Rustem huseynov

Baş neonatoloq: “Qeysəriyyə kəsiyi əməliyyatlarında tətbiq olunan müasir anesteziya üsulları uşağa təsir etmir” – MÜSAHİBƏ

Baxış sayı: 1. 981

“Gencaile.az” Səhiyyə Nazirliyinin baş neonatoloqu, Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyanın sədri Rüstəm Hüseynovun APA-ya müsahibəsini təqdim edir.

 

– Azərbaycanda neonatoloji xidmət necə qurulub və bu sahədə nə kimi çatışmazlıqlar var? Bu gün uşaqlarla bağlı ən mühüm problem nədir?

– Biz əgər yeni doğulmuşlarda müşahidə olunan problemlərdən danışırıqsa, mütləq antenatal dövrü, yəni doğuşa qədər müddəti nəzərə almalıyıq. Məhz bu müddətdə baş verən proseslər sonrakı intranatal (doğuş zamanı) və postnatal (doğulduqdan sonra) dövrlərdə öz əksini tapır. Antenatal dövrdə ananın sağlamlığı, həyat tərzi, tibbi qulluğu və digər proseslər döl üçün mühüm əhəmiyyətlidir, yeni doğulmuşun sağlamlığı ilə sıx bağlıdır.

Ananın reproduktiv sağlamlığı bundan əvvəlki həyatının sağlamlığından asılıdır. Bu dövrə qədər iltihabi, hormonal və s. dəyişikliklər mütləq özünü sonra da büruzə verir. Yeni doğulmuşun valideynlərinin sağlamlığı, irsi xəstəliklərinin olub-olmaması və digər proseslər yeni doğulmuşa öz təsirini göstərir. Uşaq doğulandan sonra ilk 28 gün neonatal-yenidoğulma dövrü hesab olunur, həyatın ilk həftəsi erkən neonatal dövr adlanır.

Bu gün Azərbaycanda perinatal xidmət sahəsində əsas problemlərdən biri vaxtından əvvəl doğulma, az və ekstremal az çəkili doğulan uşaqlarla bağlıdır. Bu, tək tibbi deyil, həm də sosial problemdir. Müxtəlif ölkələrdə vaxtından əvvəl doğulanların sayı ümumi doğulanlar arasından 5-15% təşkil edir. Onların sağlamlığının qorunması, müalicəsi, mühitə adaptasiya olunması böyük problemdir və onlarla tez-tez rastlaşırıq. Valideynlərin həkimlərlə sıx əməkdaşlığı bu qrupdan olan uşaqların həyata adaptasiyası, cəmiyyətə uyğunlaşmasını təmin edə bilər.

Bu sahədə vaxtından əvvəl doğulanlar arasında ekstremal az çəkili (500-1000 q arasında) doğulan uşaqları qeyd etmək lazımdır. İnkişaf etmiş dövlətlərdə olduğu kimi, Azərbaycanda da bu qrup uşaqlar güclü maddi texniki baza, peşəkar, yüksək səviyyəli ixtisaslı tibb personalı və xüsusi diqqət tələb edir.

 

– Belə uşaqlar doğulan uşaqların neçə faizini təşkil edir? Bu uşaqlarda sonradan hansı xəstəliklər yaranır?

– Belə uşaqlar ölkədə doğulan bütün uşaqların təxminən 0,5-2.0%-ni təşkil edir. Həmin uşaqlarda ilk növbədə yetkinlik və ən əsas tənəffüs sistemi ilə bağlı problemlər qeyd olunur. Uşaq nə qədər kiçik olsa, onun ağciyərləri morfoloji və funksional baxımdan müvafiq olaraq tam inkişaf etmir. Hər bir canlı ilk növbədə nəfəs almalıdır. Yeni doğulmuşlarda tənəffüs probleminin həlli üçün müxtəlif illərdə müvafiq tədbirlər tətbiq edilib və bu gün müasir metodlardan istifadə olunur. Hazırda Azərbaycanda bütün dünyada istifadə edilən ən müasir surfaktantla əvəzedici terapiya aparılır, tənəffüs dəstəyi üçün lazım olan tibbi avadanlıq ilə tibb müəssisələri təmin edilir. Bunun hesabına ölkədə müalicəsində müsbət nəticə əldə edilən uşaqların sayı yavaş-yavaş artır.

Uşaqların sağlamlıqları ilə bağlı ikinci əsas problem infeksiyalardır. Anada olan infeksion proseslər uşağın vaxtından əvvəl doğulmasının əsas səbəblərindən biridir.

Vaxtından əvvəl doğulan uşaqlar anada olan infeksiyaların təsiri nəticəsində  çox vaxt inkişafda ləngiyir, hansısa orqan və ya sistemlərə patoloji proseslər meydana çıxır. Vaxtından əvvəl doğulan uşaqların beynində qansızma hallarına daha çox rast gəlinir. Çünki belə uşaqların beynində qan damarlarının sayı digər uşaqlara nisbətən çox olur. Onlarda qan  təzyiqin qeyri-stabil olması, yəni qalxıb  düşməsi, qanın laxtalanma prosesləri, damar divarlarının incəlikləri və s. qanaxma və qansızmalara səbəb olur.

Digər mühüm problemlərdən biri inkişaf qüsurlarıdır (anomaliyalar). Ana bətnində hansısa proseslərin pozulması halları uşaqlarda müəyyən qüsurlara gətirib çıxarır,  inkişaf qüsurlarına səbəb olur. Qeyd etmək lazımdır ki, bu gün bir sıra qüsurları korreksiya etmək mümkündür.

İrsi xəstəliklər vaxtından əvvəl doğulmanın səbəblərindən biridir.

 

– Bəs vaxtında və normal doğulan uşaqlarda daha çox hansı xəstəliklər müşahidə edilir?

– Hazırda bu müddətdə doğuş travması kimi hallara çox az rast gəlinir. Vaxtında doğulan uşaqlarda asfiksiya və hipoksiya halları daha çox müşahidə olunur. Uşaqlar arasında  qüsurların müşahidə olunması halları son illər azalıb. Çünki müxtəlif inkişaf dövrlərində  aparılan diaqnostika üsulları (USM və s.) vasitəsilə müəyyən qüsurları vaxtında görmək və aradan qaldırmaq olur. Həyatla uyğunlaşmayan qüsurlar olduqda, hamiləliyi vaxtında və tez zamanda süni doğuşla sonlandırmaq mümkündür.

 

– Bəzən ginekoloqlar tərəfindən hamilə qadınlara müxtəlif dərmanlar təyin edirlər. Əslində hamiləlik zamanı hansı hallarda qadına dərman təyin edilə bilər? Bunlar uşağın sonrakı inkişafına hansı mənfi təsirləri göstərir?

– Artıq o zaman keçib ki, hansısa qadın hansısa xəstəliyə məruz qalanda onu həkim ginekoloq müalicə etsin və bu müalicənin sonradan uşaqda fəsad yaradacağını bilməsin. Son illər dünyada mövcud olan protokollarda uşaqlarda problemlər yaratmayacaq  dərmanların istifadə qaydaları göstərilib. Bu işlər çoxdan aparılır.

İstisna hallarda, ananın həyatına təhlükə olduğu zaman, hansısa fərqli dərmanlar qəbul edildikdə də onların əks göstərişlərinə diqqət etmək lazımdır.

 

– Son illər ölkədə yeni perinatal mərkəzlər tikilib, müasir avadanlıqlarla təmin edilib. Bu gün həmin müasir klinikalarda işləyə biləcək kadrlar, gənc mütəxəssislər varmı?

– Bu sahədə son illər ciddi işlər görülür. Əgər əvvəllər bölgələrdən Bakıya xeyli sayda xəstə uşaqlar gətirilirdisə, bu gün onların sayı kifayət qədər azalıb. Artıq Bakı ilə yanaşı bölgələrdə də müasir klinikalar tikilib və orada işləyə biləcək kadrlarımız var.  Regionlardan həkimlər Bakıya gələrək böyük müəssisələrdə öyrənir, təlimlər keçirlər.  Başqa sahələrdəki kimi səhiyyənin inkişafı üçün kadr potensialı, maddi-texniki baza, təşkilati işləri çox vacibdir. Təşkilat, maddi-texniki baza var, kadr hazırlığı istiqamətində isə işlər aparılır.  Ancaq gərək indi həkimlər özləri də iradəsini, vətəndaş mövqeyini ortaya qoysun və inkişaf etsinlər. Hər zaman Avropaya, inkişaf etmiş ölkələrə baxırdıq ki, orada olanlardan bizdə olsaydı, daha yaxşı işləyərdik. İndi həmin zamandır, avadanlıq var, şərait var, işləmək lazımdır.

 

– Azərbaycanda özəl klinikaların doğuşayardım xidməti necə təşkil olunmalıdır?  Özəl klinikalarda yeni doğulmuş körpələrə qulluq üzrə tibbi xidmətlər istənilən səviyyədə təşkil olunurmu?

– Azərbaycanda 2000-ci ildən başlayaraq özəl klinikalar yaranmağa başladı. Həmin zamanlar özəl klinikalar dövlət müəssisələrindən ən azından yaraşığı ilə fərqlənirdi. Kadr potensialı dövlət müəssisələri ilə eyni idi. Çünki heç bir özəl klinika başqa ölkədən həkim, tibb bacısı, təşkilatçı gətirmədi. Dövlət müəssisələrində çalışan kadrlar həm də özəl klinikalarda çalışırdılar və sonradan özəl klinikalarda işləməyə başladılar. Özəl klinikalar yaxşı məişət şəraiti, isti otaqlar, müasir avadanlıqları ilə fərqlənirdi. Həmin kadrlar üçün də imkan yarandı və özəl tibb müəssisələri populyarlıq qazandı. Əhali özəl müəssisələrə axın etdi.

Yaranan özəl klinikaların dövlət müəssisələrinə çox böyük köməyi oldu. Bu özəl klinikalar dövlət tibb müəssisələri üçün müəyyən mənada dayaq rolunu oynadı. Azərbaycan ailələri başqa ölkələrə getmədi və yeni yaranan özəl klinikalarda sağlamlıq problemləri həll edildi.

Hazırda dövlət tibb müəssisələri, məsələn, artıq bu günlərdə əsaslı təmirdən sonra açılışı olan Mamalıq və Ginekologiya İnstitutu heç bir özəl klinikadan şəraitinə və təminatına görə geri qalmır. İndi gözləyirəm ki, bu axın artıq dövlət müəssisələrinə keçsin.

 

– Körpə ölümlərinə münasibətiniz necədir?

– Aydın məsələdir ki, hansısa tibb müəssisəsində doğuşlarla bərabər itkilər də olur. Bəzi xəstəliklər müalicə olunmur, yaxud yaranan haldan çox az müsbət nəticə əldə etmək olur. Təəssüf ki, çox zaman körpə ölümü mövzusu ətrafında jurnalistlər tərəfindən şou yaradılmasına üstünlük verilir. “Cəlbedici” başlıqlar altında ayrı-ayrı məqalələr dərc olunur. Təqsirkar axtarmaq yox, məsələyə ciddi yanaşıb  problemin həlli yollarını axtarmaq  lazımdır.

Bir dəfə agentliklərdən birinə müsahibə zamanı bildirdim ki, filan xəstəliklərdə artıq neçə ildir qadınlar üçün filan dərman tətbiq olunur. Bütün müəssisələrə bu barədə məlumat verilib. Həkimlərdən kimsə istifadə etmirsə, bu onun öz səhlənkarlığıdır. Dərc olunmuş məqalənin adı isə belə oldu: “Azərbaycanda ginekoloqlar tərəfindən səhlənkarlığa yol verilir”.

Körpə ölümləri xəbərindən şou düzəltmək olmaz. Bu məsələ kiminsə ürək ağrısı, faciəsi, ağır gündür. Şounu xəsarət, xəstəlik və ölüm üzərində qurmazlar. Əgər hansısa problemlə bağlı müraciət edilirsə, müzakirə tələb edilirsə, məsələni qaldırıb, kütləvi informasiya vasitələrində əhalini maarifləndirməyə üstünlük verilməlidir.

 

– Bu gün poliklinikaların, sahə həkimlərinin fəaliyyəti ilə bağlı müəyyən çatışmazlıqların olması haqda müxtəlif fikirlər səsləndirilir. Sizə elə gəlmirmi ki, artıq bu sistemdə hansısa dəyişikliklər edilməlidir?

– Bəli, doğru qeyd edirsiniz. Hazırda poliklinikalarda bəzi sahə həkimləri ilə bağlı müəyyən problemlər yaşanır. Doğrudur, poliklinika sisteminin bir sıra müsbət tərəfləri var. Sistemin müsbət tərəflərindən biri patronajdır. Patronaj odur ki, həkim və tibb bacısı periodik olaraq hansısa müddətdə, körpənin 1-ci ayında hər həftə evə gələrək onu müayinə edir, anaya körpəyə qulluqda yardım göstərir. Uşaqda hansısa narahatlıq hiss etdikdə valideyn rahat şəkildə poliklinika həkiminə zəng edərək onu evə çağıra bilər.

Bu, bizim sovet dövründən qalan və indiyə kimi qüvvədə olan əhaliyə tibbi qulluq sistemidir. Problemlər sahə həkimlərinin tədrisi ilə bağlıdır. Onlar üçün müxtəlif, qısa müddətli kurslar təşkil edilsə də, bəzi hallarda istənilən nəticəni əldə etmək olmur. Hazırda bu istiqamətdə islahatlar gedir.

Sahə həkimlərinin özlərindən də çox şey asılıdır. Onlar öz peşəkar səviyyəsini artırmalıdır, yalnız illər boyu öz əldə etdikləri təcrübəyə yox, müasir elmin  nailiyyətlərinə yiyələnib, gündəlik praktikada tətbiq etməlidirlər.

Bu günlərdə Səhiyyə Nazirliyində uşaq poliklinikalarının baş həkimləri ilə görüş keçirilib, qeyd etdiyimiz məsələlər müzakirə olunub, bəzi mövzulara aid məsələlər konkret həll olunub.

 

– Uşaqların qidalanması sahəsində nə kimi problemlər müşahidə olunur?

– Körpələrin ana südü ilə deyil, süni qidalarla qidalanması Azərbaycanda böyük problemdir. Ana südünü süni qarışıqla əvəz etmək olmaz. Əgər həkim bunu fəaliyyəti dövründə bilmirsə və süni qidalanmanı təbliğ və tətbiq edirsə, bu, cinayətdir. Yalnız bəzi hallarda, əsasən vaxtından əvvəl, az çəkili uşaqlar ilkin zamanlarda qidalana bilmədiyi üçün onlara parenteral qida tətbiq edilir. Bütün zülal, yağ, şəkər, mikroelement, duzlar və digər maddələr vena daxili yolla körpəyə verilir.

Ananın laktasiyasının vaxtında və uğurlu olması üçün fizioloji (təbii) stimulyasiya olmalıdır. Uşaqlar döşə gec qoyulanda qadının laktasiya dövrü uzanır. Ona görə də bir çox doğum evlərində körpə doğulan kimi döşə qoyulur.

 

– Bəzən də elə hallar olur ki, doğum evlərində ilk günlərdən körpəyə süni qidalar verildiyi üçün sonradan ana südünü gec qəbul edir. Və yaxud qadın qeysəriyyə əməliyyatı keçiribsə, narkozun təsirinin keçməsi üçün körpəyə 1-2 gün süd verilmir. Bu məsələlərə sizin münasibətiniz necədir?

– Bu məsələdə xeyli səhvlər edilir. Qeysəriyyə kəsiyi əməliyyatlarında tətbiq olunan müasir anesteziya üsulları uşağa təsir etmir. Anadan narkozun təsirinin çıxması ilə bağlı fikirlər isə tamamilə yanlışdır. Təbii doğuşla yanaşı, qeysəriyyə kəsiyi olunandan sonra da uşaq ilk olaraq ananın sinəsinə, sonradan döşünə qoyulmalıdır. Burada uşaq ananın bədənin hərarəti ilə isinir, ilk olaraq ananın dərisinin florası onu ətrafdakı mikroblardan qoruyur. Uşaq müəyyən dəqiqələrdən sonra südü əmməyə başlayır. Qeyd olunan addımlar həyata keçirilmədiyi halda uşaq ətrafdakı mikrobların təsirinə məruz qalır, anadan 1-2 gün ərzində ayrı saxlanılırsa, anada laktasiya prosesləri pozulur, çox hallarda süni qidalanmaya ehtiyac olur. Sonradan bununla əlaqədar müəyyən problemlər yaranır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir