Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən iş günü hesab edilməyən bayram günləri qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.
Bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) mətbuat katibi Aynur Osmanqızı məlumat paylaşıb.
“Altıgünlük iş həftəsi ilə işləyən müəssisələrdə bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz”, – deyə A.Osmanqızı bildirilib.
A, Osmanqızı həmçinin qeyd edib ki, iş günü hesab edilməyən bayram günləri işçilərin işə cəlb edilməsi və görülən işə görə əməkhaqqının ödənilməsi isə aşağıdakı qayda ilə tənzimlənir:
“Dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsalat qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə, həmçinin su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün və fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələrinin işçiləri Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən bayram günlərində işə cəlb oluna bilərlər. Hamilə, 3 yaşına çatmamış uşağı olan qadınların və yaşı 18-dən az olan işçiləri iş günü hesab edilməyən bayram günləri işəgötürən tərəfindən hər hansı işlərin görülməsinə cəlb edilməsi yolverilməzdir. 3 yaşından 14 yaşınadək uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınların istirahət, bayram və iş günü hesab olunmayan digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların razılığı ilə yol verilir. İş günü hesab edilməyən bayram günləri qabağı günlərdə iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır”.
İş günü hesab edilməyən bayram günləri görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir:
Əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla;
Əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;
Aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.
İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.
Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.
Zülfiyyə Quluyeva