçün gecələri telefonla rahat danışa bilmir, ətrafdan görən ola bilər qorxusu ilə nə yoldaşı, nə də sevgilisi ilə ictimai yerlərdə gəzməyə və ya istirahətə gedə bilmir, bir sözlə, yaşamına istəməyərək də olsa, sərhədlər qoyur. Daim gizlənməyə çalışır və buna görə hər iki tərəfə yalanlar söyləməyə məcbur olur. Münasibətdə olduğu qadın kişinin evli olduğunu bilirsə, bir müddət sonra ondan boşanmasını və açıq şəkildə birlikdə olmalarını tələb edir. Amma kişi ailəsini dağıtmaq istəmədiyindən hər dəfə yalanlarla sevgilisini aldadır və müxtəlif bəhanələr gətirir. “Ayrılsam, karyeram bitər”, “ev problemi yaşayaram”, “onsuz da yoldaşımı sevmirəm, ayrı otaqlarda yatırıq”, “uşaqlara görə bu vəziyyətə dözürəm” kimi bəhanələrlə vəziyyətdən çıxmağa çalışır. Hər dəfə yeni bəhanələr və yalanlarla zaman qazanmağa çalışır”.
Statistika da göstərir ki, əgər evli kişi başqası ilə münasibətə başladığı müddətdən 12 ay ərzində yoldaşından ayrılmırsa, 90% göstərici ilə sonrakı illərdə də boşanmır. Çünki asılı insan nə yoldaşından, nə də sevgilisindən ayrılmaq istəyir. Onun əsas məqsədi hər iki tərəfi balanslı şəkildə idarə etməkdir. (lent.az)