“Başgicəllənmə çox fərqli səbəblərdən qaynaqlana bilər və bəzən sadə yorğunluqla, bəzən isə ciddi sinir və qan dövranı pozğunluqları ilə əlaqədar olur.” Bu sözləri MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova deyir.
Onun sözlərinə görə, bu hal insanın tarazlıq sistemində müvəqqəti disbalans yarandıqda meydana çıxır:
“Daxili qulaq, görmə və beyin birlikdə bədənin tarazlığını qoruyur. Bu sistemlərdən biri pozulanda, beyinə göndərilən siqnallar qarışır və nəticədə başgicəllənmə, qeyri-sabitlik hissi yaranır.”
Başgicəllənmənin əsas səbəbləri
Nərminə Abbasova bildirir ki, başgicəllənmənin səbəbləri çox müxtəlif ola bilər:
Daxili qulaqda kristalların yer dəyişməsi (vertigo)
Boyun osteoxondrozu və ya əzələ gərginliyi
Aşağı qan təzyiqi və ya qan dövranı problemləri
Qan şəkərinin düşməsi (hipoqlikemiya)
Stress, yuxusuzluq və susuz qalma
“Bəzən insanlar başgicəllənməni sadəcə yorğunluq kimi qəbul edir, amma əgər bu hal tez-tez təkrarlanırsa, xüsusilə də bulanıqlıq, qulaqda küy, bulanıq görmə və ya ürəkbulanma ilə müşayiət olunursa, bu artıq həkimə müraciət üçün ciddi siqnaldır,” – deyə mütəxəssis xəbərdarlıq edir.
Nə etmək lazımdır?
Ekspertin sözlərinə görə, ilk növbədə başgicəllənmənin səbəbini dəqiq müəyyənləşdirmək vacibdir:
“Bəzən sadəcə boyun və kürək əzələlərinin spazmını aradan qaldırmaqla simptomlar tamamilə keçə bilər. Amma əgər problem sinir və ya qulaq labirinti mənşəlidirsə, müalicə fərqli yanaşma tələb edir.”
O, həmçinin profilaktik tədbirlərə də diqqət çəkir:
Gün ərzində kifayət qədər su qəbul etmək;
Qan təzyiqini və şəkər səviyyəsini nəzarətdə saxlamaq;
Uzun müddət eyni vəziyyətdə oturmamaq, baş və boyun hərəkətlərini aktiv saxlamaq;
Gərginlik və stressin qarşısını almaq üçün nəfəs və rahatlama texnikalarından istifadə etmək.
Nərminə Abbasova vurğulayır ki, başgicəllənmə bəzən sadə, bəzən isə ciddi bir vəziyyətin xəbərçisi ola bilər:
“Əgər başgicəllənmə təkrarlanır və gündəlik həyatınıza təsir edirsə, onu gözardı etməyin. Müayinədən keçərək səbəbi müəyyənləşdirmək, həm sağlamlığınızı qorumaq, həm də gələcəkdə ağırlaşmaların qarşısını almaq baxımından çox vacibdir.”










































































































































































