yalan

Beynində ağ maddəsi çox olan insanlar daha yaxşı yalan danışa bilir

Baxış sayı: 1. 740

Hər bir şəxsin daxili uyğunlaşması çox önəmlidir. Bu zaman insanın daxili ilə xarici bir-birini tamamlaya bilir. Mövlanə deyir: “Ya göründüyün kimi ol, ya da olduğun kimi görün”. Yalan danışmaq daxili uyğunsuzluğu pozur. Buna görə də qarşıdakı insan anormallığı hiss edir. Lakin buna baxmayaraq davam etdirilir və uyğunsuzluq daha da artmağa başlayır.

Uşaqlar xəyal güclərinin təsiri ilə günahsız yalanlar danışa bilərlər. Bu yalanlara özləri də inandıqları üçün uyğunlaşma pozulmur. Amma böyüklərin yalan danışma istəyi, cəhdi heç də yaxşı qarşılanmır və dərhal hiss edilir. Buna görə olduğumuz kimi görünməyimiz, göründüyümüz kimi davranmağımız çox önəmlidir.

İnsan həssas olduğu üçün qarşısındakı sözə başlamazdan əvvəl bildiyi, alışdığı bədən dilindən fərqli bir vəziyyətlə qarşılaşdığı zaman şübhələnməyə başlayır. Hisslər bir fərqlilik olduğunu anlamağı təmin edir.

Yaxınlarla ünsiyyət zamanı bu hiss güvən duyğusunu zədələyir. İnsanlara qarşı hiss etdiyimiz səmimiyyətsizliyin arxasında həssaslıq qabiliyyətimiz durur. İnsanlara inandığımızı hiss etdirmək onun yalanı davam etdirməsinə səbəb olur.

Bəzi siyasətçilərə, biznesmenlərə, hər il fərqli bir komandanın geyimini geyinən idmançılara güvənməməyimizin səbəbi etdikləri ilə danışdıqlarının üst-üstə düşməməsi, uyğunlaşmamasıdır. Psixoloq Aynur Əlibəylinin sözlərinə görə, hamı həyatda yaşadığı hadisəyə bağlı olaraq yalan danışa bilər. Ancaq adam mütəmadi olaraq yalan danışırsa, buna özünü və ətrafındakıları inandıra bilirsə, qurduğu fantastik yalan dünyasında yaşamağa başlayıbsa, deməli, artıq bu, xəstəlik halını alıb.

Uşaqlarda yalan danışma isə üstün zəka əlamətidir. Torantoda aparılan bir araşdırma nəticəsində məlum olub ki, 2 yaşlı uşaqların 5, 4 yaşlı uşaqların 90 faizi yalan danışa bilir.

“Uşağın yalan danışmağa başlaması da inkişafın bir parçasıdır. Valideyn uşağının pataloji yalançı olacağına qorxmamalıdır. Və bir də çalışmalıdır ki, uşağı yalan danışmağa məcbur etməsin”.

Mütəxəssislər uzun zaman insanın yalan danışma səbəbini aydınlaşdırmağa çalışıblar. Müxtəlif araşdırmalar, sosial sorğulardan sonra məlum olub ki, yalanı xəstəlik səviyyəsində olan insanların beynində müxtəlif dəyişikliklər baş verir. Cənubi Kaliforniya Universitetinin doktoru Adrian Rayn yalançılığın 12 dərəcəli xəstəliyini müəyyən edib. 49 könüllü üzərində aparılan araşdırma zamanı məlum olub ki, yalançıların beynində ağ maddə 25 faiz daha çoxdur. Halbuki yalançılarda boz maddə 14 faiz daha az müəyyən edilib. Araşdırma nəticəsində müəyyən edilib ki, beynində ağ maddəsi çox olan insanlar daha yaxşı yalan danışa bilir.

Yalan danışmaq çox çətin bir işdir. Çünki hər bir yalançı yalan danışdığı zaman real hisslərini gizlətmək bacarığına sahib olmalıdır.

A.Əlibəyli bildirir ki, yalançılıq xəstəliyi mitomaniya adlanır. Mitomanların öz həyat fəlsəfəsi var, yəni onlar öz dünyalarında öz təyin etdikləri qaydalara görə xoşbəxtdirlər. Belə insanlar real həyatda xoşbəxt ola bilmədikləri üçün xəyallar üzərində qurulmuş bir dünyada yaşayarlar. Xəyallar üzərində qurulmuş dünyalarının təməlində sevgi və xoşbəxtlik dolu bir həyat var. Evlilik həyatları isə yalan üzərində qurulur. Çox zaman mitomanların həyat yoldaşları da onlara bənzəməyə, yalan danışmağa başlayarlar. Çox zaman evlilikləri uzun müddət davam etməyən mitomanların üzü hər zaman gülər.

Həmsöhbətimizin dediyinə görə, mitomanların yalanları sadə yalanlardan fantastik dünyaya qədər uzana bilər. “Mitomanlar müvəffəqiyyətli olmayıb, inanılmadığını görüncə, ona inanmayan insanlarla əlaqələrini kəsər”.

Mitomanlara xəstə kimi baxmaq, təcrid etmək olmaz. Çünki çox zaman onlar heç xəstə olduqlarını da bilmirlər. Belə vəziyyətdə ən yaxşı addım xəstəyə xəstəlik haqqında məlumat vermək və onu düzgün mütəxəssisə yönləndirməkdir. Onları öz dünyaları ilə baş-başa buraxmaq bir insan itirmək deməkdir. Çünki zaman keçdikcə, onlar uydurduqları dünyaya o qədər aludə olurlar ki, real həyatla bağlantıları qopur. Sonradan elə insanları real həyata qaytarmaq çətin olur.

 

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir