Bazarlarda, yarmarkalarda, yaxud digər ticarət obyektlərində sanitar-gigiyenik tələblərə cavab verməyən şəraitdə balıq və balıq məhsullarının satışı qadağan edilir.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti vətəndaşların nəzərinə çatdırır ki, keyfiyyətsiz balıq və balıq məhsullarının istifadəsi insan sağlamlığı üçün ciddi fəsadlar yarada bilər. Bu barədə nazirliyin mətbuat xidmətindən anspress-ə məlumat verilib. Buna görə də, balığın keyfiyyətinə, saxlanma şəraiti və müddətinə xüsusi fikir verilməlidir.
Tərkibində zülal, yağ, mineral maddələr, vitaminlər, eləcə də digər bioloji fəal maddələr olan balıq və balıq məhsullarının insanların sağlam qidalanmasında xüsusi əhəmiyyəti var. Fizioloji normaya əsasən, orta yaşlı insan ildə azı 18 kq balıq istehlak etməlidir.
Ticarət şəbəkələrində, əsasən, diri, hisə verilmiş, qaхac edilmiş, duzlu balıq, balıq konservləri və digər dəniz məhsulları satılır. Balıq alarkən istehlakçılar bir sıra məsələlərə diqqətlə yanaşmalıdır. “Keyfiyyətli balıq necə olmalıdır?” sualına isə istehlakçı olaraq hər birimiz aşağıdakı məlumatlar əsasında cavab tapa bilərik.
İlk növbədə, nəzərə alınmalıdır ki, təzə balığın dərisinin səthi təmiz, az miqdarda şəffaf selik ilə örtülü, pulcuqları hamar və parlaq, dərisi ətinə möhkəm yapışmış olur. Keyfiyyətli təzə balığın gözləri şəffaf, parlaq olur. Qəlsəmələrin arasını iylədikdə spesifik təzə balıq iyi hiss olunur. Təzə balığın qəlsəməsi tünd qırmızı, köhnə balıqlarda isə boz rəngə çalır. Əzələsi bərk, elastik olub, sümükdən çətinliklə ayrılır. Basıldıqda əmələ gələn batıq tez hamarlanır. Təzəlik dərəcəsinin itməsi ilə əlaqədar olaraq balıq ətinin ağ rəngi itir, çəhrayı, qırmızı, qonur rənglər yaranır.
Balıq məhsulları alarkən istehlakçıların üzləşdiyi başlıca problem balığın saxlama müddətinin keçməsi ilə əlaqədardır. Balığın təzəliyini onda spesifik çürümə iyinin olmaması ilə müəyyənləşdirmək olar. Təzəlik dərəcəsinin azalması ilə əlaqədar olaraq selik şəffaflığını itirir, ağ, sarı, boz və s. rənglərə çalır. Xarab olma dərəcəsindən asılı olaraq qəlsəmələrin rəngi qırmızı-qəhvəyi, çəhrayı və s. rəngə çevrilə bilər. Qəlsəmələri üzərindəki selik qatı təzə balıqlarda şəffaf və rəngsiz olur. Saxlama müddətinin ötməsi nəticəsində balığın gözünün rəngi bulanıqlaşır.
Balıq məhsullarının növündən asılı olaraq onların saxlanma müddəti, şəraiti və temperaturu da müxtəlifdir. İlin isti vaхtlarında müvafiq şəraitdə təzə balığı mağazada 24 saat, soyuq vaхtlarda 48 saat saхlamaq olar. Duzlu balıq çəlləklərdə duzlanma səviyyəsindən asılı olaraq 4-9 ay, yeşiklərdə 4 aya qədər, xüsusi paketlərdə vakkum şəraitdə 20-35 sutka, vakkumsuz şəraitdə 10-15 sutka, hisə verilmiş və qaxac edilmiş balıqlar 2 aya qədər müddətdə saxlanıla bilər. Qurudulmuş balıq mənfi 8-10 dərəcədə 8-10 ay saxlanıla bilər.
Qida üçün hazır olan və hermetik qablarda daha çox saxlanıla bilən məhsullardan olan balıq konservlərinin saxlama müddəti məhsulun növündən, qablaşdırılmasından, saxlama şəraitindən asılı olaraq 6 aydan 3 ilədək müəyyən edilir. /milli.az/