Yeni tədris ilinin bir neçə həftəsi arxada qalıb. Dünyanın demək olar ki, bütün ölkələrinin şagirdləri təhsil müəssisələrinə üz tuturlar. Lakin elə məktəblər də var ki, onlar bir sıra maraqlı cəhətləri ilə seçilirlər. “Gencaile.az” “Publika.az”-a istinadən dünyanın qeyri-adi məktəblərinə virtual səyahət təklif edir:
Yeraltı məktəb
ABŞ-ın Virciniya ştatının Reston şəhərindəki “Terraset Elementary School PTA” orta məktəbi Birləşmiş Ştatların digər təhsil müəssisələrindən yerin altında yerləşməsi ilə seçilir. Turistlər maraq xatirinə yerin altındakı orta məktəbə baş çəkməyi sevirlər. Strukturu qeyri-adi olsa da, buradakı tədrislə ənənəvi təhsil arasında heç bir fərq yoxdur.
Qaydasız məktəb
1972-ci ildə qapılarını şagirdlərin üzünə açmış “ALPHA” qaydasız məktəb adlanır. Bu təhsil müəssisəsində daim şagirdlər üçün bayram əhval-ruhiyyəsi hökm sürür: – məktəblilərə qiymət yazılmır, ev tapşırıqları verilmir, ciddi davamiyyət qaydaları da mövcud deyil.
Dərsə hansı gün gəlməyi, hansı dərsdə iştirak etməyi şagirdlərin özləri müəyyən edirlər. “ALPHA” qaydasız məktəbində siniflər şagirdlərin yaşına yox, marağına görə fəaliyyət göstərir.
Köçəri məktəbi
Rusiyada çoban-köçəri məktəbinin şagirdlərinin bir hissəsi ötən tədris ilində sistematik təhsil ala bilmədilər, bir hissəsi isə internat məktəblərdə qalaraq aylarla doğmalarının üzünü görmədi. Bu gün problem köçəri məktəbi vasitəsilə həllini tapıb.
Belə məktəblərdən biri “Keneleken” adlanır. Rusiyanın Oleneksk rayonunun hər bir köçəri məskənində məktəbli çadırı qurulub. Şagirdlərin sayı barmaqla sayıla biləcək qədər olsa da, burada uşaqlara heç də pis dərs keçilmir.
Ümumi dil tapanların məktəbi
Cənubi Koreyanın Pusan şəhərində əcnəbilər üçün nəzərdə tutulan məktəbdə emiqrantların övladları, habelə Koreyaya işləməyə gələn ailələrin uşaqları təhsil alır. Ümumi dil axtaranların məktəbində təhsil ilboyu davam edir.
Gənc emiqrantların birinci sinfə gedən övladlarına bu məktəbdə təhsil almaq o qədər də asan deyil. Pusan məktəbinin müəllimlərinin əksər qisminin ixtisası psixologiya fənni üzrədir. Onlar şagirdlərə, əsasən, bir-birləri ilə ümumi dil tapmağı öyrədirlər.
Ətraf aləmlə ünsiyyət məktəbi
Məktəbin rəsmi adı “Mountain Mahogany”dir. Burada oxumaq almaq üçün təhsil müəssisəsinin rəsmi saytının lotereyasının qalibi olmalısan.
Məktəbdə 3 əsas prinsip mövcuddur: – zövq, təhlükəsizlik, emosional inkişaf.
Musiqi vasitəsi ilə dərketmə məktəbi
Qarlem Akademiyasının Xor məktəbində bütün fənlər musiqi ilə öyrədilir. Övladlarını bura göndərən valideynlər əvvəlcə onları səs tellərinin təlimindən keçirməlidirlər.
Məktəbin başlıca missiyası uşaqların gizli bacarıqlarını üzə çıxarmaqdır. Bu da nəğmə, rəqs və musiqi alətlərində ifa ilə həyata keçirilir.
Qaçqınlar və qeyri-leqallar məktəbi
İsraildəki “Byalik Roqozin” qaçqınlar və qeyri-leqal emiqrantlar üçün nəzərdə tutulmuş məktəbdir. Məktəbə Yer kürəsinin müxtəlif guşələrindən və ayrı-ayrı dinlərə sitayiş edən insanlar üz tutur. “Byalik Roqozin”də məktəblilərə təkcə dərs keçilmir, həm də onları yedirir və geydirirlər.
Üzən məktəb
Tonlesap gölünün səthində yerləşən üzən kənd Komponq Luonq Kambocanın gözəgəlimli yerlərindəndir. Tonlesap gölündəki məktəb sözün əsl mənasında şagirdlərin ikinci evi sayılır. Qeyd edək ki, həmin təhsil müəssisəsində oxuyan şagirdlərin böyük qismi valideynlərini itirmiş uşaqlardır.
Macəra məktəbi
Amerikada yerləşən “Watershed” məktəbində xüsusi “Farm to Table” proqramına əsasən, şagirdləri yerli fermalardan birinə aparıb iş prosesi ilə tanış edirlər.
“Watershed”in təhsili bu mənada bir neçə il sürən macəranı xatırladır. Şübhəsiz ki, burada uşaqlara riyaziyyat və ingilis dili də öyrədirlər.
Məktəblilərə memarlıq boğanaq sinif otaqlarında yox, şəhərin küçələrində tədris edilir. Coğrafiya və biologiya fənləri isə yaxınlıqdakı meşədə öyrədilir.