taksi

Bakıda taksi islahatları: keyfiyyətli xidmətə, yoxsa qiymət artımına hazırlıq?

Baxış sayı: 513

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mətbuata müsahibəsi zamanı paytaxtda taksi xidmətində islahatlar aparılacağını deyib. Bildirib ki, taksi xidmətləri sahəsində çatışmazlıqlar mövcuddur: “Taksi sürücüləri, xüsusilə də qlobal aqreqatorlarla çalışan sürücülər, ağır və uzun iş saatları müqabilində qazanclarının az olmasından şikayətlənirlər. Öz növbəsində sərnişinlər də xidmət keyfiyyətinin aşağı olmasından, kobud və qeyri-etik davranışlardan narazılıq edirlər. Taksi xidməti göstərən avtomobillərdə bir çox hallarda gigiyenik normalara riayət olunmur. Bütün bunlar problemlərin yalnız üzdə görünən hissəsidir”.

Nazirin sözlərinə görə, Bakı şəhərində hər min nəfərə düşən taksi sayı oxşar şəhərlərlə müqayisədə 4-5 dəfə çoxdur: “Bu, şəhərdə tıxacların yaranmasına təsir etməklə yanaşı, neqativ ekoloji nəticələrə də gətirib çıxarır. Hesab edirəm, bu sahədə qlobal aqreqator şirkətlər, o cümlədən “Bolt”, “Uber”, “Yango” kimi şirkətlər də problemin böyüməsində mühüm rol oynadı. Bu şirkətlər hələ də qanunvericilikdə olan boşluqlardan istifadə edərək, istər sərnişinlərin, istərsə də sürücülərin narazılığına səbəb olan neqativ halların yaranmasına bilavasitə yol açır. Bu mənada taksi xidməti sahəsində islahatlar aparılması labüddür”.

Qeyd edək ki, xeyli sayda işsiz vətəndaş və aşağı maaşla başqa sahədə çalışan insan taksi xidməti göstərməklə evinə çörəkpulu aparır. Həmçinin, qiymətlərin əlçatanlığı daha çox sərnişinin taksi xidmətlərindən istifadə etməsinə imkan verir. Ekspertlər hesab edirlər ki, nazir Rəşad Nəbiyevin taksi xidmətində islahatlar aparılması ilə bağlı fikirləri bu sahədə qiymətlərin artacağına və taksilərin sayının azalacağına hazırlıq məqsədi daşıyır.

Elmeddin Muradli

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyir ki, Azərbaycanda taksi xidməti göstərən şirkətlər fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirməlidir: “2022-ci ildə Prezident İlham Əliyev Azərbaycasnda taksi fəaliyyətinin təkmilləşdirilməsi barədə sərəncam imzalayıb. Nazirlər Kabineti başçısının da müvafiq sərəncamı var. Bu sahədə islahatlar aparılması ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verilib”.

“Taksi xidmətindən istifadə nə qədər əlçatan olsa da, bu sahədə köklü problemlər mövcuddur. Bu, həm də təhlükəsizliklə bağlı amillərdir. Fərdi məlumatlar əldə olunur və xarici ölkələrə ötürülmə riski var. Bu, kifayət qədər ciddi məqamdır. Qanunvericiliyə görə, Azərbaycanda fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatından keçməlidir. Yalnız bundan sonra fərdi məlumatların toplanılmasına və işlənilməsinə icazə verilir”, – deyə həmsöhbətimiz bildirir.

Ekspert qeyd edir ki, “Fərqlənmə nişanı”nın verilməsi tələblərinə təkrar baxılmalı, bu istiqamətdə də islahatlar aparılmalıdır: “Nəzərə alsaq ki, taksi sürücüləri sərnişinlərin təhlükəsizliyinə cavabdehdir, bu kontekstdə sürüclərin narkoloji yoxlamadan keçməsinə də nəzarət tədbirləri gücləndirilməlidir. Bu yoxlamadan keçməyən sürücülər taksi fəaliyyətindən uzaqlaşdırılmalıdır”.

“O da düzdür ki, tələblər artdıca bu, qiymətlərin artmasına da təsirsiz ötüşməyəcək. Yəqin ki, qeyd olunan islahatlardan sonra taksi xidmətinin qiyməti nisbətən artacaq. Çünki əlavə xərclər yaranacaq. Lakin bunun elə də ciddi şəkildə olacağı qənaətində deyiləm”, – deyə Muradlı söyləyir.

Lakin paytaxtda taksi sürücüsü işləyən Vüsal Əhmədov fərqli düşünür. O, AYNA-ya açıqlamasında nazirin sözügedən açıqlamasını xoşagəlməz başlanğıcm kimi dəyərləndirib: “Belə başa düşürəm, hökumət taksilərin qiymətini artırmağa hazırlaşır. Bizə deyirlər ki, “nədən narahatsınız, onsuz da bu qiymətlər sizin gəlirinizin artmasına səbəb olacaq”. Amma fikirləşin, sərnişinlər niyə taksiyə minir ki? Qiymətlərin ucuz olmasına görə. Biz ucuz qiymətə sərnişin daşısaq da, qayıdan zaman da bizə müştəri verirlər”.

“Bundan sonra taksiyə minən sərnişinlərin sayı sürətlə azalacaq. Nəticədə bizim də gəlirimiz azalacaq. Normal zavodlar, fabriklər olsaydı, bizim taksidə nə işimiz vardı?! Bütün kasıb sürücülər taksi xidməti göstərir ki, evinə çörək apara bilsinlər. Ərzağın qiyməti od tutub yanır. Bir bazarlıq 100-150 manata başa gəlir. Bəs biz ailəmizi necə dolandıraq?! Bunu heçmi düşünən yoxdur. Zərbə yenə bizə – kasıb-kusuba dəyəcək”, – deyə müsahibimiz vurğulayır.

“Bolt” və “Uber” şirkətləri ilə əməkdaşlıq edən sürücü Rabil Mehdiyev də həmkarı ilə həmfikirdir. O da nazirin açıqlamasından xəbərdar və narahatdır.

“Taksi sürücüləri arasında təşviş hökm sürür. Elə adamlar var ki, səhərlər hardasa işləyir, amma maaşı az olduğuna görə axşamlar da taksi sürürlər. Elə biri mən. İndi biz necə dolanaq? Əl açıb dilənək?”, – deyə sürücü narazılığını dilə gətirir.

Mehdiyevin fikrincə, bundan sonra onları xoş olmayan vəziyyət gözləyir: “Niyə bizim halımıza yanan yoxdur? Bu günə qədər hansı dəyişiklik camaatın xeyrinə olub ki?! Evimizə 20-30 manat pul aparırdıq, onu da əlimizdən alırlar. Taksi işi stresli işdir. Bütün günü küçələrdə olursan, cürbəcür adamlarla rastlaşırsan. Heç kim kefindən bu işi görməz. Məcburuq! İndi də deyirlər ki, yeganə sərbəst gəlir yeri taksi idi, onu da sizə çox görürük”.

 

Azər Niftiyev




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir