Valideynin ən böyük arzusu dünyaya gətirdiyi övladını daha yaxşı şəraitdə və hər təhlükədən qoruyaraq böyütməkdir. Valideynlər övladları uşaq yaşlarında nə qədər bütün təhlükələrdən qoruyaraq böyüdürlərsə, yaş ötdükcə onları bu təhlükələrdən qorumaq olduqca çətinləşir. Qoşulduğu dost mühiti, məktəb və bu kimi digər fərqli ailə uşaqlarının da birləşdiyi məkanlarda artıq uşaqlara nəzarət və müdaxilə etmək də valideyn üçün çətin olur.
Uşaqları, xüsusən 13-18 yaş aralığı müddətində onları qorumaq da səbir və əzm istəyir. Əksər hallarda bu müddəti uşaqlar və valideynlər üzüağ adlatsa da, çox vaxt uşaqlar valideynlərini sözün əsl mənasında peşman edir.
Texnologiyanın inkişafı, telefon və kompüterlərin istifadəsinin çox erkən yaşlara enməsi, uşaqların dost mühitinin geniş olması valideynlərin işini daha da çətinləşdirir. Valideynin tək yolu uşağı mümkün qədər kurslara yazdırıb məşğul etmək, dost mühitindən uzaq saxlamaq, telefon və kompüterlərdən məhrum edib onun öz fikrincə onu dostları arasında utandırmaq olur. Bu isə çox hallarda müsbət nəticədənsə mənfi effekt verir. Uşaq ailədən uzaqlaşır, soyuyur, təsəllisini pis vərdişlərdə və pis dost mühitində tapır. Valideynlə övlad arasındakı uçurumun da başlanğıcı məhz bu nöqtə olur.
Əslində psixoloqların bu mövzuda fikirləri də fərqlidir. Əksər psixoloqlar hesab edirlər ki, valideyn övladı ilə dost münasibətində olaraq onu səhv yoldan çəkindirməyi bacara bilər. Bir qisim psixoloq isə buna qəti qarşıdır. Onların fikrincə, valideyn-övlad dost münasibətinin nəticəsində övladın valideyndən çəkinməməsi, ərk etməsi və dost gözündə görərək yönəldiyi yoldan çəkilməməsi müşahidə oluna bilər. Mütləq ailədaxili qanunlar olmalı, bu qanunları valideyn qoymalı və övlad mütləq buna əməl etməlidir. Bəs “beyni qan” ərəfə adlandırılan yeniyetmə yaşlarında övladı necə qorumaq lazımdır?
Psixoloq Qurban Talıblının sözlərinə görə, şərq və qərb dünyasında fərqli gənclərin yetişməsi və tərbiyəsi göstərir ki, uşaq üçün orta bir xətt olmalıdır. Məsələn, qərbdə uşağa həddindən artıq verilən sərbəstlik ya onun yeniyetmə yaşında narkotikaya qurşanıb həyatını məhv etməsi ilə nəticələnir, ya da bilik əldə edərək üstün zəkalı bir şəxsiyyət olması ilə. Seçim gəncindir. Şərqdə isə gənc üçün seçim yoxdur. Məcburiyyət, valideyn basqısı var. Bu zaman da uşaq ya nə yol olur-olsun səhv addım atır, ya da valideynin israrı ilə təhsilli gənc olur. Davam etmir, çünki bu yolu özü deyil, valideyn seçir: “Orta xətt yoxdur. Valideynlər övladı üçün nə “gestapo” rejimi qoymalı, nə ata-ana qorxu və xofunu itirməsi üçün dost münasibətində olmalıdır. Bu gün gənclərə baxdıqda onların hansının yeniyetməlik ərəfəsində olduğunu, hansının artıq bu mərhələni adladığını bilmək çox çətindir. Çünki şəhər yaşından böyük davranan, geyinən gənclərlə doludur. Bir də baxırıq ki, valideyn övladından narazılıq edir. Bütün gün birlikdəyik, bir yerdə vaxt keçiririk amma uşaq evə alışmır, pis vərdişlərə sahiblənir. İncə məqam budur: valideyn övladla çox vaxt deyil, səmərəli vaxt keçirməlidir. İki insanın bir evdə fərqli-fərqli işlərlə məşğul olmaları onların bir vaxt keçirməsi demək deyil. Hansı valideyn deyə bilər ki, o, övladı ilə kinoya gedir, domino oynayır, rəsm çəkir, kompüter oyunlarında bəhsə girir, hər mövzuda söhbət edir və onun övladı pis yoldadır? Heç bir valideyn. Çünki valideyn övladla məhz bu sahədə dost olmalıdır. Amma bizdə dostluq anlayışı fərqlidir. Ananı incitmək, atanın sözünə baxmamaq, uşağın hər kaprizinə göz yumma, söyüş öyrətmə, bununla fəxr etmə dostluq deyil, ailədə ciddi problemlərin təməlqoyma mərasimidir”.
Çox hallarda ailənin uşağın dost çevrəsini qəbul etməməsi də uşağı bir növ o çevrənin içinə itələmək kimi olur. Dostları evə dəvət etməsinə izn vermək və eyni halda onu da dost evinə göndərmək həm uşağın harda kimlərlə vaxt keçirməsini bilməyə, həm də dostluq etdiyi ailəni tanımağa kömək edər. Eyni zamanda, “yeniyetmə yaşlarında uşağın ağlına pis şey salaram deyim” onu dünyadan bixəbər etməkdənsə ona zərərli vərdişlər və aqibətləri haqqında məlumat vermək üçün günlər ayırmaq lazımdır. Gediləcək yolun sonunda nə olduğunu bilməmək də yeniyetmə və çılğın uşaqlar üçün o yola həvəsi artırır.
Psixoloq bildirir ki, burada ən vacib məqam uşaqla valideyn arasında sağlam münasibətlərin olmasıdır. Valideyn uşağına güvənməli və uşağın da ona güvənməsinə zəmin yaratmalıdır. Bunun üçün əsas şərt valideynin qərarlı davranmasıdır, yəni uşağı ilə olan münasibətdə hər hansı hadisəyə yanaşması, tutduğu mövqe başqa bir zaman eyni hadisə baş verərsə dəyişməməlidir. Belə olduqda uşaq valideynə güvənəcək. Çox yaxşı olar ki, yeniyetməlik dövründə hər bir uşaqla öz həmcinsi olan valideyn, yəni qızla ana və oğlanla ata daha çox məşğul olsun və bu dövrün xüsusiyyətlərini onunla paylaşsın: “Nəzərə alınmalıdır ki, uşaqda öz müstəqilliyini sübut etmək arzusu və yaşın gətirdiyi aqressiv davranışlar müvəqqəti bir haldır. Unudulmamalıdır ki, yeniyetməliyin ən güclü hissləri dostluq və sevgidir. Valideynlə gənc arasında bu balans düzgün qurulduqda yeniyetməlik dövrünü ən az zərərlə keçirmək mümkündür”.