Hər il oktyabrlın 11-i Beynəlxalq Qız Uşaqları Günü qeyd edilir. Bəli, qeyd edirlər, sevinirlər, qız uşaqlarına sevgidən danışırlar. Övladını 13-15 yaşında ərə verənlər, qızını hələ doğulmamış həkim bıçağına doğratdıranlar nə düşünür bu gün?
Qızların haqqı rüşeym ikən tapdanır
Hər il dünyada 55 milyon uşaq ana bətnindən doğranaraq xaric edilir. Onların 20 milyonu qeyri-leqal abortlardır. Yəni, küncdə-bucaqda, evdə, həyətdə, hansısa fəaliyyəti qadağan olunmuş həkimin çirkli otağında edilən abortlar. Bu abortların hər il dünyada 70 mindən artıq qadının ölümünə səbəb olduğunu bilirdinizmi? Edilən abortların əksəriyyəti dölün 12-13 həftəliyində reallaşır. Bu, körpənin cinsiyyətinin bəlli olduğu ərəfədir. Yəni, daha açıq desəm, cinsinin qız olması körpənin yaşama şansını azaldır və bu da selektiv abort statistikasını yüksəldir.
Cinsi ayrı-seçkilik dünyanın bütün ölkələrində həmişə müzakirə edilən və heç vaxt öz həllini tapmayan bir mövzudur. Selektiv abort da bu məsələnin ən utandırıcı tərəfidir. Kasıblıq, maddi çətinlik, savadsızlıq- adını hər nə qoyursan qoy, nəticə dəyişmir. Axı arzuolunmaz hamiləlikdən qorunmaq o qədər də çətin və bahalı deyil. Bir az savad, azacıq dərrakə, çox kiçik miqdarda maliyyə. Maliyyə dediyimə baxmayın, bir aborta sərf edilənin yarısı qədər məbləğdən söhbət gedir arzuolunmaz hamiləlikdən qorunmaq üçün 4-5 illik vasitəni əldə etməyə.
Bütün təməl haqlarından məhrum qalırlar
2012-ci ildə Birləşmiş Millətlər Təşkilatının qızların cinsiyyətinə görə üzləşdiyi bərabərsizliyə diqqət çəkmək üçün qəbul etdiyi qərarla qeyd olunmağa başlayan Beynəlxalq Qız Uşaqları Gününün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrıseçkilikdən əziyyət çəkən qızlara yönəltməkdir.
Beynəlxalq Qızlar Günü bir çox ölkələr üçün aktual olan uşaq nikahlarına da diqqət çəkir. Uşaq nikahı insan haqlarının pozulması deməkdir və qızların həyatının bütün aspektlərinə mənfi təsir göstərir. Erkən nikahlar qızları uşaqlıq çağından məhrum edir. Onları zorla təhsildən yayındırır, təməl hüquqlarından məhrum edir. Beynəlxalq Qız Uşaqları Günü qızların təhsil, qidalanma, uşaq nikahı, hüquqi və tibbi hüquqlar istiqamətində bütün hüquqlarının təmin edilməsində, bu haqda məlumatlılığın artırılmasında böyük əhəmiyyət kəsb edir.
Utandıran həqiqətlər: statistika nə deyir?
Dünyada 15-19 yaş arasında olan hər 4 qızdan 1-i təminatsızdır və təhsil ala bilmir. Bu gün dünyada 600 milyon yeniyetmə qız yaşayır, 130 milyon qız uşağı isə məktəbə getmir. Pandemiyadan əvvəl gender bərabərsizliyi geniş yayılmış ədalətsizlik olsa da, pandemiyanın mənfi təsirləri ilə bu ədalətsizlik dəfələrlə artıb. Pandemiyadan sonra daha 11 milyon qızın məktəbə qayıtmayacağı təxmin edilirdi.
Dünyada 15-29 yaşlı gənc qadınlar məşğulluq və təhsil almaqda eyni yaşlı kişilərə nisbətən üç dəfə daha çox çatışmazlıqlar yaşayırlar. 20 yaşınadək hər 10 gənc qızdan biri cinsi zorakılığa məruz qalır. Bütün bu məlumatlar göstərir ki, bu gün bəşəriyyətin yarısı sistematik olaraq geridə qalıb, müxtəlif ayrı-seçkilik və bərabərsizliyə məruz qalır.
Dünyada sürətlə texnoloji imkanların genişləndiyi, bu sahədə mütəxəssis sayının artdığı dövrdə süni intellekt və məlumatların təhlili üzrə mütəxəssislərin yalnız 26 faizi qadınlardır. Texnoloji imkanlarda irəli gedə bilsə də dünya qızların bu istiqamətdə irəliləməsini məhdudlaşdırır.
Dünyanın 39 ölkəsində oğul və qızlar mirasda bərabər pay almırlar, qızların miras haqqı azaldılaraq haqları əks cinsdən olan qohumlarına verilir. Dünya qadınlarının 30 faizi əks cins tərəfindən fiziki və ya cinsi zorakılığa məruz qaldıqlarını bildirir. Sosial bərabərliyin ən yüksək səviyyədə olduğu ilk 5 ölkə İslandiya, Norveç, Finlandiya, İsveçrə və Nikaraquadır. Sosial bərabərliyin ən aşağı səviyyədə olduğu ilk 5 ölkə isə Yəmən, Pakistan, İraq, Suriya və Çaddır.
Qlobal işçi qüvvəsində iştirak nisbəti qadınlar üçün 63 faiz, kişilər üçün isə 94 faiz təşkil edir. Dünyada qadınların yalnız 41 faizi analıq müavinəti alır. Qadınların ev işlərində yükü kişilərdən 3 dəfə çoxdur. Dünyada uşaqları ilə tək yaşayan valideynlərin 84 faizi qadınlardır.
Hələ 300 il dözün qızlar!
Dünyada uşaq nikahlarının ən çox qeydə alındığı bölgənin Cənubi Asiya olduğu bildirilir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) hazırkı məlumatlarına görə, dünyada uşaq yaşda evlənən 640 milyon qadının 45 faizi bu bölgədə yaşayır. Hindistan isə uşaq nikahlarının ən çox baş verdiyi ölkələr arasında birinci yerdədir. UNİSEF dünyada uşaq nikahlarının sayının azaldığını, lakin bu azalmanın arzuolunan səviyyədə olmadığını deyir və hesab edir ki, dünyada uşaq nikahlarının tamamilə aradan qaldırılması üçün daha 300 il gözləmək lazım gələcək.
UNİSEF-in son hesabatına görə, hər il 18 yaşına çatmamış 12 milyon uşaq və yeniyetmə qız gəlin olur. Bununla belə, yeni məlumatlar göstərir ki, son 25 ildə uşaq nikahlarının sayı azalıb. 1997-ci ildə 20-24 yaş arası gənc qadınların 25 faizinin 18 yaşından əvvəl evləndiyi bildirilirdi, bu nisbət 2012-ci ildə 23 faizə, 2022-ci ildə isə 19 faizə enib. Hesabatda bildirilir ki, bu tendensiya davam edərsə, 2023-cü ilə qədər uşaq gəlinlərin sayının 9 milyona qədər azalacağı ehtimal edilir.
UNICEF uşaq nikahlarının aradan qaldırılmasında nisbi irəliləyişin əldə edildiyini qeyd edərək, bununla belə, Covid-19 pandemiyasının, qlobal münaqişələrin və iqlim dəyişikliyinin artan təsirlərinin bu sahədə çətin qazanılmış nailiyyətləri təhlükəyə ata biləcəyini də ifadə edib. Hesabata görə, təkcə Covid-19 epidemiyasının yaratdığı təsirlərin 2020-2030-cu illər arasında 10 milyona yaxın uşaq nikahına səbəb olacağı gözlənilir.
Güclü qızlar, güclü gələcək deməkdir. Qızlarınıza ağılları, bilikləri, zəkaları və şəxsiyyətləri ilə var olmağı öyrədin. Arzularını həyata keçirən təhsilli, qərarlı, zəkalı qızlarla dünya daha da gözəlləşəcək. Bizim üçün normal olan haqlar başqa bir ölkədə qızların ancaq arzusu, xəyalıdır. Bütün dünyada qızların bərabər təhsil ala bildikləri, ayrı-seçkiliyə məruz qalmadıqları və həyatları boyu öz qərarlarını verə bildikləri bir gələcək gələcək. Mütləq gələcək!
Lalə Mehralı