sac

Başınızda ölü tükü gəzdirmiş ola bilərsiz – saç qaynaqları barədə bilmədiklərimiz

Baxış sayı: 2. 083

Türkiyə mətbuatında bir maraqlı adamın hekayəsi yer alıb. Çin, Vyetnam və Özbəkistandan idxal etdiyi saçları üzərində işləyərək Amerika və Avropa ölkələrinə ixrac edən izmirli iş adamını Amerikanın Mayami şəhərində dükan açmağa hazırlandığı qeyd edilir.

Həmin hekayənin fonunda sözügedən biznes növü barədə sizlərə son məlumatları təqdim edəcəyik. Kəndli bir atanın uşağı olaraq 68 il öncə İsparta şəhərində dünyaya gələn Kamal İnci uşaqlığında başladığı saç ustalığını inkişaf etdirib. Nəticədə isə hər cür rəng, boya və keyfiyyətdəki saçlara həyat verən bir sənətkara çevrilib. Qaynaq saç və parik işində ixtisaslaşaraq saç idxal etməyə başlayan İnci yuyub şəkil verərək, rəng-rəng boyadığı saçları Almaniya, İsveçrə və Amerikaya ixrac etməyə hazırlaşır.

Türkiyədə saçı ziyan görmüş qadınlara xidmət göstərən İnci ABŞ bazarından gələn tələbə cavab verə bilmək üçün Mayamidə mağaza açmağa hazırlaşır. K.İnci AA əməkdaşına verdiyi müsahibəsində bildirib ki, təbii saçlara tələbat daha böyük olduğu üçün dünya miqyasında canlı bir bazar var, saç üzərində işləmə məsələsində də böyük ölkələrin bazarına girmək o qədər də çətin deyil.

O, idxal etdikləri saçları uzunluqlarına görə ayırdıqlarını, ölçüsünə görə fərqli məhsullarda istifadə etdiklərini, qaynaq olacaq saçları isə boyadıqlarını deyib. İnci sadəcə saçlarını uzatmaq və ya sadəcə rəngini dəyişdirmək istəyən qadınlara yox, xəstəlik və kimyaterapiya səbəbilə saçlarını itirən qadınlara da xidmət etdiklərini bildirib.

İnci həm ölkə daxilində, həm də ölkə xaricində ən çox satılan saç rənginin “platin” kimi açıq tonlar olduğunu, çünki bu rəngə çatmaq istəyən qadınların saçlarının istifadə olunan məhsullara görə yana bildiyini qeyd edib. Avropa və Amerikaya ən pis dönəmlərdə belə aylıq 15-20 min dollarlıq saç göndərdiyini deyən İnci irəliləyən yaşına baxmayaraq, dünyanı gəzməkdən, peşəsindəki yenilikləri təqib etməkdən heç cür vaz keçmək istəmir. Xüsusən Amerikadakı trendləri, dəbləri yaxından izləyən İnci məşhur Mayami şəhərində bir dükan açmaq üçün çalışdıqlarını vurğulayıb: “Artıq 68 yaşındayam. Bu günə qədər qazandığım bütün pulları saça sərf etdim. 2019-cu ildə Mayamidə bir dükanım olsun istəyirəm. Oğlumla çalışmağa başladıq. Orada açacağımız şöbə ilə işimizi fərqli bir müstəviyə daşıya biləcəyimizi düşünürəm”.

Bu hekayə bizə ölkəmizdə və dünyadakı saç biznesi barədə ilginc məlumatlar ətrafına bir gəzişmə aparmağı mütləq edir. Türkiyənin “Hürriyet” qəzeti Fransanın xəbər agentliyi AFP-yə istinadən yazıb ki, Çində insan saçı ixracının yarısını cəmi bir şəhər həyata keçirir. Saçı qırxılmış çinlilərin saçlarını yığan Taihe şəhərindəki fabriklər onları Avropa, Amerika və Afrikaya ixrac edir. Taihedəki saç ixracı təsisatları 400 növ parik hazırlayır. Bu ölkədə insan saçı ilə bağlı biznes 1970-ci illərdə başlanıb. Bu işlə məşğul olan istehsalçı Fu Quanqo detallar barədə bunları deyib: “Vaxtilə insan saçlarını yerli insanlardan alırdıq. Amma artıq Myanmar, Vyetnam kimi fərqli ölkələrdən gəlir. Vaxtilə saç məhsullarını hazırlamaq çətin idi, əllə hazırlayırdıq. Amma indi bu məhsullara tələbat o qədərdir ki, yeni təsisatlar qurulub və bununla əlaqədar olaraq beynəlxalq bazarlara da saç məhsulları sata bilirik”.

Çinin Taihe şəhərindəki fabriklərdə insan saçı ixracı 88 milyona çatıb. Funun 36 yaşındakı oğlu Fu Qianvey isə təkcə Amerikaya 8 milyon dollarlıq ixracat gerçəkləşdirib. Ayrı-ayrı ölkələrdən isə tamamilə fərqli tələblər daxil olur: “Saçın keyfiyyəti, qalınlığı və uzunluğu çox vacibdir. Son vaxtlar Afrika bazarından gələn tələbat çox güclüdür. Bu ölkələrdə iqtisadiyyat inkişaf etdikcə daha keyfiyyətli məhsullar istənilir. Saç çox dəyərli olduğu üçün insanlar ona qara qızıl deyirlər”.

Bu sahə ilə məşğul olan ustalar isə iddia edir ki, ümumən ən yaxşı saçlar özbək saçları hesab edilir. Onlar bütün ölkələrə təbii, rənglənməmiş şəkildə göndərilir. Özbək saçları azərbaycanlıların saçlarına nisbətən daha ağır olur. Bu saçlar Azərbaycana gətirilsə də qiyməti çox bahadır. Ölkəmizdə əsasən müğənnilər bu saçlardan istifadə edirlər.  Özbək saçları əldə etmək üçün çox vaxt ustalar birbaşa həmin ölkəyə gedir və ya xüsusi sifarişlər verərək ölkəmizə gətirirlər.

Elementar bir müqayisə ilə durumu nəzərinizə çatdıraq. 100 qram yerli saçın qiyməti 150 manat olduğu halda, 100 qram özbək saçının qiyməti 1000 manat civarındadır. Amma Çindən gətirilən saçlar heç də müştərilər tərəfindən diqqət görmür. Çünki bu saçlarda “elektriklənmə” var. Çində bu sektor olduqca geniş yayılıb və inkişaf edib. Çindəki saç yığımı sexlərində yüzlərlə işçi qadın çalışır. Onlar kəsilmiş saçları darayıb, daha sonra keyfiyyət parametrinə görə onları ayırırlar. Ən son mərhələdə isə saçlar yuyulur, mikroblardan təmizlənmək üçün qısa müddətdə kimyəvi qarışıqda saxlanır və axırıncı dəfə daranaraq kisələrə yığılır.

Qaynaq saç ile ilgili görsel sonucu

Keçək Hindistandan gələn saçlara. Hamıya məlumdur ki, Hindistan qadınları saçlarının uzunluğu ilə seçilirlər. Bu ölkədən gətirilən saçlar fərqli qoxusuna görə xanımlar tərəfindən bəyənilmir.

Qiymətlərə gəlincə, ən ucuz saçlar tünd qəhvəyi, boyasız saçlar hesab olunur. Çiyinə qədər uzunluğu olan 100 qram belə saçın qiyməti 65 manatdan başlayır. Dizə kimi olanların 100 qramı 140-160 manat aralığında dəyişir. Mağazada ən baha saçın 100 qramının qiyməti isə 180 manatdır. İnsan saçı öncə dezinfeksiya edilir, sonra buxarlı su çəlləklərində qarışdırılır, ardınca isə boyanır.

Müxtəlif yerlərdən toplanan insan saçları fabriklərə satılır. Bu fabriklərdə saçlar öncə dezinfeksiya edilir. Daha sonra işçilər buxarlı su çəlləklərində kürəklə o saçları qarışdırırlar. Sobada qurutmazdan öncə saçlar müxtəlif rənglərə boyanır. Daha sonra daranaraq qadın işçilər tərəfindən tikilir.

Ölkələr üzrə işlənməmiş saç, son məhsul halına gəlmiş saç və parik halına gətirilmiş saçların qiymətlərinə nəzər salaq.

Ardıcıllıq üzrə öncə işlənməmiş saçların qiymətləri barədə:

Çində bu saçların ixracatı illik 297.581 dollar, idxalı isə 12.472 dollar təşkil edir.

Hindistanda isə ixracat illik 1.454.112 dollar, idxalı isə 35.952 dollardır.

İspaniyada ixracat 23.249 dollar, idxal 768.999 dollardır.

Türkiyə: ixracat 67.625, idxal 2945.

Son məhsul halına gətirilməmiş saç qiymətləri:

Çində bu saçların ixracatı illik 4.481.967 dollar,  idxalı isə 62.621.864 dollar təşkil edir.

Hindistanda isə ixracat illik 44.55.280 dollar, idxalı isə 3687 dollardır.

İspaniyada ixracat 966.084 dollar, idxal 1.011.725 dollardır.

Türkiyə: ixracat 98.738, idxal 169.001

Parik halına gətirilmiş saç:

Çində bu saçların ixracatı illik 258.478.208 dollar,  idxalı isə 5.857.994 dollar təşkil edir.

Hindistanda isə ixracat illik 3.342.206 dollar, idxalı isə 400 dollardır.

İspaniyada ixracat 282.450 dollar, idxal 514.708 dollardır.

Türkiyə: ixracat185, idxal 87.769 dollardır.

Ä°lgili resim

Saç biznesi – işsiz qadınların maliyyə mənbəyi

Türkiyənin kənd yerlərində uzun və gur saçlarını kəsib satanlar ailə büdcəsinə xeyir vermək istəyənlərdir. Onların saçları kiloqramla satılır, bir kiloqramı isə 400 manata yaxındır. Daha çox gözəllik salonu işçiləri tərəfindən satın alınan saçlar şəhərdə müştəriyə daha baha qiymətə satılır. Üstəlik, bu cür təqdimatla – kənd qızlarının təravətli saçı.

Türkiyədə qram hesabıyla satılan saçlar sahiblərinə 500-1200 lirə (təxminən 100-250 manat) gəlir gətirir. Amma hər birinin gözəl saçlarını kəsdirmələrinin fərqli hekayələri var. Kimsə uşağını oxutmaq, bir başqası ailə büdcəsinə xeyir vermək üçün saçını kəsdirmək məcburiyyətində qalır. Adanada saç sektorunda təxminən 15 ildir fəaliyyət göstərən Mehmet Kasım Güneş bildirib ki, təbii saçların kilosunun satış qiyməti 400 manatdan başlanır. Saç telinin qalınlığı və uzunluğuna görə bu qiymət 1500 manata da çata bilər.

Avropa Birliyi İnformasiya Mərkəzinin dəstəyi ilə Cənubi Koreyadan gətirdiyi 5 qurğu ilə saçlardan parik hazırlayan Sərdar Mura isə tələbatı ödəmək üçün maaşla işlətdiyi motosikletli işçiləri, ya da kənddəki vasitələrlə saç yığdırır. Bu sektorda 1972-ci ildən bəri olan və məsləyi atasından öyrənən Mura birbaşa tacirlərlə əlaqə yaradır. Sonuncular kəndlərdə saçını satmağa ehtiyacı olanlarla danışır və qiymətdə razılaşandan sonra onlarla danışıq aparırlar.

Ä°lgili resim

Hazırda Türkiyədə sintetik saçların hazırlanması ilə məşğul olan konkret müəssisə yoxdur. Buna görə də xam saçlar kəndlərdən alınaraq gözəllik salonlarında hazırlanır. Bu zaman saçlar müştərinin istəyinə uyğun modelə salınır, rəng verilir və hazırlanır. Bu sektorun qarşılaşdığı ən ağrılı hekayə isə oğlunu oxutmaq üçün dizindən aşağı saçlarını satan ana ilə bağlıdır. Mura danışıb ki, həmin qadın saçlarını ağlaya-ağlaya kəsdirib. Amma oğlunun universitet xərclərinin bir qismini ödəmək üçün bunun vacib olduğunu deyib.

Bu arada bir detalı da deyək ki, saç müştərilərinin əsas hissəsini xərçəng xəstəliyinə tutulan qadınlar təşkil edir. Belə ki, sonuncular kimya terapiyası mərhələsində tökülən saçları üzündən sıxıntılı günlər yaşayırlar. Keçəl görünmək istəməyən qadınlar məhz bu səbəbdən parikdən istifadə edirlər. Bundan başqa, həqiqi saçdan hazırlanan pariklər və qaynaqlar daha keyfiyyətli olur. Onlar daha gec yağlanır, gec çirklənir. Bu səbəbdən də onları ayda bircə dəfə yumaq kifayət edir. Belə saçların ömrü 2-3 ildir.

Amma hər biznes kimi, bu biznesin də qaranlıq tərəfləri var. Belə ki, biznesin daha gəlirli olması üçün üçüncü dünya ölkələrində qaranlıq yollara da baş vurulur. Bu günə qədər kriminal xronikada belə xəbərlərə tez-tez rast gəlinib: ölmüş qadının saçları “morq”da dibindən kəsildi. Xüsusən Afrika ölkələrində, habelə əksər ölkənin ucqarlarında saç biznesinin belə qaranlıq tərəfləri olur. Bu, çox vaxt ölü yaxınlarının icazəsi ilə baş verir, çox vaxtsa cinayətkar qrupun “morq” işçiləri ilə əməkdaşlığının nəticəsi olur. Həmin variantda saç biznesi ilə məşğul olanlar daha ucuz və sərfəli yollarla gəlir əldə etmiş olurlar. Halbuki həkimlər ölü insan saçının insan orqanizminə xeyli zərərli olduğunu açıqlayırlar.

Bu arada, qaynaqların zərərləri də az deyil. Birincisi və ən önəmlisi, qaynaqdan daim istifadə edənlər yuyulandan sonra onun keyfiyyətinin aşağı düşməsindən, rənginin, parlaqlığının itməsindən şikayətlənirlər. Hətta bəzən ağarmış saçları rəngləyib satışa çıxaranlar da olur ki, sonuncu yuyulandan sonra tamamən ağ rəngə çevrilir. Bundan başqa, qaynaq saçlar saçın həqiqi köklərinə də yüklənmə verir ki, bu da son nəticədə saçların tökülməsinə səbəb olur.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, qeyri-peşəkar üsullarla qaynaq edilmiş saçlar müştəridə keçəlləşmə də yarada bilər. Qaynaqdan sonra saç xüsusi qulluq tələb edir. Məsələn, qaynaqdan sonra yaş saçla yatmaq məsləhət deyil. Yatmazdan əvvəl saç dolaşmasın deyə onu hörmək və ya səliqə ilə yığmaq lazımdır. Qaynaqdan sonra hər gün saç xüsusi daraqla daranmalıdır.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir