Artıq 7-ci gündür paytaxtda Novruz yarmarkaları keçirilir. Kənd təsərrüfatı məhsullarının satış yarmarkasında qiymətlərin bayram süfrəsi açmaq üçün nə qədər sərfəli olduğunu öyrənmək üçün Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında “Kənddən Şəhərə” Novruz yarmarkasında müşahidələr apardıq.
Yarmarkanın girişində pandemiya səbəbindən alış-veriş edənlərin temperaturu yoxlanır, əlləri dezinfeksiya edilirdi. Yarmarkanın girişində isə məhsulların qiyməti elektron lövhədə öz əksini tapmışdı. Burada alış-veriş etmək istəyənlər yarmarkanı gəzməmiş hansı məhsulun neçəyə satıldığını öyrənə bilirdilər. Bu gün yarmarkanın keçirilməsinin son günü olsa da, yarmarkada o qədər də çox alıcı yox idi. Buna rəğmən bayram bazarlığı üçün yarmarkanı seçənlər də vardı.
Elə ilk həmsöhbətimiz də bayram bazarlığı üçün yarmarkaya üz tutan Aygül Orucovadır. Bakının Nəsimi rayon sakini A.Orucova deyir ki, yaxınlığında iri supermarketlər olsa da, bayram bazarlığı üçün yarmarkaya gəlib:
“Adi günlərdə həmişə alış-verişi marketdən edirik. Amma Novruz elə bayramdır ki, bu bayrama bizim xalqımız xüsusi hazırlaşır. Qonaq gələnlər çox olur. Mənim də qızlarım, gəlinlərim bayramı bizdə qeyd edəcəklər. Ona görə də, bazarlıq üçün yarmarkaya gəlmişəm ki, hər şeyin ən yaxşısını alım. Qiymətlər marketlə müqayisdə ucuz olsa da, bazardan o qədər də fərqlənmir. Amma keyfiyyətli məhsullar var. Məsələn, burada olan innabı marketdən almaq mümkün deyil. Marketdə innabın qiyməti ucuz olsa da, çox keyfiyyətsizdir. Burada isə 50 qəpik marketdən baha, amma çox yaxşı innab satılır”.
Alıcı deyir ki, çərəzlərin qiyməti isə yarmarkada bazarla müqayisədə ucuzdur: “Burada qoz ləpəsi 15-16 manatdır. Bazarda amma 18-19 manatdan aşağı ləpə yoxdur”.
Alıcılarla söhbət etdikdən sonra yarmarkada qiymətlərə biz də nəzər salırıq. Əvvəlcə bayram süfrəsinin bəzəyi olan plovun hazırlanmasının neçəyə başa gəldiyini öyrənirik. Burada düyünün qiyməti 1 manat 50 qəpikdən 10 manatadək dəyişir. Şabalıd 4-5 manat, kişmiş 6, ərik qurusu 7, gavalı qurusu 6 manatdır. Mal ətinin qiyməti isə 9 manat 50 qəpik-10 manat təşkil edir. Yarmarkada kənd çolpası 7-8 manata təklif olunur.
Çərəzlərin qiyməti isə keyfiyyətindən asılı olaraq dəyişir. Fındıq ləpəsi 16 manata, qoz ləpəsi 16-17 manata, püstə 20-25 manat, iydə 4-6 manat, innab 4, quru armud 4 manata satılır. Qarzaqlı qoz və fındığın qiyməti isə 3 manatdan 5 manatadək dəyişir.
Meyvələrin qiyməti də keyfiyyətinə görə fərqlənir. Qızıl Əhməd alması 2 manat 50 qəpikdən 4 manatadək, digər alma növləri isə 2-4 manatdır. Bununla belə bazarda 80 qəpiyə də alma almaq mümkündür. Armud isə 1 manat 60 qəpikdən 3 manat 50 qəpiyədək təklif olunur. heyva 1 manat 50 qəpik, nar 1 manat 50 qəpik-4 manatdır. Üzümün qiyməti 2 manat 75 qəpikdən 3 manatadək təklif olunur. Mandarin 2 manat-2 manat 90 qəpik, portağal 1 manat 80 qəpik -2 manat 50 qəpiyədir. Pomidorun qiyməti 3 manat, xiyar 2 manat 70 qəpik, bibər 3-4.manat 50 qəpikdir. Badımcanın qiyməti 1-2 manata təklif olunur.
Balıqların qiyməti də bazarla müqayisədə nisbətən ucuzdur. Kütüm balığı bazarda 15-16 manata satıldığı halda burada 12 manatdır. Meyvə qurularının qiyməti 3 manatdan başlayaraq 15 manatadək dəyişir. Yumurta 23-30 qəpiyə satılır.
Bazarda bayram süfrəsi üçün səmənilərin qiyməti 1 manat 50 qəpikdən başlayaraq 15 manatadəkdir.
Satıcılar yarmarkaya gətirdikləri məhsulların hamısını sata bilməsələr də, bu gün alış-verişin daha çox olacağına inandıqlarını bildirdilər.