Dünya miqyasında 23 milyon insanın yoluxduğu koronavirus haqqında daha bir araşdırmanı Almaniyanın elm adamları aparıb.
Aparılan araşdırma nəticəsində məlum olub ki, koronavirusun qapalı məkanlarda daha çox insana yoluxmasının ən önəmli səbəbi quru havadır.
Alimlərin açıqlamasına görə, havanın qurumasının ən başlıca səbəbi isə kondisionerdir.
Araşdırmaçılar kondisioner və quru havanın koronavirusun yayılmasını sürətləndirdiyini və əlevrişli mühit yaratdığını açıqlayıb.
Məlum olub ki, havasında nəmlik olan otaqlarda virus damlaları ağırlaşır və yüksək nəm səbəbindən daha çox sürətli şəkildə düşür. Beləliklə, insanların yoluxucu damlaları nəfəsi ilə çəkmə riski azalır. Lakin quru havada damlalar kiçilir və havada daha çox qalır. Bu da xəstəliyin yayılması üçün ideal mühit yaradır.
Ayrıca quru hava burunun selikli qişasını qurutduğuna görə, koronavirusun daha asan ötürülməsinə şərait yaranır. Buna görə də alimlər otaqların orta rütubətinin 40-60 faiz olmasını tövsiyə edir. Virusun yayılmaması üçün pəncərələr açılmalı, otaqda çox insan olmamalıdır.