Əvvəllər doğulan uşaqlar və onların anaları cəmiyyət arasında birmənalı qarşılanmırdı. İctimai qınaq elə anaları yaşayış yerini dəyişməyə belə məcbur edirdi. Bu gün isə nikahdankənar uşaq dünyaya gətirmək cəmiyyət tərəfindən normal qarşılanmasa da, artıq əvvəlki kimi reaksiya göstərilmir. Belə halların sayı da artıb.
Bəzi qadınlar karyera naminə ailə həyatı qurmağa gecikdiyi üçün nikahdankənar uşaq dünyaya gətirməklə gələcəklərini sığortaladıqlarını düşünürlər. Bəziləri isə yaşları nikaha çatmadığı üçün valideynlər tərəfindən məcburi ərə verildiyindən nikahdankənar uşaq dünyaya gətirirlər.
Ancaq son zamanlar rəsmi nikahın məsuliyyətindən çəkinib, vətəndaş nikahında yaşayan qadın və kişilərimizin də sayı artıb. Rəsmi nikahı boyunduruq kimi qəbul edən bu insanları sonradan dünyaya gələn körpələrin taleyi, demək olar ki, maraqlandırmır.
Hüquqşünas Fərid Həmidlinin sözlərinə görə, belə hallar cəmiyyətdə tez-tez baş verir. Lakin çoxları bunu üzə çıxarmır. İnsanlar rəsmi nikahdan çox vətəndaş nikahı və ya molla kəbini ilə yaşamağa üstünlük verirlər. Səbəb isə sadədir: bir çox insan rəsmi nikahı asılılıq, sərbəstliyin məhdudlaşdırılması kimi qəbul edir. Bəziləri isə düşünür ki, insanlar arasında istər rəsmi nikah olsun, istər kəbin, məcburiyyət olmamalıdır. Yəni, yaxşı ata öz övladına nikahsız da sahib çıxır. Yaxşı olmayan ata isə rəsmi nikah olsa belə, övladı ilə maraqlanmır. Yəni ideal ata olmaq sənədlərlə deyil, xarakterlə, insanlıqla bağlıdır.
F.Həmidli qeyd edir ki, Ailə Məcəlləsinin 44-cü maddəsinə uyğun olaraq, uşaq dünyaya gəldikdən sonra onun mənşəyi müəyyən edilir. Uşağın bioloji atasının adı doğum haqqında şəhadətnaməyə yazıldığı andan uşaq müəyyən hüquqlara malik olur.
“Uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuşa kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur” — deyə o əlavə edir.
Hüquqşünas qeyd edir ki, Ailə Məcəlləsinin 44.2. maddəsinə görə, uşaq aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də uşaq nikahın pozulması və ya etibarsız sayılması vaxtından, yaxud uşağın atasının ölümündən sonrakı 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq edilir.
Ailə Məcəlləsinin 44-cü maddəsinə görə, ana ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə həmin şəxsin ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən edilir.
Atalığın müəyyən olunması haqqında birgə ərizə verməyin uşağın doğulmasından sonra qeyri-mümkünlüyü və ya çətinliyi güman olunduğu hallarda gələcək uşağın öz aralarında nikahda olmayan valideynləri bu ərizəni müvafiq icra hakimiyyəti orqanına ananın hamiləliyi dövründə vermək hüququna malikdirlər. Uşağın valideynləri haqqında qeyd uşaq doğulduqdan sonra aparılır. Yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına yalnız onun razılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir.
Hüquqşünasın sözlərinə görə, nikahda olmadan dünyaya gələn uşağın hüquq və vəzifələri məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada, atalıq müəyyən olunduqda, həmin uşaq rəsmi nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyır. Amma doğulan uşağı ata qəbul etmirsə, o, ananın və ya qəyyumunun adında qalırsa, ata uşağına xoşluqla sahib çıxmaq istəmirsə, bunun məhkəmə yolu ilə həll edilmə üsulları var. Yəni qadın istəsə, övladının atasına atalıq haqqında iddia qaldıra bilər. Uşaq nikahdan kənar doğulsa da, onun digər uşaqlar kimi hüquqları var.
Qeyd edək ki, ananın aliment tələb etməsi üçün bioloji atanın adının doğum haqqında şəhadətnaməyə yazılması kifayət edir.
Sosioloq Əhməd Mansurov isə hesab edir ki, sənayeləşmənin artması və insanların öz həyatlarında daha maddi və demokratik baxımdan sərbəstlik əldə etməsi nikahdankənar münasibətlərin artmasına səbəb olur. Digər səbəblər isə daha gənc yaşlarında ailə qura bilməmə və normal cinsi həyatın olmamasıdır.
“Xüsusilə qadınlarda olan tək qalma qorxusu üstünlük təşkil edir. Müxtəlif səbəblər üzündən ailə qura bilməyən şəxslərin övlad sahib olma və cinsi tələbatlarını ödəməsinə heç kim qadağa qoya bilməz. İnsanların münasibətdə olması təbii, lakin ailə qura bilməməsi isə sosial problemdir. Beləliklə biz sosial problemlərin dövrülüyünü müşahidə edirik” — sosioloq vurğulayır.
Psixoloq Fərqanə Mehmanqızı belə uşaqların sosial münasibətlərdən asılı olaraq həmişə yaşıdlarından seçildiyini bildirir: “Müəyyən şayiələr və həqiqətlər həmin uşaqları yaşıdları arasında lağ mənbəyinə çevirir. Tədricən o uşaqlarda özünə qapanma, aqressiya və ya kin kimi psixoloji xarakter xüsusiyyətləri formalaşmağa başlayır. Atılmış uşaqlardan fərqli olaraq tərk edilmiş kimi özünü qiymətləndirən uşaqda ata məfhumuna qarşı formalaşmış kin sonradan onun xarakterində də özünü göstərməyə başlayır”.
“Bu da digər həyat situasiyalarında özünütəsdiqə maneələr yaradır. Əksər hallarda isə müəyyən uğursuzluğa düşən belə uşaqlar özlərini günahlandırır və arzuolunan uşaq olmadıqlarını paradiqma kimi fikirlərindən çıxara bilmirlər. Bu da uşağın gələcəkdə normal insan kimi inkişafına mane olur” — deyə psixoloq gələcəkdə yarana biləcək problemləri qeyd edir.