pul

Banklardakı əmanətlərlə bağlı yeni qaydalar: yaxşı nədir, pis nədir?

Baxış sayı: 1. 105

“Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişiklik edilir. Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə görə, fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata artırılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bank hesablarında olan vəsaitləri üzrə kompensasiya məbləğinin 20 min manat müəyyən edilməklə sığortalanması təklif edilir. Bu dəyişikliklər 2021-ci il aprelin 5-dən qüvvəyə minəcək. 5 aprel 2021-ci ilədək Azərbaycanda əmanətlərin tam sığortalanması sistemindən çıxılması və əmanətlərin sığortalanması üzrə daha təkmil çərçivənin formalaşdırılması məqsədəuyğun sayılıb.

Ekspertlər təklif olunan dəyişiklikləri, ölkəmizdə 2016-cı ildən tətbiq olunan əmanətlərin tam sığortalanması sistemindən gələn il çıxılması məsələsini bizim üçün şərh ediblər.

“Əkrəm Həsənov və partnyorları” hüquq şirkətinin direktoru, iqtisadçı Əkrəm Həsənov  bu təklifi çox müsbət qiymətləndirir: “Həmişə əmanətlərin tam sığortalanmasının əleyhinə olmuşam. Əmanətlərin tam sığortalanması iri banklara bazarı inhisarlaşdırmağa əlavə imkan verir. Yəni hamı gedib iri banklara əmanətlərini qoyur, kiçik banklar isə uduzur. Amma əmanətlər qismən sığortalananda insanlar məcbur olurlar ki, əmanətlərini banklar arasında bölsünlər. Digər səbəb odur ki, əmanətlərin tam sığortalanması olanda banklar daha riskli fəaliyyətə meyilli olurlar ki, nəsə olsa, onsuz da əmanətçinin pulu qayıdacaq. Əmanətçi də bank seçəndə heç nəyə fikir vermir, yəni bank yaxşıdır, ya yox. Buna iqtisadiyyatda mənəvi risk deyirlər. Bəziləri fəaliyyətində riskləri nəzərə almır ki, onsuz da kimsə onun öhdəliyini yerinə yetirəcək”.

Ekspert bildirir ki, əmanətlərin tam sığortalanması faktiki olaraq sahibkarların hesabına edilirdi:

“Yəni bank müflisləşəndə fiziki şəxslərin əmanətləri tam qaytarılırdı. Sonra Əmanətlərin Sığortalanması Fondu bankın aktivləri hesabına kompensasiyaya sərf etdiyi pulu çıxardırdı. Sahibkarların, hüquqi şəxslərin pulu isə faktiki olaraq batırdı. Ona görə də əmanətlərin qismən sığortalanması yaxşıdır. Fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata artırılması müsbətdir. Orta statistik şəxsin onsuz da 100 mindən çox pulu bankda olmur. Kimin pulu 100 min manatdan çoxdursa, ölkədə 26 bank var. Hər bir banka 100 min manat pul qoysa, bu, 2 milyon 600 min manat vəsait edir”.

Ekspert sahibkarların pullarının da sığortalanmasını düzgün hesab edir: “Çünki qeyri-ədalətli vəziyyət var idi. Görürsən ki, fiziki şəxsin bankda 1 milyon manat pulu var və tam sığortalanıb. Bank bağlanan zaman fiziki şəxsin vəsaiti tam qaytarılır. Amma fərdi sahibkarın isə bankda 10-20 min manat pulu var və bu, onun dövriyyə vəsaitidir. Bank bağlananda isə sahibkarın bu vəsaiti batır. Halbuki 1 milyon manat əmanət qoyan şəxs faiz qazanırdı, fərdi sahibkar isə o puldan heç faiz də qazanmırdı, sadəcə fəaliyyətini təmin edirdi. Sahibkarlar üçün kompensasiya məbləği daha da çox ola bilərdi, 20 min manat azdır. Lakin hər bir halda bu, irəliyə atılmış düzgün addımdır, düzgün istiqamətdir”.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov da deyir ki, kompensasiya məbləğinin 30 min manatdan 100 min manata artırılması adekvat yanaşmanın göstəricisidir: “Əmanətlərin tam sığortalanması müvəqqəti addım kimi qəbul edilmişdi. Xarici valyutada olan əmanətlər ilə bağlı daha ardıcıl, daha qətiyyətli siyasətin aparılmasına nail olmalıyıq. Xarici valyutada olan əmanətlərin sığortalanması təcrübəsindən ən azı tədricən uzaqlaşmalıyıq. Digər tərəfdən, ölkədən valyuta çıxışının qarşısını almaq üçün nəzarət mexanizminin tətbiqinə ehtiyac var”.

“Sahibkarların bank hesablarında olan vəsaitlərinin də sığortalanması düzgün addımdır. Bununla sahibkarların bank sektoruna olan inamının artırılmasına nail ola bilərik. Amma eyni zamanda hüquqi şəxsləri də buraya daxil etmək lazımdır. Təcrübə göstərir ki, hüquqi şəxslər bir çox hallarda bankların sığorta hadisələri baş verərkən lisenziyalarının alınması nəticəsində çox ciddi iqtisadi zərərlə üzləşirlər. Ona görə hüquqi şəxslərin də buraya aid edilməsi yaxşı olardı”, – deyə professor bildirib.

Mərkəzi Bankdan bildiriblər ki, qlobal iqtisadi böhran fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etimadını gücləndirmək məqsədilə 2016-cı il yanvarın 19-da “Əmanətlərin tam sığortalanması haqqında” qanun qəbul edilib. 2016-cı il martın 4-dən qüvvəyə minən qanuna görə, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanıb. Növbəti dövrlərdə, qanuna edilmiş dəyişikliklər əsasında sözügedən müddət 4 dekabr 2020-ci il tarixinədək uzadılıb.

Əmanətlərin tam sığortlanması sxeminin 2016-cı ildən tətbiqi nəticəsində maliyyə sabitliyi qorunub saxlanılıb, əmanətlərin dinamikasında sabitləşmə təmin edilib, bank sektorunun sağlamlaşdırılması istiqamətində tədbirlər həyata keçirilib.

Ötən dövr ərzində bank sektoru üzrə aparılmış sağlamlaşdırma tədbirlərinin nəticələri və əmanətlərin tam sığortalanması mexanizminin maliyyə sabitliyinin lövbəri rolunu oynaması nəzərə alınmaqla, qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu tərəfindən əmanətlərin sığortalanması mexanizminin yeni çərçivəsinə dair hərtərəfli strategiya hazırlanıb. Strategiya Baş Nazirin rəhbərliyi altında Azərbaycanın İqtisadi Şurasında geniş müzakirə edilib, müzakirələrin nəticəsi olaraq 5 aprel 2021-ci ilədək keçid dövrü müəyyən edilməklə əmanətlərin tam sığortalanması sxemindən çıxılması və cari situasiyaya uyğun əmanətlərin sığortalanması üzrə daha təkmil çərçivənin formalaşdırılması məqsədəuyğun sayılıb.

“Əmanətlərin sığortalanması haqqında” qanunda aşağıdakı dəyişikliklərin edilməsi təklif olunub:

– Fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılması. Təklif edilən dəyişikliyin tətbiqi say etibarilə cəmi əmanətçilərin 99.9%-nin əmanətlərinin tam qorunmasını təmin edəcək.

– Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bank hesablarında olan vəsaitləri üzrə kompensasiya məbləği 20 min manat müəyyən edilməklə sığortalanması. Bu kateqoriyadan olan sahibkarlar maliyyə risklərinə daha həssas olduğundan vəsaitlərinin itirilməsi onların fəaliyyətinin dayanması ilə nəticələnə bilər. Bu baxımdan, fərdi sahibkarların əmanətlərin sığortalanması sisteminə daxil edilməsi hökumətin kiçik sahibkarlığın inkişafı siyasətini dəstəkləyəcək və bank sisteminə etimadın artırılmasına xidmət edəcək.

– Notariusların depozit hesablarında qalmış fiziki şəxslərə məxsus pul vəsaitlərinin tam məbləğdə sığortalanması. Bu dəyişiklik notariuslar vasitəsilə həyata keçirilən alqı-satqı əməliyyatları, xüsusilə daşınmaz əmlakın alqı-satqısı zamanı maliyyə xidməti istehlakçılarının hüquqlarının qorunmasını daha da gücləndirəcək.

“Əmanətlərin sığortalanması haqqında” qanuna təklif olunan dəyişikliklər dövlətimiz tərəfindən pandemiya şəraitində qəbul edilmiş digər mühüm qərarlarla ahəngdarlıq təşkil edir. Nəzərdə tutulan dəyişiklliklər əmanətçilərin mütləq əksəriyyətinin əmanətinin tam qorunmasına, banklarda risk idarəetməsini təkmilləşdirməyə, bazar intizamı və rəqabət mühitini gücləndirməyə, beləliklə bank sisteminin dayanıqlığı və əmanətçilərin mənafelərinin etibarlı qorunmasına imkan verəcək.

Xatırladaq ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib ki, əmanətlərin tam sığortalanması bütün ölkələrdə tətbiq olunan sistemdir: “2016-cı ildən bu yana Sinqapur, Almaniya, Avstraliya kimi ölkələr də bu sistemi tətbiq edib və maliyyə sabitliyi yaranandan sonra bu sistemdən çıxıblar. Bu sistemin Azərbaycanda tətbiq edilməsi də ölkəmizdə bank sektorunun sağlamlaşdırılmasını tam şəkildə həyata keçirilə bildi. Zəif banklar sistemdən uzaqlaşdırıldı. Lakin bu sistemdə uzun müddət qalmaq olmur. Sistemdə uzun müddət qalmaq bankların risk davranışına ciddi təsir göstərir. Bankların əmanətçilərin qarşısında məsuliyyəti azalır”. (“Sputnik Azərbaycan”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir