Əsasən soyuq havaların ən sevilən məhsullarından olan balıq bir çox xəstəliklərin dərmanıdır. Çinli alimlərin fikrincə, balıq və digər omeqa-3-polidoymamış yağ turşuları ilə zəngin qidaların yeyilməsi bütün səbəblərdən baş verə biləcək ölüm faktlarını azaltmağa kömək edir.
Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, yağ turşuları insan metabolizmasında fəal iştirak edərək xolesterini azaldır.
Nə az, nə çox 16 il davam edən araşdırmada 420 min insan iştirak edib. Orta hesabla kişilər gündə 15 qram, qadınlar təxminən 11 qram balıq yeyib. Bu müddət ərzində cəmi 54 min kişi və 31 min qadın dünyasını dəyişib. Bu isə çox gözəl göstəricidir.
Tədqiqatçılar qeyd ediblər ki, bu müddət ərzində kişilər arasında əsasən ürək-damar xəstəliklərindən ölüm halları 10 faiz, qaraciyər xəstəliklərindən ölüm halları 37 faiz azalıb. Qadınlarda isə son zamanlar cavanlaşan Altsheymer xəstəliyindən ölüm halı 38 faiz azalıb. Ürəyin sağlamlığını qorumaq və omeqa-3 vitamin kompleksini qəbul etmək üçün həftədə 2 dəfə balıq yeməyiniz məsləhətdir. Həmçinin balığın sümüklərində yüksək miqdarda kalsium və fosfor mövcuddur. Həmin maddələr sümüyün möhkəmlənməsində və inkişafında mühüm yer tutur. Bu səbəbdən balaca balıqları sümükləri ilə birlikdə yemək tövsiyə edilir.
Samirə Tağıyeva