Güclü iş stresi altında aylarla işlədikdən sonra növbəti tətili təsəvvür etmək hər bir işçinin səbirsizliklə gözlədiyi vaxtdır. Bununla belə, bayram başa çatdıqdan sonra uzun müddət gündəlik işlərindən kənarda qalan işçilər üçün “real həyata” qayıtmaq vaxtıdır. İş stresindən uzaq bir tətildən qayıtdıqdan sonra “iş maskası” taxmaq və işə uyğunlaşmaq da əvvəlcə çox çətindir. Hesab edirik ki, bu vəziyyətə yenidən alışmaq üçün vaxt lazımdır. Üstəlik, bilinməlidir ki, uyğunlaşma prosesi nə qədər uzansa, insanın motivasiyası bir o qədər azalır. “Tətildən sonra uyğunlaşma depressiyası” adlandırılan bu vəziyyət tətil zamanı yığılan bütün enerjinin bir anda yox olmasına səbəb ola bilər. İş həyatına yenidən adaptasiya olmaq əksər insanlar üçün problemlər yaratsa da, yuxusuzluq, baş ağrıları, həzm sistemi pozğunluqları kimi bəzi sağlamlıq problemlərinə də səbəb olur. Anksiyete və depressiyaya meyilli insanlar uyğunlaşmaqda daha çox çətinlik çəkirlər. Bu vəziyyətin yeganə istisnası “işgüzar” kimi təsvir edilən işçilərdir. Bu insanlar həyatlarında böyük yer tutan uğur ambisiyaları sayəsində problemsiz işə başlaya bilirlər. Üstəlik, özlərini yaxşı hiss etdikləri mühitə qayıtdıqları üçün heç fasilə verməmiş kimi ilk gündən işlərinə davam edə bilirlər. İnsanların bayramdan sonra işdən çıxmasının ən mühüm psixoloji səbəbi tətildə olarkən işləri ilə bağlı yeni qərarlar qəbul etdikləri üçün bu qərarları dərhal həyata keçirmək istəmələridir. Uğur qazanmayanda isə ən asan yol olan istefa mexanizmindən istifadə edirlər. Bunun qarşısını almağın yolu qərarlarımızı tətbiq etməzdən əvvəl bir az gözləmək və zamanın nə gətirəcəyini görməkdir.
Məsələ ilə bağlı mütəxəsis rəyinə ehtiyac olduğunu düşündüyümüzdən mövzunu ekspertlə müzakirə etdik.
Məsələyə “Gencaile.az” saytı üçün münasibət bildirən psixoloq İlahə Novruzova aşağıdakıları dedi: “Bizim üçün ilk olan, yenilik xarakteri daşıyan istənilən situasiyaya alışmaq ilk başda çətin görünə bilər. Adaptasiya dövrünü (məsələn, yeni bir işə başlamaq, biri ilə ailə həyatı qurmaq, universitetin ilk günü və s.) bir az daha çətinləşdirən, adətən qeyri-müəyyənlikdir. Yəni, başqa sözlə ifadə etsək, bizi nəyin gözlədiyini, qarşılaşacığımız situasiyalarda hansı reaksiyaları verəcəyimizin, özümüzü necə hiss edecəyimizin və s. bu kimi sualların dəqiq bir cavabının olmaması insanlarda tədirginlik və gərginlik səviyyəsini artırır. Ancaq burada paradoksal bir görüntünün şahidi ola bilərik. Belə ki, insanlar adətən çox istədikləri, arzuladıqları bir işə can atırlar və bunu həyata keçirdikləri zaman ən gözəl hisləri yaşayırlar. İstədikləri bir işə qəbul olunmağın sevinci və yeni bir işə başlayacaqları zaman ilk günün və yeni iş həyatında onları nəyin gözlədiyi haqqında narahatedici ruminativ düşüncələri nəzərə aldığımız zaman burada insanların eyni zamanda ambivalent duyğular yaşadığının şahidi ola bilərik . Buna qədər qəribə görünsə də, normal hesab edilən bir haldır. Belə ki, insanlar üçün qeyri-müəyyənlik halı bitdiyi zaman ambivalent duygular da ortadan qalxmis olacaqdir. Ancaq insanlar üçün hər zaman qeyri-müəyyənlik stressor faktor kimi qeyd edilə bilməz. Buna ən bariz bir misal kimi tətil sonrası iş həyatına geri dönməyi aid etmək olar. Yaşadığımız cəmiyyətdə uzun bir müddət eyni işdə çalışan insanın bir neçə günlük tətildən sonra işin yenidən başlayacağı düşüncəsi qarşısında gərginləşməsi və yenidən iş həyatına gec adaptasiya olması problematik bir hal kimi müşahidə edilə bilər. Burada belə bir sual yaranır ki, insanları ən çox tədirgin edən, gərginləşdirən qeyri müəyyənlikdirsə, o zaman insanları bildikləri və uzun illər çalışdıqları bir işdən bir neçə günlük uzaqlaşdıqdan sonra təkrar geri dönmələri niyə bu qədər gərginləşdirsin. İlk öncə bunu qeyd etmək lazımdır ki,qeyri-müəyyənlik stressor faktorlardan sadəcə biridir və insanlar üzərində digər bir stressor faktor kimi məcburiyyətlərimiz əsas rol oynayır. Uzun bir müddət gərgin iş qrafikində çalışan insanların bir neçə günlük alışdıqları gərgin iş rejimindən uzaqlaşaraq statik bir rejimdən öz istəklərinə uyğun rahat bir rejimə keçid özlərini çox rahat və komfortlu hiss etmələrinə səbəb olur. Beləliklə, insanların özlərini komfortlu hiss etdikləri bir rejimdən təkrar məcburiyyətlərin olduğu bir rejimə keçid onlar üçün ən böyük stressor faktordur. Həyatımızın hər bir anında stressor faktorların olduğunu və olacağını bilmək vəziyyəti daha normal dərk etməyimizdə bizə yardım edəcəkdir. Sadəcə bir anlıq o özümüzü konfortlu hiss etdiyimiz anların, günlərin daimi olduğunu və yenidən o çox sevdiyimiz işə geri dönməyəcəyimizi düşündüyümüz zaman nə hiss edəcəyimizin fərqinə varmaq bəlkə də bir çox sualın cavabını tapmağımızda bizə kömək edəcəkdir. Bu sualın cavabında özünü çox yaxşı hiss edib və hələ də dönmək istəmədiyini düşünən varsa, o zaman çalışdığı işin onun üçün nə qədər uyğun olub-olmamasını reviziya etməyin vaxtıdır deməkdir. Eyni zamanda daxili motivasiyanın olması da tətil sonrasında iş həyatına tez adaptasiyaya səbəb olur. Daxili motivasiyanı insan sadəcə özü yarada bilər və bu işi nə qədər çox sevdiyini, hansı hədəflərinin olduğunu, bu işin onun üçün nə qədər vacib olduğunun fərqinə varmaqla bunu etmək mümkündür. Buradan da aydın görünür ki insanın daxili motivasiyasının olmağı üçün də ən vacib insanın işini sevməsi və bu işi yerinə yetirdiyi zaman zövq alması əsas prioritetdir.”
Təqdim etdi: MƏTİN