Azərbaycan Beynəlxalq Bankından (ABB) bizə verilən məlumata görə, təmassız alqı-satqı yalnız yüz manatdan çox olmayan bir məbləğdə edilə bilər: “Vətəndaş belə bir kartı istifadə etməkdən qorxursa, bankdan adi bir kart sifariş edə bilər”.
“Rabitəbank”dan da öz növbəsində, belə kartların ödəmə miqdarı limitinin bir dəfəyə 100 manat olduğunu bildirdilər: “Maksimum limit 300 manatdır və gündə maksimum 5 alış-veriş edilə bilər”.
Qeyd etmək lazımdır ki, bu gün simsiz texnologiya əsasında işləyən plastik kartların təhlükəsizliyində problem var. İqtisad elmləri doktoru, UNEC-in professoru Elşad Məmmədovun sözlərinə görə, bunun səbəbi, texnologiyaların müəyyən mənada hələ də “çiy” olması və bir tərəfdən əhalinin uyğunlaşması ilə, digər tərəfdən qeyri-mükəmməl proqram təminatı ilə bağlı problemlərin yaşanmasındadır: “Həm də bu proqramları həyata keçirən şirkətlərin proqram təminatından asılılıq problemlərini nəzərə almaq lazımdır. Kart istifadəçilərinin informasiya təhlükəsizliyindən asılılığı ilə əlaqəli olan bu problem, çox ciddidir. Kiber təhlükəsizlik və rəqəmsallaşdırma baxımından problem uzun müddət diqqət mərkəzində qalacaq”.
“Proqramlar, əlbəttə ki, təkmilləşdiriləcək. Belə ki, texnoloji həllərə rəhbərlik edən şirkətlər çox sürətlə irəliləyir. Texnoloji həllərdə qabaqda olan ölkələr və şirkətlər, buna müvəffəq olmayanlarla müqayisədə ciddi üstünlüklər əldə edir. Kiber təhlükəsizliklə mübarizə mexanizmlərini təkmilləşdirmədən əvvəl vətəndaşları daha təhlükəsiz texnologiyalardan istifadə etməyə təşviq etmək olar. Ancaq zaman keçdikcə bu məsələlər həll olunmalıdır və yalnız sonra bu texnologiyaların tətbiq dairəsini genişləndirmək məqsədəuyğun olacaq. Texniki həllər inkişaf edir və uzunmüddətli formatda bundan uzaq olmaq mümkün deyil”, – deyə Məmmədov vurğulayır.
İqtisadçı-ekspert Natiq Cəfərli qeyd edir ki, indi plastik kartlar və bu cür kartları dəstəkləyən mobil proqramlar üçün NFC texnologiyası bütün dünyaya yayılır: “Gələcək onsuz da bu texnologiyalara aiddir. Ancaq təbii ki, təhlükəsizlik məsələsi bu cür texnologiyaların yarandığı ilk günlərdən bəri ən vacib məsələlərdən biridir. Artıq bu mövzuda irəliləyiş var. Kənar şəxslərin ondan alış-veriş edə bilməməsi üçün əvvəlcədən smartfonunuza əlavə kodlar və şifrələr qoşa bilərsiniz. Təhlükə həmişə qalır, ancaq zaman keçdikcə əlavə qoruma vasitələri reallaşdırılacaq”.
Elya Belskaya