Heydər Əliyev: “Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur… Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”.
Ana dilimizlə ilk tanışlığımız anamızın laylasından, nənəmizin nağıllarından başlayır. Daha sonra orta məktəbdə o dildə yazmağı, oxumağı öyrənirik. Bu proses təkcə ana dili dərsində yox, elə digər fənlərin öyrənilməsində də davam edir. Mütaliə etdiyimiz bədii ədəbiyyat, oxuyub öyrəndiyimiz digər fənlər, müraciət etdiyimiz elmi ədəbiyyatlar, mənbələrin hər biri dilimizin inkişafında, düşüncə tərzimizin formalaşmasında ciddi rol oynayır.
Hər tərəfdən əhatə olunduğumuz dil, gün gəlir, düşündüyümüz dilə çevrilir. Elə buna görə də bir çox insan hesab edir ki, kim hansı dildə danışırsa, o dilin daşıyıcısı olan xalqa mənsub olur. Çünki müəyəyn bir dildə mütaliə etmək o dilin xalqına məxsus ədəbiyyatı, mədəniyyəti də mənimsəmək deməkdir. Bu, belədir, yoxsa yox?
Təhsil aldığımız dili düşüncəmizə, gələcəkdə şəxsiyyət kimi mövqeyimizə nə dərəcədə təsir edir? Uşaqlarımıza xarici dilləri öyrədərkən ana dilimizin kölgədə qalmaması, yadırğanmaması üçün nələr etməliyik?
Təhsil eksperti, müəllim Qoşqar Məhərrəmov deyib ki, bir çox pedoqoq və psixoloqların fikrincə, tədrisin ana dilində olması daha məqsəduyğundur: “Bir çox filosofun bu barədə fikirlərinə görə, insan danışdığı dilin mədəniyyətinin daşıyıcısıdır. İnsanlar bir dili öyrəndiklərində həmin dilin daşıyıcılarının mədəniyyətini, adət-ənənəsini, dinini və s. öyrənirlər. Yəni dil sadəcə kommunikasiya vasitəsi deyil, həm də hissetmə, anlayış formasıdır. Buna görə də ana dilinin tədris dili olması dünyada geniş müzakirə olunan məsələdir. Bir çox pedaqoqlar, psixoloqlar qeyd edirlər ki, tədris ana dilində olmalıdır”.
“Təhsil məktəbdə başlamadığı kimi məktəbdə də yekunlaşmır. İnsanlar məktəbə başlamazdan əvvəl də, sonra da bir çox fərqli mühitlərdə bəslənir, fikir axınlarına məruz qalırlar. Bunun da nəticəsində nələrsə öyrənmiş olurlar. Bir çox azsaylı millətlər öz ana dillərini qorumaq üçün ölkə vətəndaşlarının xarici dildə tədrisinə yaxşı baxmır. Dövlət ödənişsiz təhsil xidmətini sadəcə ana dilində təqdim edir. Yəni dövlət xarici dildə təhsil təqdim etmir. Sadəcə özəl məktəblər var, orada da təhsil ödənişli olur. Bundan da istəyən və imkanı olan şəxslər yararlana bilirlər. Bizdə isə belə deyil”, – deyə həmsöhbətimiz bildirir.
Təhsil dilinin şəxsiyyətlərin mövqeyinə təsirinə qaldıqda, pedoqoq hesab edir ki, burada konkret nəsə demək doğru olmaz: “Cənubi Azərbaycanda neçə illərdir, azərbaycanlılar farsca təhsil alırlar. Amma onlarda çox güclü Azərbaycan düşüncəsi, azərbaycanlı fikri var. Onlar azərbaycanlı ruhunu özlərində qoruyub saxlayıblar. Fars dili onların beyinlərini yuya bilməyib. Tarixdə inqilablar olub. Eyni zamanda biz rus dilində təhsil aldığımız zaman çar Rusiyası tamamilə hegemon bir dil, mədəniyyət aşılayırdı. Amma Qori müəllimlər seminariyasında oxuyan Üzeyir bəy Hacıbəyov, Firudin bəy Köçərli ana dilində yazıb-oxumağın dərdinə düşürlər və ölkəmizdə ana dilində müasir məktəblər qurmaq üçün təşəbbüslər irəli sürürdülər. Ona görə də bu iki nümunədən yola çıxası olsaq, konkret deyə bilmirik ki, xarici dil insanların birbaşa mövqeyinə, həyatdakı baxışına da təsir edir. Hər bir halda onu demək mümkündür ki, təsirsiz ötüşmür. Əvvəldə də qeyd etdiyim kimi, xarici dili öyrənəndə o dilin daşıyıcısı olan xalqın mədəniyyətini də öyrənmiş oluruq”.
Mütəxəssis hesab edir ki, tədris xarici dildə olduğu zaman, ən azından ailədə danışıq dilinin ana dilində olması önəmlidir: “Əks halda əgər bizim ana dilimizdə ciddi bir bəslənmə mənbəyimiz yoxdursa, məsələn, ailəmizdə ana dili sevdirilmirsə, ana dilində mütaliəmiz yoxdursa, biz rus sektoruna gediriksə, bizim mədəniyyət adına gördüklərimiz sadəcə rus dilində olacağı üçün bizim “rusbaşlı” olma ehtimalımız çoxdur. Amma ailədə ana dilində mütaliəmiz varsa, fikir mübadiləsi ediriksə, əlbbəttə, belə vəziyyətdə məktəbdə xarici dildə aldığımız təhsil müəyyən ehtiyaclarımızı qarşılayacaq və ana dilində düşüncə dünyamızı formalaşdıracağıq”.
“Hər bir halda, düşünürəm ki, dünyanın qloballaşdığı bir zamanda azərbaycanlılar ailələrində ana dilində danışmalıdırlar. Övladlarımız xarici dildə təhsil alsalar belə, öz ana dilimizi sevməli və övladlarımıza da sevdirməliyik. Əks halda bizim dilimiz də gələcəkdə itən dillər arasına düşər. Ana dilimiz elmi müzakirə dilindən çıxaraq azlığın danışdığı bir dil halına gələ bilər. Ona görə də diqqətli olmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur”, – deyə Məhərrəmov vurğulayır.
Klinik psixoloq Anara Quliyevanın dediyinə görə, dil sadəcə sözlərin fərqli formalarda ifadəsi deyil, həm də mədəniyyətin daşıyıcısıdır: “Hər bir dilin ifadə tərzində xalqın kökündən süzülən nələrsə var. Buna görə də valideynlər üçün uşaqların dil məsələsi önəmli və diqqətdə saxlanılacaq məsələ olmalıdır. Uşaqlarda özünü ifadə, eyni zamanda özünü ifadə üçün söz bazasının təməli uşaqlıqda laylalarla qoyulur. Çünki uşaqlarda bir yaş-bir yaş yarıma kimi dinləmə, kəlmə toplama bacarığı musiqi sədaları altında daha çox inkişaf edir. Buna görə biz valideynlərə uşaqlarına bir yaş yarıma kimi laylalar oxumalarını tövsiyə edirik. Onu da vurğulayırıq ki, layla oxuyarkən demək istədikləri ürək sözlərini ifadə etsinlər. Məsələn, mən səni sevirəm, sən mənim üçün dəyərlisən, evimin birdənəsisən və sair”.
“Əlbəttə, uşaq həmin anda onu başa düşmür, amma bu ifadələr onun düşüncə yaddaşında qalır. Uşaq musiqi sədaları altında diqqətini anaya verib bu sözləri dinlədikcə onda dinləmə mədəniyyəti də yaranmağa başlayır. Daha sonra biz ona nağıllar oxuduğumuzda o, bizi diqqətlə dinləyəcək”, – deyə müsahibimiz söyləyir.
Psixoloq dil öyrənərkən təkcə sözləri əzbərləmədiyimizi, həm də həmin dilin tərzini mənimsədiyimizi diqqətə çatdırıb: “Buna görə valideynlər övladlarına oxuduqları nağıllarda fikirlərini nə qədər sadə ifadə edər, hiss və emosiyaları yaxşı çatdırarlarsa, bu, uşaqların həmin dili daha yaxşı mənimsəməsinə kömək edər. Valideyn övladına danışdığı, oxuduğu nağıllarda qəhrəmanların duyğularını, hərəkətlərini gözəl ifadə etdikcə bu, uşaqların yaddaşına həkk olunacaq və onlarda söz bazası zənginləşəcək. Onlar gələcəkdə özlərini çox yaxşı ifadə edə biləcəklər. Yeri gəlmişkən, ən bəsit nağıl belə, başqa dilə çevriləndə təhrif olunmuş olur. Bu zaman da uşaqların qavraması çətinləşir. Danışıq tərzi birmənalı şəkildə uşaq psixologiyasına təsir edir. Hər xalqın, mədəniyyətin öz ifadə tərzi var”.
“Biz uşaqlarımıza xarici dilləri mütləq öyrətməliyik. Çünki zamanla uşaqlarımız ölkə xaricinə çıxır, yeni dostlar qazanırlar. Bundan da əlavə, insanların bilik əldə etmək üçün istifadəyə yararlı ədəbiyyatların çoxu xarici dillərdədir. Buna görə xarici dilləri öyrənməliyik. Nə qədər çox dil bilsək, o qədər yaxşıdır. Uşaqlarımızı da daha çox dil bilməsi üçün dil kurslarına yazdırırıq, müəllim yanına göndəririk. Müşahidə etsək, görərik ki, onlar hansısa dili 5 yaşına qədər daha yaxşı mənimsəyirlər. Bu da əvvəldə qeyd etdiyim kimi, daha çox o dildə eşitdikləri nağılların, izlədikləri cizgi filmlərinin təsiri nəticəsində olur. Ona görə ki, cizgi filmlərində müxtəlif obrazlar özlərini ifadə edərkən emosiya qatır, səs tonunu dəyişir, xüsusən də səs tonunu həmin dilə mənsub xalqın bir nümayəndəsi kimi edir. Uşaq da zamanla bunu mənimsəyir. Bu baxımdan erkən yaşdan hansısa dili mənimsək daha rahat olur”, – deyə mütəxəssis qeyd edir.
Quliyeva başqa bir məqama da toxundu: “Bir xalqa mənsubluq üçün o xalqın dilini bilmək bəs etmir. Burada digər faktorların da rolu var. “Hansı dildə düşünürsənsə, həmin dilin daşıyıcısı olan xalq mənsubsan” fikri ilə razılaşmıram. Xalqına mənsub bir vətəndaş kimi özünü təqdim etmək üçün o xalqa mənsub olan dilin kəlmələrini kifayət qədər gözəl ifadə etməlisən ki, kökünə sadiq qalasan. Bir xalqa mənsubluq sadəcə dil baxımından deyil. Burada psixoloji təsirlər, ailə, mühit faktorları var. Bunlar çox önəmli faktorlardır. Buna görə də hansısa xalqa mənsubluğu sadəcə danışdığın, düşündüyün dilə bağlamaq düzgün deyil. Doğrudur, bəzən insanın danışdığı dil ilə düşündüyü dil üst-üstə düşmür. Bu, o zaman olur ki, uşaq böyüdüyü mühitdə, cəmiyyətdə özünü ifadə etməsi üçün gərəkli kəlmələr yetərli olmur, danışdığı dildən zövq ala bilmir. Hazırda əhalimizin böyük bir hissəsi, xüsusilə də gənclər özlərini türkçə ifadə edirlər. Bu da ona görə belədir ki, baxdıqları filmlər, dinlədikləri musiqilər o dildədir. Buna görə də öz duyğularını, fikirlərini o dildə ifadə etmək onlara daha rahat gəlir”.
Aləmdə Nəsib