Bu gün Boz ayın 4 çərşənbəsindən sonuncusu – Torpaq çərşənbəsidir. Novruz bayramının mifik fəlsəfəsinə görə, təbiət qışda ölür, yazda dirilir. Dirilmə oyanma şəklində olur. Dördüncü ilaxır çərşənbə yazın, yeni ilin ərəfəsidir. Hər çərşənbədə bir ünsür oyanır və bunların oyanması ilə bütün təbiət dirilir və Yeni il başlanır.
Tarixçi Məmməd Məmmədovun sözlərinə görə, İlaxır çərşənbə bir sıra bölgələrdə, xüsusilə Naxçıvan, Urmiya, Təbrizdə özünün təntənəsi ilə hətta Novruz bayramını geridə qoyur.
İlaxır çərşənbənin özünəməxsus adət-ənənələri, ayinləri, oyunları var. Bu çərşənbə torpağın və özündən əvvəllki 3 mühüm ünsürün – su, od və yelin oyanması əkinçilik həyatının başlanmasına işarədir.
İlaxır çərşənbəyə bir neçə gün qalmış evlər təmizlənər. Deyilənlərə görə, bu bayramda təzə paltar geyinmək uğur gətirər. Küsülülər barışar, nəhs danışılmaz, içki içmək, nalayiq işlər görmək olmaz.
İlaxır çərşənbə gününün ertəsi günü ev sahibi bir ovuc buğda götürüb evin damına atar və bununla da evinə bərəkət-bolluq arzu etmiş olar. Bundan başqa, ev sahibi və ya ailə üzvlərindən biri kuzədə bir parça qara kömür, bir ovuc duz və bir neçə qara qəpik qoyar, sonra onları damdan atardılar. Deyilənə görə, kömür qara günün, duz acgözlük, gözüşorluluq, qəpik isə yoxsulluğun nişanəsidir. Əcdadlarımız bununla özlərini yoxsulluqdan və bu kimi şeylərdən qurtarmağa çalışarmışlar.
Novruz bayramının ən məşhur tamaşası “Kosa-kosa” tamaşasıdır. Kosanın əyninə tərsinə kürk geyindirir, üzünü möhkəm unlayır, başına şiş papaq, yaxud motal papaq qoyur, boynuna zınqırov asır, qarnına paltarının altından yastıqça bağlayır, əlinə qırmızı parça ilə çağa kimi bələnmiş çömçə verirlər. Sonra qapı-qapı gəzir, nəğmələr oxuyaraq pay yığırlar.
Kosa qışın rəmzi sayılır. Onun əynində tərsinə geyilmiş kürk və üzünə vurulmuş un qara-qışa nişanədir. Digər atributlar da köhnə ili – qışı bildirir.
Novruz bayramının və çərşənbələrin zəngin mətbəx ənənələri var. Bayram yeməkləri bir qida olsa da, bayramda onlar bayramla bağlı əlavə məna qazanır. Novruz çox geniş coğrafiyada yayılıb. Ona görə də hər bölgənin süfrəsində müəyyən fərqli nemətlərin olması mümkündür. Ümumiyyətlə isə Novruz süfrəsində yerindən asılı olaraq müxtəlif çərəzlər (qoz, fındıq, fıstıq, ləbləbi, qurudulmuş meyvələr – meyvə qaxları, qovurğa, qovut, sucuq), bal, bamiyə, bayramçörəyi, duzlu kökə, qoğal, qurabiyə, şəkərçörəyi, şorqoğalı, nabat, Novruz balığı, səbziqovurma və s. olur. Hazırda Novruz yeməklərinin şahı plov hesab olunur.
Novruz bayramı ilə bağlı inancların ən canlı şəkildə qorunduğu, yaşadığı sahə Novruz fallarıdır. Novruz falları əsasən axır çərşənbə ilə bağlıdır. Qulaq falı, qapıpusma, qulaqpusma adları altında qeyd olunan falabaxma Azərbaycanın hər bir bölgəsində geniş yayılmışdır. İlin axır çərşənbəsində ürəyində niyyət hava qaralandan sonra xəlvətcə gedərsən qonum-qonşunun qapısına. Qapı dalında durub, ayağının altına açar atıb, içəriyə qulaq asırsan. Eşitdiyin ilk kəlmə niyyətinin yerinə yetib-yetmədiyinə nişan verir. İlk kəlmə xoş mətləbə, yaxşı bir istəyə bağlıdırsa, demək, niyyətin baş tutacaq. Əgər içəridən pis söz, narazılıq, nigarançılıq bildirən kəlmə eşidərsənsə, onda istəyinə çatmaq çətin olacaq.
Qarşıdan Novruz – Yeni il gəlir. İliniz düşərli, ocağınız yanar olsun. Bayramınız mübarək!