oronavirus (COVİD-19) pandemiyası dünyada tüğyan edir. Bəşəriyyətin bəlasına çevrilən bu virusun kökünü birdəfəlik kəsmək hələlik mümkün olmur. Virusdan yeni viruslar törəyərək əhali arasında daha sürətlə yayılır. Hər ötən gün yoluxma və ölüm sayı durmadan artır. Bütün dünyada bu bəlaya qarşı effektiv mübarizə aparmaq üçün peyvəndlənməyə start verilib. Hər bir ölkə öz əhalisini peyvənd olunmağa səsləyir, bəziləri isə bunu məcburi edirlər. Bəzi ölkələrdə isə insanların peyvənd olunması üçün hədiyyələr paylanır, pul mükafatları verilir, həmçinin digər bu kimi stimullaşdırıcı tədbirlər görülür.
Heç kim iddia etmir ki…
Azərbaycan da dünyanın bir parçası kimi COVİD-19-a qarşı mübarizəyə qoşulub. Bu məqsədlə dövlət səviyyəsində bir çox tədbirlər həyata keçirilib. Əhalinin sağlamlığını qorumaq üçün səhiyyə işçiləri tam səfərbər olub. Ölkəmizə bir neçə adda, hamıya yetəcək qədər peyvənd gətirilib. Səhiyyə işçiləri, ayrı-ayrı mütəxəssislər kütləvi informasiya vasitələrinə verdikləri açıqlamalarda peyvənd olunmağın koronovirus bəlasına qarşı mübarizədə ən effektiv yol olduğunu bəyan edir, elmi əsaslar gətirirlər. Heç kim iddia etmir ki, peyvəndlənən şəxs virusa yoluxmayacaq. Amma həm elmi əsaslar, həm də təcrübə onu sübut edir ki, peyvəndlənən şəxslər, hətta virusa yoluxsalar belə, onu peyvənd olunmayan şəxslərlə müqayisədə daha yüngül keçirir, ölüm riski ilə rastlaşmırlar.
Keçi inadkarlığı
Belə bir gerçəklik fonunda hələ də insanlar arasında peyvəndlənməyə şübhə ilə yanaşanlar tapılır. Təəssüf doğuran haldır ki, belələrinin sırasında ictimai-siyasi sferada az-çox tanınan insanlar da yer alırlar. Hər gün ətraflarında olan, yaxud yaxından-uzaqdan tanıdıqları, qohum-əqrəbaları arasında kimlərinsə bu virusdan öldüyünü müşahidə etdikləri halda belə, antipeyvənd təbliğatı aparmaqdan yorulmur, inadkarlıqla peyvəndin əhəmiyyətsizliyini sübut etməyə çalışır, məcburi peyvəndləməni insan hüquq və azadlıqlarının pozulması kimi qələmə verirlər. Belələrinin məqsədi, marağı və hədəfi nədir? Onları antipeyvənd çağırışlara nə məcbur edir?
İnsan başqasına o halda məsləhət verə bilər ki…
Mövzu ilə bağlı fikirlərini açıqlayan sosioloq Əhməd Qəşəmoğlu peyvəndə qarşı çıxanları, bununla bağlı çağırışlar edənləri təqdir etmədiyini dilə gətirib. Deyib ki, insanın bilmədiyi sahədən danışmaq həvəsi cəmiyyətimizdə böyük sosial-psixoloji bəladır: “Həyat prinsipim belədir ki, dərindən bilmədiyin bir sahə haqqında başqasına məsləhət vermək doğru deyil. İnsan başqasına o halda məsləhət verə, ona nəyisə tövsiyə edə bilər ki, sözügedən məsələyə dərindən bələd olsun, yaxud o sahənin mütəxəssisi sayılsın. Bu baxımdan kimsə zəng vurub məndən bələd olmadığım bir sahəyə dair fikir bildirməyimi istəyəndə, bundan imtina edirəm. Çünki bilmədiyim bir sahəyə dair bilgi, məlumat vermək yanlışlıq olardı”.
Yarımçıqlıq sindromu
Sosioloq deyir ki, koronovirusla bağlı ona da müraciət edib fikrini öyrənmək istəyənlərə cavabı bu olur ki, bu sahənin mütəxəssisi deyiləm, bu barədə məsləhət verə bilmərəm: “Koronavirusa qarşı mübarizə üsullarını nə şərh edirəm, nə də tənqid edirəm. Burada xeyli qeyri-müəyyənlik var. Peyvəndə qarşı çıxanları, bununla bağlı çağırışlar edənləri də təqdir etmirəm. Sosioloq olaraq yanaşmam budur ki, bizim cəmiyyətdə bilmədiyi sahədən danışmaq böyük sosial-psixoloji bəladır. Təəssüf ki, bəzi insanlar bilmədikləri sahələrdən, yaxud yarımçıq oxuduqları kitablardan, məqalələrdən amiranə danışırlar. Bu nöqteyi-nəzərdən peyvəndlənmə barəsində də dərindən bilgiyə sahib olmadan çağırış etmək yanlış addımdır. Bilməyən adam başqasına necə və hansı haqla məsləhət verə bilər? Bu, sosial-psixoloji və yarımçıqlıq bəlasıdır”.
Antimilli və antibəşəri yanaşma
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı vurğulayır ki, koronovirusun tüğyan etdiyi bir vaxtda bu virusa qarşı aparılan peyvəndləmə prosesinə qarşı çıxmaq, antipeyvənd çağırışlar etmək xalqa, mövcud hakimiyyətə xoş münasibət bəslənilməməsinin, düşmənçiliyin ifadəsidir. Millət vəkilinin sözlərinə görə, bu, sadəcə antimilli deyil, eyni zamanda antibəşəri yanaşmadır: “Xalqımız populist fikirlər səsləndirən, düşüncəsi yerində olmayan insanların çağırışlarına səs verməli deyil. Əksinə, peyvənd olunmağa daha çox maraq göstərməlidirlər. Bəzən görürsən ki, elementar orta təhsili olmayan birisi sosial şəbəkədə antipeyvənd təbliğat aparır, bunu kimlərinsə oyunu kimi qələmə verir. Oyundur, nədir, fakt budur ki, bəşəriyyət bu bəladan əziyyət çəkir. Hər gün bu xəstəlikdən insanlar ölür. Bütün dünya bu bəlaya qarşı mübarizənin içindədir. Təbii olaraq belə vəziyyətdə bizlər də özümüzü, yaxınlarımızı, əzizlərimizi qorumaq üçün qayda-qanunlara, tələblərə, şərtlərə riayət etməliyik. Bu şərtlər içərisində ən vacibi də koronavirusa qarşı peyvənd olunmaqdır”.
Geniş maarifləndirmə işi aparmaqla yanaşı…
Deputat qeyd edir ki, peyvəndləməni məcburi etmək lazımdır: “İlk növbədə Azərbaycandakı təhsil müəssisələrində çalışan bütün müəllim heyəti, texniki işçilər peyvənd olunmalı, koronovirus pasportuna sahib olmalıdırlar. Çünki onlar şagird-tələbə kontingenti ilə daim təmasda olurlar. İnsanların kütləvi toplaşdığı məkanlara, o cümlədən təhsil müəssisələrinə koronovirus pasportu, sertifikatı olmayan şəxslər buraxılmamalıdır. Ciddi şəkildə buna əməl olunmalıdır. Restoran, market və sair bu kimi kütləvilik olan, həmçinin ictimai yerlərdə insanlarımız qorunmalıdır. Hər gün koronavirusa yoluxanların və ölənlərin sayı artır. Dünya böyük bir dalana dirənib. Düşünürəm ki, bu barədə geniş maarifləndirmə işi aparmaqla yanaşı, həm də stimullaşdırıcı, hətta məcburi xarakter daşıyan tədbirlər görülməlidir”.
Rufik İSMAYILOV