Psixoloqlar uzun müddətdir ki, beynin necə işlədiyini açmağa və şüurun sirlərini dərk etməyə çalışırlar. Aydın olub ki, sinir fəaliyyəti bizim daxili dünyamızı formalaşdırır. Bunun üçün də dünyanın hər yerində insanlar varlanmaq və xoşbəxt olmaq üçün beynin necə işlədiyinə dair kitablar oxuyurlar. Hər kəs uğurun sirrini açmağa, uğurlu və zəngin insan olmağa çalışır. Buna görə də məşhur motivator və psixoloqlar “şüuraltımız hər şeyi edə bilər” mövzusunda kitablar yazır.
Ancaq məşhur motivatorlar və yazıçılar əmindirlər ki, biz beynimizin prinsiplərini başa düşməli və təfəkkürün necə işlədiyini bilməliyik.
Bəs sirlər nələrdir?
Beyin təlaşı sevir
Hər hansısa bir problemin həllinə diqqət yetirdiyiniz zaman birdən bir mesaj, reklam, bir pişik şəkli görürsünüz və işiniz uzanır. Bu da o deməkdir ki, beyin diqqəti yayındırmağı sevir. Bu, onun təkamül mexanizmidir. O, uzun, lakin vacib bir iş yerinə, bir anlıq yayınmaya üstünlük verəcək. Özünüzü idarə etməlisiniz. Bütün qıcıqlandırıcıları aradan qaldırın. Çünki işə yenidən diqqət yetirməyiniz ən azı 20 dəqiqə vaxtınızı alacaq.
Beyin dayanmadan ideala can atır
Mükəmməlliyi ilə fəxr edən insanlar var. Hər işi mükəmməl etdiyini düşünən insanlar. Əslində isə bu beynin yaratdığı illüziyadır və bəzi psixoloqların fikrincə, bir növ nevrozdur. İdeal yoxdur. Əgər planınızı mükəmməl şəkildə başa çatdırmaq istəyirsinizsə bunun üçün daha çox çalışmalısınız.
Psixoloqlar bildiriblər ki, kifayət qədər tutarlı səbəb və peşəkar bacarıqlarınız olan yerdə işə əlavə emosiya yükləməyin. Bir işə başladıqdan sonra, çətin tərəfləri olsa belə, sona çatdırın. Sonra ona düzəlişlər edin. O zaman daha yaxşı olacaq.
Beyin inkişaf əvəzinə rahatlığı seçəcək
Mütəxəssislər bildirirlər ki, beynimiz əsasən tanış ərazidə, tanış qaydalara uyğun yaşamağı seçir. Bu düşüncə tərzi qədim dövrlərdən bəri, insanların kiçik qruplar halında kiçik torpaq sahələrində yaşadıqları vaxtdan bəri var idi, çünki həmin dövrlərdə onlarla birlikdə kənarda yırtıcılar da yaşayırdı və onlar bunu bilirdilər. Ancaq indi vəziyyət daha asandır. Buna görə də, motivatorların kitablarında da qeyd edildiyi kimi, inkişaf etmək istəyirsinizsə, asan yolu seçmək əvəzinə çətinliklərə baxmayaraq irəli getməyə çalışmalısınız. Əks halda qarşınıza çıxan şansı əldən verə bilərsiniz.
Beyin ideyaların həyata keçirilməsini gecikdirir
Çox vaxt ağlımıza parlaq olduğunu düşündüyümüz fikirlər gəlir. Lakin biz onları “onsuz da edə bilməyəcəm” fikri ilə təxirə salmaq qərarına gəlirik. Ancaq zamanı keçdikdən sonra onlar bizə bayağı görünür və ya həmişəlik unudulur. Mütəxəssislərin sözlərinə görə, bu, beynin zarafatıdır, düşünür ki, onlar bunu dərhal etmədikləri üçün başlamağa dəyməz. Lakin, unutmayın ki, üç gün ərzində planınızı həyata keçirməyə başlamasanız, onda şüurunuz avtomatik olaraq planı uğursuzluq kimi qələmə verəcək. Söhbət böyük bir layihəni üç günə bitirməkdən getmir. Ancaq ən azı ilk addımları atmaq vacibdir. Əks halda, o parlaq ideya həyata keçirilməyəcək.
Beyin sizi özünüzdən şübhələndirir
Bəzən hər kəsə elə gəlir ki, onlar nə yüksək vəzifəyə, nə də öz bizneslərinə kifayət qədər hazır deyillər. Psixloqlar bu şübhələri şüuraltı beynimizin yaratdığını bildirirlər. Beyin primitiv şəraitdə yaşayır. O, təhlükəni şişirdir ki, insan tez reaksiya verə bilsin. Bu zaman yaranan stress müdafiə reaksiyasına səbəb olur. Biz şüursuz şəkildə çətinliklərdən imtina edərək rahat və kiçik bir dünyada ilişib qalırıq. Ən bezdiricisi odur ki, bunun sizin real səriştəniz və biliyinizlə heç bir əlaqəsi yoxdur. Sadəcə qısa qapanma baş verir. Motivatorlar buna nəzarət etməli və özümüzə inanmalı olduğumuzu tövsiyə edirlər.
Röya Rasimqızı