Yeni il bayramına son günlər qalıb. Bayramda insanların diqqət etməli olduğu məsələlərdən biri də qidalanmadır.
Bayram zamanı necə qidalanmalı? Nələrə diqqət etməliyik?
Mövzu ilə bağlı həkim-diyetoloq Ləman Süleymanova aşağıdakıları dedi: “Azərbaycan xalqı bayramları çox sevir və bu sevgini daha çox zəngin süfrələrlə ifadə edir. Xüsusilə Novruz bayramı bizdə təkcə bir günlə məhdudlaşmır, bayrama təxminən 20 gün qalmış hər çərşənbə qeyd olunur, süfrələr açılır, yemək-içmək mərasimləri keçirilir. Yeni il bayramı isə formal olaraq bir gün qeyd edilsə də, ondan sonrakı tətil günlərində bayram əhval-ruhiyyəsi davam edir. Məhz buna görə də bir çox insanlar bayramlardan sonra çəki artımından şikayətlənirlər.
Üstəlik, cəmiyyətimizdə adi günlərdə belə süfrənin bol olmasına xüsusi önəm verilir. Bayram günlərində isə bu bolluq daha da artır. Müxtəlif növ şirniyyatlar, tortlar, salatlar, xüsusilə də mayonez tərkibli, dadlı, lakin ağır olan “Yeni il salatları” süfrənin əsas bəzəyinə çevrilir.
Azərbaycan mətbəxinə məxsus demək olar ki, bütün yeməklər eyni anda süfrəyə düzülür. Bəzən elə təsəvvür yaranır ki, sanki bayram süfrəsində kimin daha çox yemək təqdim edəcəyi ilə bağlı gizli yarış gedir. Nəticədə həm bayram günü, həm də bayramın səhəri və ardınca gələn tətil günlərində qidalanma nəzarətsiz şəkildə davam edir.
Bəs nə etməliyik ki, bayram günlərində rahat qidalanaq, eyni zamanda çəki artımının qarşısını alaq? Bunun üçün ən vacib addım bayrama təxminən bir həftə qalmış orqanizmin maddələr mübadiləsini, yəni metabolizmanı aktivləşdirməkdir.
Metabolizmanı aktivləşdirmək üçün ilk növbədə səhər tezdən oyanmaq və günə yüngül fiziki aktivliklə başlamaq tövsiyə olunur. Bu, sadə gəzinti, yüngül idman hərəkətləri və ya ev şəraitində edilən sadə məşqlər ola bilər. Səhər saatlarında kifayət qədər maye qəbul etmək də çox vacibdir. Eyni zamanda, asan həzm olunan karbohidratlar, məsələn, yulaf, tam buğda məhsulları və ya meyvələr mütləq şəkildə qida rasionuna daxil edilməlidir.
Günorta yeməyinə qədər yüngül ara qidalanma, yəni sağlam “atışdırmalar” edilməlidir. Bu, metabolizmanın gün ərzində aktiv qalmasına kömək edir. Axşam saatlarına qədər də yüngül ara qidalanma davam etdirilməli, xüsusilə axşam yeməyində ağır qidalardan imtina edilməlidir. Hətta mümkünsə, axşam yeməyini minimuma endirmək, yalnız yüngül qidalarla kifayətlənmək daha məqsədəuyğundur. Bitki çaylarına üstünlük vermək həm həzmi rahatladır, həm də orqanizmi sakitləşdirir”.

L.Süleymanova qeyd edir ki, bir çox insan gündəlik qidalanmada ciddi səhvlərə yol verir:
“Belə ki, səhər və günorta yeməkləri ötürülür, yalnız axşam yeməyi qəbul edilir. Bu zaman artıq yorulmuş orqanizm birdən-birə ağır qida yükü ilə üz-üzə qalır və nəticədə çəki artımı qaçılmaz olur. Düzgün həyat tərzi sürülmədikdə, üstəlik, bayram günlərində nəzarətsiz şəkildə çox yemək, ertəsi gün də eyni rejimi davam etdirmək orqanizmi daha da ağırlaşdırır.
Bu halda həzm prosesi ləngiyir, qidaların tərkibindəki xolesterin tam həzm olunmur və piy toxumalarına yığılmağa başlayır. Nəticədə təkcə bayram günlərində deyil, bayramdan sonra da çəki artımı davam edir. Bununla yanaşı, arterial təzyiqin yüksəlməsi, qan şəkərinin artması kimi ciddi sağlamlıq problemləri də yarana bilər. Xüsusilə bayram günlərində qaydasız və həddindən artıq qidalanma son dərəcə təhlükəlidir.
Məhz buna görə də ən vacib şərt ondan ibarətdir ki, bayrama ən azı bir həftə qalmış metabolizmanı aktivləşdirmək, orqanizmi bayram süfrəsinə əvvəlcədən hazırlamaq lazımdır. Bu yanaşma sayəsində həm bayramı rahat və ləzzətlə keçirmək, həm də sağlamlığı qorumaq mümkündür”.
Xalidə Gəray












































































































































































