Yeni ilin gəlişi ilə əlaqədar olaraq, insanlar istirahət üçün müxtəlif məkanlar seçir. Bəziləri bölgələrimizdə, bəziləri isə xaricdə dincəlməyə üstünlük verir. Bəs görəsən daxili və xarici turların qiyməti necədir?
Mövzu ilə bağlı danışan turizm eksperti Ceyhun Aşurov bildirir ki, yeni illə əlaqadər olaraq qarşıda bayram günləri var: “Artıq qış mövsümü açıq elan olunub. Bununla bağlı tətil günlərində istirahətə tələbat artır. İstər ölkə daxilində istərsə də, xaricdə insanlar istirahətlərini təşkil edirlər. Öncədən planlayırlar. Artıq ölkə daxilində olan böyük otellərdən biz təklifləri, kampaniyaları görürük. Düzdür, qiymətlər müxtəlifdir. İki nəfər üçün 2 gecə 3 gün qalmaq qiymətləri 1000 manatdan 2000-2500 manat arasında dəyişir. Otelin kateqoriyasından, ordakı əyləncədən və s. asılı olaraq bu qiymətlər fərqlidir. Bura 3 dəfə qidalanma və bayram günü üçün xüsusi əyləncə daxildir. Amma ölkə xaricində qaynar turlar təşkil olunur. Hansı ki, bu turlarda qiymət heç də daxili qiymətlərdən baha deyil. Amma ümumi götürsək, bu il təklif olunan qiymətlər keçən ilkindən yuxarı deyil. Çünki əvvəlki ilə nisbətən xarici bazar daha açıqdır. Eyni zamanda ölkə daxilində də yeni təkliflər var. Ona görə, bu amillər qiymətlərin artmasına imkan vermir. Ölkə vətəndaşlarının bir qismi ölkə daxilində, bir qismi isə xaricdə istirahətə üstünlük verirlər. Bu tamamilə zövq məsələsidir. İnsanların öz daxili qərarlarından irəli gəlir”.
Seyranə Quliyeva