Son vaxtlar alimlər tez-tez belə bir fikir səsləndirirlər: “qocalıq gəncləşir”. Statistikaya görə, qocalığın ilk əlamətləri artıq 35 yaşında təzahür edir ki, bu da XX əsrin sonlarında olduğundan 15 il azdır.
Həkimlər tez yorulub əldən düşməyi və dalğınlığı, yəni beyin hüceyrələrinin oksigen aclığını qocalmanın ilk əlaməti sayırlar. Hesab edilir ki, unutqanlıq və diqqətsizlik yalnız ahıllara xas xüsusiyyətdir. Həqiqətən də başgicəllənməsi və dalğınlıq çox vaxt beyin hüceyrələrində qan dövranının pozulması nəticəsində yaranan degenerativ dəyişikliklərin göstəricisidir. Belə halların əmələ gətirdiyi damarların qocalması prosesi 35 yaşında, hətta daha erkən yaşlarda başlaya bilər.
Çoxları başgicəllənməsinə və gözümüzün qarşısında peyda olan qara nöqtələrə məhəl qoymur. Təəssüf ki, belə yanaşma beyin toxumalarının oksigenlə təchizatını bərpa etmir. Hüceyrələrin hipoksiyası isə tədricən qocalma əlamətlərinin güclənməsinə gətirib çıxarır. Stress, alkoqol və nikotinlə zəhərlənmə, xroniki yuxusuzluq nəticəsində baş ağrıları, nəqliyyatda ürəkbulanma tutmaları, bəzən panik hücumlar yaranır.
İnsanlar adətən “möcüzə yaradan” preparatlara üz tutaraq, bu bəlanı bir həb ilə dəf etməyə çalışırlar. Damarların vaxtından əvvəl qocalmasının qarşısını almaq, Parkinson xəstəliyi, demensiya kimi problemlərdən yaxa qurtarmaq, beynin işemik xəstəliyini, serebral arterosklerozun, beyində qan dövranının pozulması nəticəsində əmələ gələn digər xoşagəlməz fəsadların qarşısını almaq üçün çox az insan həkimə müraciət edir. Halbuki damarların qocalmasının qarşısını ilkin mərhələdə almaq real şəkildə mümkün məsələdir.