Novruz bayramının yaxınlaşması biz azərbaycanlılar üçün həm də bol təamlı süfrə açmağa hazırlaşmaq anlamına gəlir, amma bayram vaxtı düzgün qidalanmamaq sonradan ciddi problemlər yaradır.
Bəs görəsən, baharın müjdəçisi olan Novruz bayramında necə qidalanmaq lazımdır ki, həm kökəlməyək, həm də səhhətimizi zərbə altında qoymayaq?
1) İlk növbədə onu qeyd etməliyik ki, bayram süfrəsi üçün özünüzü ac saxlamağınız qəti şəkildə doğru deyil. Adi günlərdəki kimi səhər, günorta yeməyi normal qaydada yeyilməlidir.
2) Xüsusilə də, axşam qidasında yağlı yeməklər olacaqsa, bu insan orqanizmi üçün birbaşa təhlükə deməkdir. Arterial təzyiqi yüksək olan, mədə-bağırsaq xəstəliyindən əziyyət çəkən insanlar, şəkər xəstələri üçün belə ağır qidalar təhlükədir.
3) Bütün günü ac qalıb axsam ağır və kalorili yeməklər yeyən zaman həzm prosesi ləngiyir, qanda şəkər artır, həmçinin təzyiq yüksəlir.
4) Yağlı yeməkdən dərhal sonra qazlı içki içmək və ya meyvə belə insana çox mənfi təsir göstərə bilər. Piylənməyə gətirib çıxara bilər.
5) Bayram süfrəsinin menyusu tərtib olunan zaman sağlam qidalar seçilməlidir.
6) Ət yeməkləri qızarılmış formalarda yox, daha çox sobada bişmiş formada olmalıdır. Bu halda axşam yeyilsə belə bunun ziyanı olmayacaq.
7) Bayram axşamları adətən spirtli içkilər qəbul edilir. Şərabı qətiyyən ət yeməyi ilə birlikdə istifadə etmək doğru deyil. Bu daxili orqanların yüklənməsinə, gec həzm olunmasına gətirib çıxarır.
8) Toyuq yeməklərinin də sobada hazırlanması daha məsləhətlidir. Bu zaman balıq da yeyilə bilər.
9) Həmçinin Salatlar hamının alışdığı üzrə mayonezlə deyil, bitki yağları ilə hazırlanmalıdır. Daha çox tərəvəz salatlarına üstünlük verilməlidir.
10) Şirin içkilər, qazlı içkilərin əvəzinə kompotlardan istifadə tövsiyə edilir.
11) Novruz bayramında ən əsas paxlava və şəkərbura və digər şirniyyatlar yeyilir. Heç bir bayram süfrəsini bu təamlar olmadan təsəvvür etmirik. Ancaq unutmayaq ki, normadan artıq yeyilən şirniyyat orqanizmdə yüklənmə yaradır ki, bu da sonda acı nəticələrə gətirib çıxarır. İnsanlar bilməlidirlər ki, 1 ədəd şəkərburanın kalorisi 600-650 kaloridir. Bir porsiya plovun da kalorisi eynən bu qədərdir. Plov yeyərkən ən azı insanlar bunun ağır yemək olduğunu bilir, ancaq qoğal, şəkərbura, paxlavaya qətiyyən məhdudiyyət qoymurlar, ölçüsüz qəbul edirlər. Hər çay içəndə paxlava, şəkərbura yeyilir.
12) Novruz ağır karbohidratlı qidalar bayramıdır. Plovlu, dolmalı, salatlı yeməkləri yeyərkən arada məsafə qoymaq lazımdır.
13) Birdən-birə hamısını mədəyə doldurmaq olmaz. Dörd qaşıq sadə plov 1 dilim çörək deməkdir. Odur ki, gün ərzində çörəkdən imtina edərək günorta yeməyində 4 və ya 8 qaşıq plov yeyə bilərlər. Nəzərə almalıyıq ki, bayram bir gün deyil, günlərlədir. Yəni yeməkləri günlər üzrə bölmək olar, hər gün birindən istifadə etməklə çox yaxşı bayram ənənəsi yaşaya bilərik.
14) Şübhəsiz ki, bayram günü heç də hamı ləziz təamlardan imtina edə bilmir. Təbii ki, belə qidalanmaq məsləhət deyil. Ancaq həddən artıq yeyibsə, onda növbəti gün tərəvəzə üstünlük verməli, bol miqdarda qatıq yeməlidir.
15) Şirniyyatdan imtina etmək, qəbul edilən su miqdarını artırmaq lazımdır. İki-üç gün sadəcə tərəvəz, meyvə və süd məhsulları yeyərək bədəni bayramda qəbul edilən toksinlərdən və lazımsız yağlardan təmizləmək olar.
Milli bayramızı sağlıqlı yaşayaq.
Rəna Bayramova
MayoMed klinikasının pediatr və kliniki dietoloqu
(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə və ya 055 254 05 03, +970 567 874 745 whatsapp nömrəsi ilə birbaşa Rəna Bayramova ilə kontakt qura bilərlər)