is-gorusmesi-735x400

Bayramdan sonra işə necə uyğunlaşmalı?

Baxış sayı: 1. 456

Bayram günləri bitdi. Qarşıda işlər və bayramda müəyyən müddətə uzaqlaşmağa çalışdığımız problemlər bizi gözləyir. Psixoloqların fikrincə, məhz bayram günlərindən sonra ötəri tənbəllik hissi çoxlarını bürüyür. İlk iş günləri isə xüsusilə ağır sayılır.

Elnarə Kərimli ofis işçisidir. Dediyinə görə, bayram günlərindən sonra işə həvəssiz gəlib. “Bayram günlərindən əvvəl çox fəal işlədiyimə baxmayaraq, bir neçə günlük istirahətdən sonra özümdə dəyişiklik hiss edirəm. Səhər yuxudan güclə oyandım. Oyananda isə növbəti istirahət gününə qədər olan günləri saymağa başladım. Düzü, istirahətdən sonra daha enerjili və həvəslə işləyəcəyimi düşünürdüm. Amma əksinə oldu”.

Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, bayram günlərindən sonra işə çıxanda orqanizm stres keçirir. “Bu səbəbdən də bir neçə günlük istirahətdən sonra dərhal fəal iş prosesinə keçmək məsləhət deyil. İşə tədricən başlamaq lazımdır”, – deyən müsahibim bayramdan sonra ağır işlər görməməyi, vacib məsələləri həll etməkdən və önəmli qərarlar verməkdən çəkinməyi məsləhət bilir.

A.Qurbanova bildirir ki, istirahət günlərindən sonra işə uyğunlaşmaq çətin olur. “Belə ki, bayram günlərində çoxları həyat tərzini dəyişirlər. Misal üçün, işə gedərkən adət etdikləri vaxtdan daha gec yuxudan oyanmaq, gecə gec yatmaq, yemək qəbul etməyin vaxtını dəyişdirmək, uzun müddət iş görməmək və s. kimi amillər gündəlik rejimin pozulmasına gətirib çıxarır. Bu səbəbdən də bayram günlərini unudub işə başlamaq ağır gəlir”.

Onun sözlərinə görə, işə uyğunlaşmaq vaxt tələb edir. “İşə çıxmazdan 1-2 gün əvvəl hazırlaşmaq lazımdır. Bunun üçün ən əsası işə getdiyiniz zaman adət etdiyiniz vaxtda yuxudan oyanın. Əslində işə uyğunlaşmaq üçün 2-3 gün lazım olacaq. Dəyişikliklərə çətin öyrəşən adamlarda isə işə uyğunlaşma müddəti bir həftəyə qədər uzana bilər. İş rejiminə öyrəşmək tək işçilər üçün deyil, rəhbərlik üçün də çətinlik yaradır”.

Qurbanova qeyd edir ki, bayram günlərindən sonra bəzi adamların əhvalı pisləşə bilər. “Bu onunla izah olunur ki, bayram ab-havası yoxa çıxır. Şənlikdən sonra dərhal adi günlər, gündəlik işlər başlayır. Bayramdan sonra ilk iş günlərinə çoxları həvəssiz başlayırlar. Geriyə, bayrama dönmək həvəsi bir müddət insanları tərk etmir. İşdə ilk günlər darıxdırıcı olur. Tədricən işdən uzaqlaşmaq istəyi daha da güclənir. Belə ki, insanlar başa düşməyə başlayırlar ki, işə getmək lazımdır”.

Həmsöhbətim bayramdan sonra depressiyaya düşənlərin az olmadığını deyir. “Bayram günlərinin ötməsinə baxmayaraq, insanlar onun davam etməsini istəyirlər. Bir çox hallarda belə depressiya bayramdan gözlədiyimizi ala bilməməyimizlə izah olunur. Yeni ildə çoxları hər şeyin dəyişəcəyinə, daha yaxşı olacağına ümid edirlər. Əgər fikir versəniz, Yeni İl ərəfəsində bürclərə, növbəti ilin nələr vəd edəcəyinə maraq daha da güclənir”.

Depressiyaya düşməməkdən ötrü təmiz havada gəzməyin, vitamin qəbul etməyin, idmanla məşğul olmağın lazımlığını deyən A.Qurbanovanın sözlərinə görə, xüsusilə də oturaq işi olanlara, vaxtının çox hissəsini kompüterin qabağında keçirənlərə fiziki hərəkətlərə diqqət ayırmaq tövsiyə olunur. “Bayramdan sonra depressiyaya düşənlərin əhvalı pisləşir. Onları heç nə sevindirə bilmir. İş görməyə, nəsə etməyə həvəsləri olmur. Daim kədərli olurlar, ən xırda məsələlərə görə də əsəbiləşirlər. Çox vaxt adi depressiya özü keçə bilər. Əgər bu hal 1 ay davam edirsə, mütəxəssisə müraciət etmək lazımdır”.

Müsahibim istirahət günlərindən sonra işə uyğunlaşmaq üçün bir neçə məsləhət də verib. “Əgər özünüzü passiv hiss edirsinizsə, qırmızı rəngdən istifadə edə bilərsiniz. Qırmızı rəng enerji verir. Xanımlar bu rəngdən geyimlərində istifadə edə bilərlər. Kişilər isə iş yerinə hansısa qırmızı rəngdə olan əşya, məsələn, qələm qabı, kitabça, dəftər, iş yeri buna imkan verirsə, suvenir də götürə bilər. İş yerinə qoz, qara şokolad, yaşıl çay da götürsəniz, pis olmaz. Belə ki, bu ərzaqlar enerjinizi çoxaldacaq. Bundan başqa, zövqünüzü oxşayan musiqiyə də qulaq asa bilərsiniz. İşə gəldikdə isə dərhal çətin işdən yapışmayın. İş günü üçün planın tərtib olunması isə fikrinizi cəmləməyə kömək edəcək”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir