toy

“Başlıq pulu” adətinin qorunub-saxlanılması nə dərəcədə vacibdir?

Baxış sayı: 2. 304

Azərbaycan toyları nə qədər müasirləşsə də, bəzi toy adətləri hələ də qorunub saxlanılır. Əvvəllər toy ərəfəsində oğlan evinin qızın valideynlərinə verdiyi “başlıq pulu” kimi adət-ənənəyə bu gün də əksər bölgələrdə rast gəlinir. Düzdür, ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayan “başlıq pulu” bəzilərinə görə köhnə adət sayılır. Amma Azərbaycan ailələrinin çoxunda bu, yerinə yetirilməsi vacib addım hesab edilir.

“Başlıq pulu” tək Azərbaycana xas olan bir adət deyil. Qardaş Türkiyədə də geniş yayılan “başlıq parası” olmadan toy demək olar ki, keçirilmir. Ölkəmizdə “başlıq pulu” adətən 1500 manatdan başlayır. Amma bu pulu hər rayonda qız evinə “başlıq pulu” adı ilə vermirlər. Məsələn, Aran rayonlarında qız evinə bu pul başqa formada verilir. Burda artıq pul “başlıq pulu” kimi deyil, oğlan evinin qız evinə qız toyu etmək üçün verdiyi pul kimi adlandırılır.

Həmin pulun məbləği isə 1500 manatdan aşağı olmur. Əgər hansısa ailə qız tərəfinə bu məbləğdən az pul təklif edərsə, bu artıq söz-söhbətin başlanğıcı deməkdir. Bu baxımdan oğul evləndirməyə hazırlaşan valideynlər “qonşudan qalma geri” məsəlinə uyğun davranaraq ən azı 1500 manat “başlıq pulu”nu qız tərəfinə verməyə çalışırlar. Bəzi hallarda isə bu hal ailələr arasında anlaşılmazlıqlara səbəb olur.

 

Bəs, müxtəlif söz-söhbətlərə yol açan bu kimi adətlərin qorunub-saxlanılması nə dərəcədə vacibdir?

Mövzu ilə bağlı fikirlərini bölüşən sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, başlıq pulunun labüd olduğu dövrdə yaşayan gənclərin evlənməsindən indiki gənclərin evlənməsi daha çətindir. O da təsdiqləyir ki, “başlıq pulu”nun əndazədə olduğu və çərçivədən çıxdığı dövrlər olub:

“Yəni “başlıq pulu” az məbləğdə olur, simvolik xarakter daşıyırdı. Bir neçə il əvvəl elə olub ki, mən hansısa bir gənc üçün elçiliyə getmişəm. Bəzi hallarda “Başlıq pulu” söhbəti olub, bəzən isə deyiblər ki, nə pul, ayıb deyil, nəyə imkanınız çatır, onu da verərsiniz. İndi isə heç “Başlıq pulu” çox yerdə istəmirlər. Bu adət dəbdə olduğu illərdə oğlan evi buna hazır olur və pulu verirdi. Azərbaycanda qız evinə verilən “Başlıq pulu”nu Orta Asiya respublikaları ilə müqayisə etmək olmaz. Hələ sovet dövründə o respublikalarda qızların “Başlıq pulu” çox yüksək idi. Azərbaycanda isə bu, heç vaxt o səviyyədə olmayıb. Mən indiyədək “Başlıq pulu” verməsən, ailə qura bilməzsən” problemini Azərbaycanda müşahidə etməmişəm. Türkiyə filmlərində görürük ki, “Başlıq pulu” tələb edilən məbləğdə olmayanda o ailənin qurulmasına imkan verilmir”.

 

Kulturoloq Aydın Xan Əbilovun sözlərinə görə, ölkəmizdə bəzi adət-ənənələr var ki, əcnəbilər üçün çox qəribə görsənir:

“Amma istənilən adət-ənənə əsrlərin, hətta eraların süzgəcindən keçib və insanlar tərəfindən qəbul edilib. Sivil cəmiyyət üçün nə qədər qəribə görünsə də, bəzi adətlər vacib olan dəyərlərə söykənir. Bunlardan biri də “başlıq pulu”dur. Bu adət Azərbaycan və oxşar türk xalqlarında qadınların hüquqlarının qorunması üçün tələb olunan bir maddi vəsaitdir. Keçmişdə Şərqdə və dünyanın bir çox ölkələrində kişilərin hüquqları qəbul olunurdu, dominant idi və qadınlar hüquqsuz və haqsız hesab edilirdi.

Qadınları öldürürlər, ac saxlayırdılar, həmçinin 4-5 qadını eyni vaxtda alan kişilər var idi. Bütün bunların qarşısını almaq üçün ictimai qınaqlar artmışdı, qınaqların bir növü də “başlıq pulu”dur. Yəni qadını alan şəxs bilməli idi ki, sabah qadını boşayırsa, müəyyən maddi vəsaiti də itirmiş olur və yenidən evlənmək üçün növbəti dəfə pul verməlidir. Qadın tərəfi isə qızını ərə verəndə müəyyən mənada ailəni sığortalamış olurdu.

Hazırda ölkəmizdə bu adətlər demək olar ki, yoxdur. İndi bu adətin sivil forması mövcuddur. Bu da oğlan tərəfin gəlin üçün zinət əşyaları, pal-paltar alması, bayramlarda sovqatların və bahalı hədiyyələrin gətirilməsidir. Beləliklə də qız tərəfi borclu qalmamaq üçün cehizlər verməyə başladı və demək olar ki, hər iki tərəf bərabərhüquqlu sayıldı.

Əgər kimsə “başlıq pulu”nu pis qəbul edirsə və bunu qadınların hüququnun pozulması kimi dəyərləndirirsə, yanlış edirlər. Əksinə, bu adətimizlə Azərbaycan xalqı qadın hüquqlarının aliliyini qoruyurdular və zamanında “başlıq pulu”nun çox xeyri olmuşdu”.

 

Yeganə Bayramova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir