Hər bir ailə ayrıca dünyadır. Bu dünyanı quranlar sevgilərini əbədiləşdirmək istəyən qadın və kişidir. Hərdən deyirlər ki, sevgi evlilikdən bir neçə il sonra azalır, bölünür, bəzən də yoxa çıxır. Bu gün artıq 16 il evli olduqlarına baxmayaraq, hələ də bir-birini sevən, anlayan, bəzən elə lap gənclik illərindəki kimi dalaşan, amma küsülülüyə dözməyib tez də barışan bir cütlük – Toğrul Rza və Ülviyyə Rza cütlüyüdür müsahiblərim. Maraqlısı budur ki, ikisi də aktyordur, ikisi də Bakı Bələdiyyə Teatrında çalışır.
Cənnətin qurduğu Cənnət
Toğrul Rza 2001-ci ildə Mədəniyyət və İncəsənət Universitetində aktyorluq fakültəsində təhsil alan vaxt Cənnət Səlimova tədbirlərdən birində ona aparıcılıq etməyi və bu işdə özündən başqa bir oğlan və iki qız tapmağı da həvalə edib.
– Qardaşımı, aktyor Elxan Rzayevi seçdim. Qız tapmaq üçünsə universitetdə otaqları gəzib baxırdım. Birini seçdim, qaldı biri. Heç kimi bəyənmirdim. Rejissorluq fakültəsinə getdim, qızlara dedim ki, ayağa qalxın, baxım, tədbir üçün aparıcı qız seçirəm. Düzü, heç birini bəyənmədim. Bir də baxdım qızlardan biri oturub, heç ayağa da qalxmayıb. Diqqətimi çəkdi. Həm boyu, həm də gözlərindəki ifadəni çox bəyəndim. O qız – Ülviyyə həmin an təkcə tədbir üçün yox, elə ümumiyyətlə də xoşuma gəldi. Hiss etdim ki, o başqaları kimi deyil. Hər gün otaqlarının qabağından keçib ona baxırdım. İkinci dəfə keçməyə isə ürək eləmirdim, utanırdım. Artıq ona qarşı biganə olmadığımı hiss edirdim, amma deməyə də cəsarətim çatmırdı. Onu oynadığım tamaşaya dəvət etdim. Düşündüm ki, gəlsə, deməli, o da mənə qarşı laqeyd deyil.
Gözünə görünmədən çıxırdım ki…
Sən demə, Toğrul yanılıbmış. O Ülviyyəni yox, Ülviyyə onu birinci bəyənib.
– Həmin gün Toğrulu dərs cədvəlinin qarşısında görmüşdüm. Öz-özümə dedim ki, nə qəşəng oğlandır. Amma nədənsə, sevdiyi qızın dərs cədvəlinə baxdığını düşünmüşdüm. Dərsdə ağlımda qalmışdı. Birdən otağa girdiyini görəndə və aparıcılıq üçün məhz məni seçəndə çox təəccüblənmişdim. Sonradan dəvət etdiyi tamaşaya getdim, amma gözünə görünmədən çıxırdım ki, Cənnət Səlimova məni qaytardı. Dedi, gedək Toğrulla görüş. Və beləcə, Toğrulun “Ülviyyə gəlsə, deməli mənə qarşı laqeyd deyil” fikri öz təsdiqini tapmışdı.
Sənə xəyanət etmişəm
2003-cü ildə “Yanmış körpülər” serialına birlikdə çəkilirdik. Ülviyyənin əli-qolu bağlı idi. Mən də onu xilas etməli idim. O səhnədə Ülviyyə ağlamalı idi və nə qədər çalışsa da, ağlaya bilmirdi. Yaxınlaşdım, qulağına yavaşca pıçıldadım ki, sənə xəyanət etmişəm. Bir də baxdıq ki, Ülviyyə səssizcə ağlayır. O səhnə bir dubla çəkildi. Çox uğurlu da alındı.
Bir sahənin adamları və qısqanclıq
Ülviyyə deyir ki, bir sahədə çalışdığımızdan, bir-birimizi yaxşı başa düşürük. Çətinliklərimizi, üzərimizə düşən məsuliyyəti bilirik. Çalışırıq bir-birimizə problem çıxartmayaq. Toğrulsa bunun çətin tərəfindən danışdı: “Bəzən olur ki, Ülviyyənin tərəf müqabili xoşuma gəlmir. Qısqanclığım tutur. Ona görə də, bəzən aramızda anlaşılmazlıq olur. Amma axırda bir ortaq nəticəyə gəlirik. Çünki başa düşürəm, aktrisadır. Amma deyim ki, üstün tərəfləri daha çoxdur. Ülviyyə oynayacağım əsərin ssenarisini məndən əvvəl oxuyur, fikrini bildirir. İmkan olanda mən də oxuyuram. Yəni biz daim həm ailə, həm sənət baxımından ünsiyyətdəyik.
Toğrul Ülviyyəni bəzən səhnədə qısqansa da, Ülviyyə onu gerçəkdə qısqanıb. Analıq məzuniyyətində olanda Toğrul gözəl, baxımlı xanımlarla çəkiləndə o da çox qısqanırmış. Böyük anlamda dava etməsə də, arada iynəli sözlər eşitdirirmiş.
Beş dəqiqə qalmış qaçdım
Toğrul çəkilişlərin birindən danışır: “Tərəf müqabilim gənc qız çəkilişdən sonra pis olmuşdu. Dedi ki, heyf, bundan sonra görüşməyəcəyik, son gündür, ağladı. Gəldim evə. Özümdən asılı olmadan başladım onu düşünməyə. Baxdım ki, bu hiss artıq dərinləşir. Bütün günü ağlımda oldu. Səhəri gün teatra məşqdə gördüm ki, yenə də fikrim qalıb onda. Məşq etdiyi yerə gedib xeyli də gözlədim. Ora-bura var-gəl edib düşündüm. Səhv etdiyimi anladım. Qızın çıxmağına beş dəqiqə qalmış başımı götürüb qaçdım. Evə çatan kimi Ülviyyəyə danışdım”.
Yarı-yarı və ya yar-yar…
Toğrul və Ülviyyə həyatlarını bölüşdükləri kimi məişət qayğılarını, ev işlərini də bölüşürlər. Toğrul deyir ki, əgər biz bir yerdə işləyirik, bir yerdə yaşayırıq – yəni bir ailəyiksə, birimiz birimizdən üstün deyilik. Axı biz bir-birimizin yarısıyıq, bir-birimizin yarıyıq.
Şübhə varsa
Ülviyyə deyir ki, kənardan sakit bir ailə kimi görünsək də, tez-tez dava edirik: “Düşünürəm ki, nələrisə ürəkdə saxlamaq lazım deyil. Nə şübhə, narahatlıq varsa, vaxtında danışıb aydınlaşdırmaq lazımdır. Bəzən nəyisə düz başa düşməyib içimizə ata bilərik, bunun fəsadı daha böyük olar.” Toğrulsa inciklik olanda buna dözə bilmədiyini, tez barışmaq istədiyini deyir. Ümumiyyətlə, ikisindən biri tezliklə ağ bayraq qaldırır.
İki oğul
Bu gözəl ailənin iki oğlu var. Böyük oğlan daha çox siyasətlə maraqlanır, baş verənlərə münasibət bildirir. Kiçik oğulun isə yaxşı musiqi duyumu var, bəstəkar olmaq istəyir. Və uşaqların tərbiyəsi ilə, əsasən, Ülviyyə məşğul olsa da, Toğrul da bu işdə ona yardımçı olur.
İlk gündəki kimi sevirəm
Ülviyyə və Toğrul Rza cütlüyü bütün günü – evdə, yolda, işdə bir yerdədir. Bu onları bezdirmir, yormur. Ülviyyə deyir ki, bəlkə də bütün günü bir yerdə olmağımız bizi daha çox bir-birimizə bağlayıb, ayrı qala bilmirik. Toğrul olmayanda elə bilirəm nə isə çatmır.
Toğrul etiraf edir ki, Ülviyyəsiz qala bilmirəm, darıxıram. Harasa gedəndə tez evə qayıdıram: “Ülviyyə həmişə mənim yanımda olub. Nəinki fiziki anlamda, həm də bütün çətin vəziyyətlərdə, problemlərdə mənə dayaq olub. Onu ilk gündəki kimi sevirəm”.
Söhbətləşdi: Xanım Aydın
Fotolar: Firudin Səlimov/Qlobal Media Group