“Günay Bank”ın lisenziyasının ləğvi banklarda əmanətləri olan bəzi vətəndaşları təşvişə saldı. Bağlanan bankların müştərisi olanların narazılığı əmanətlərin qorunması məsələsini yenidən gündəmə gətirdi. Xüsusilə, hüquqi şəxslərin cari hesablarında olan pullarını ala bilməməsi, məbləğlərin bloklanması, pullarının “batma”sını iddia etmələri ciddi narahatlıq yaradır. Bəs bu məsələ necə tənzimlənməlidir? Bank müflis olduqda vətəndaşın pulu “batır”mı? Fiziki və hüquqi şəxslərin cari hesabları necə mühafizə edilir?
Bank hesabındakı pul hansı hallarda kompensasiya edilir?
Vəkillər Kollegiyasının üzvü, vəkil Murad Mirzəzadə deyir ki, sığorta hadisəsi baş verdikdə, fiziki şəxslərin cari və ya əmanət hesabında olan pul vəsaitinin 100 000 manatdan çox olmayan hissəsi Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya edilərək ödənilir: “Burada ikinci əsas şərt həmin əmanət və ya cari hesabda olan pul vəsaitinin illik faiz dərəcəsinin, Himayəçilik Şurasının müəyyən etdiyi faiz dərəcəsindən çox olmamasıdır. Əgər faiz dərəcəsi həddini keçmirsə, fiziki şəxs bir bankda olan bütün əmanətlərinin maksimum 100 000 manat hissəsinə görə kompensasiya ala bilər. Adi fiziki şəxslərin cari, əmanət və ya digər hesabında olan pul vəsaitinə yanaşma da eynidir. Həmin hesabda olan pul vəsaitləri əmanət hesab edilir və sığorta hadisəsi baş verdikdə, fiziki şəxsin həmin bankda olan bütün əmanətləri cəmlənərək, vahid əmanət şəklində kompensasiya edilir. Sahibkar fiziki şəxslərdə vəziyyət isə fərqlidir. Onların sahibkarlıq məqsədi üçün açdığı hesablarda olan pul vəsaitinin 20 000 manata qədəri sığortalanır. Yəni sığorta hadisəsi baş verdikdə bu əmanətə görə (maksimum 20 000 manat həddində) kompensasiya ödənilir”.
Hüquqi şəxslərin vəsaitləri növbəlilik əsasında ödənilir
Hüquqi şəxslərlə bağlı əmanətlərə gəldikdə isə, vəkil vurğulayır ki, notariat ofislərinin bank hesabında olan fiziki şəxslərə məxsus pul vəsaitləri heç bir şərt qoyulmadan tam həcmdə sığortalanır: “Sığorta hadisəsi baş verdikdə fiziki şəxslərin müqavilələri rəsmiləşdirərkən notariat ofislərinin bank hesabına yerləşdirdikləri pul vəsaiti də kompensasiya edilir. Digər hüquqi şəxslərin tələbləri isə “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 82-ci maddəsində müəyyən olunmuş növbəlilik əsasında ödənilir. Həmin növbəliliyə görə, təminatsız kreditorların tələblərinin ödənişi sonuncu pillədə qərarlaşıb. Yəni sığorta hadisəsi baş verdikdə ilk növbədə sığortalanmış əmanətlər üzrə Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiyalar ödənilir, digər bütün tələblər isə qanunun 82-ci maddəsində müəyyən edilmiş mərhələlərlə ardıcıl olaraq icra edilir”.
Kiminsə pulunun “batması” fikri düzgün deyil
Vəkilin sözlərinə görə, banklar bağlandıqda kiminsə pulunun “batması” fikri düzgün deyil: “Yuxarıda sadaladığımız növbəlilik qaydasında tələblər, kreditorlar qarşısındakı öhdəliklər icra olunur. Sadəcə olaraq, onlar müəyyən zaman çərçivəsində icra edilir. Sığorta hadisəsi baş verdikdə, əgər siz fiziki şəxs olaraq bankdakı vəsaitinizi 3-4 ay ərzində alırsınızsa, hüquqi şəxslərdə bu proses bir qədər gec baş verir. Əslində, tələblərin sonuncu növbəlilik mərhələsində icra edilməsi təkcə hüquqi şəxslərə aid deyil, fiziki şəxslərin əmanətlərinin 100 000 manatdan yuxarı olan hissəsinə, yaxud da qəbul edilən illik faiz dərəcəsinin həddini keçənlər də sonuncu növbələrdə icra edilir. Qanunun tələbinə əsasən, ləğvetmədə olan bankın aktivləri, əmlakları satıldıqca, daxil olan pul vəsaiti hesabına hüquqi şəxslərin, eləcə də digər təminatsız kreditorların tələbləri üzrə vəsaitlər ödənilir”.
İstənilən bank müflis olarsa…
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyir ki, problemin həlli üçün Kreditorlar Komitəsi yaradılmalıdır: “Dünya təcrübəsində istənilən bank müflis olarsa, bankda vəsaitləri olan insanlardan ibarət Kreditorlar Komitəsi yaradılır. Bu komitə müflis bankın ləğvedicisinə nəzarət edir. Ləğvedicinin də əsas funksiyası həmin o müflis bankın əmlakını sataraq, qısa müddətdə az xərc çəkməklə orada pulu qalanların vəsaitlərini qaytarmaqdır. Kreditorlar komitəsi nəzarət edir ki, ləğvedici özbaşınalıq etməsin, əmanətləri ucuz qiymətə satmasın, vəsaitləri imkan daxilində tez qaytarsın və bu prosesə az vəsait xərcləsin. Ləğvedici bunu etmədikdə ona qarşı müəyyən tədbirlər görülür. Azərbaycanda isə bu yoxdur. Bizdə bankların ləğvedicisi Əmanətlərin Sığortalanması Fondudur ki, bankda vəsaitləri qalanlar ona nəzarət edə bilmir. Buna görə də bağlanan banklarla bağlı narazılıqlar çox olur”.
“Sığortalanmasa belə, o vəsaiti geri almalıdır”
Mütəxəssis vurğulayır ki, problem hüquqi şəxslərin əmanətlərinin sığortalanmaması deyil: “Xaricdə də hüquqi şəxslərin bankdakı pulları sığortalanmır. Amma onlar prosesə nəzarət edə bilir, bizdə isə yox. Sığortalanmasa belə, o vəsait geri qaytarılmalıdır. Ola bilər, məbləği tam şəkildə geri qaytarmasın, amma imkan daxilində çox hissəsini almalıdır. Bizdə bu, çətin məsələdir”.
Aygün ƏZİZ