BMT Baş Assambleyası 1999-cu ildə noyabrın 25-ni Qadın Zorakılığına Qarşı Mübarizə Günü elan edib. Qadın Zorakılığına Qarşı Mübarizə Gününün noyabrın 25-də qeyd edilməsi təsadüfi deyil. Günün tarixi 1961-ci ildə Dominikan Respublikasında baş verən hadisədən qaynaqlanır. O tarixdə Dominikan prezidenti Rafael Truxilonun əmri ilə siyasi fəallardan olan 3 tibb bacısı vəhşicəsinə öldürülüb.
BMT-nin keçmiş baş katibi Pan Gi Mun bildirirdi ki, qadınlara qarşı zorakılıqdan qadınlarla bərabər ümumilikdə ailələr, körpələr və bütün cəmiyyət əziyyət çəkir: “Zorakılıq qadınlara öz potensiallarından istifadə etməyə icazə vermir, iqtisadi inkişafı məhdudlaşdırır”.
Qeyd edək ki, Azərbaycanda da qadınlara qarşı zorakılıqlar kifayət qədər aktual problemdir. Təkcə son aylarda onlarla qadın zorakılıq nəticəsində öldürülüb. Psixoloji, fiziki, iqtisadi və digər zorakılıqları da bura əlavə etsək, təəssüf doğuran nəticə ortaya çıxır. Ümumillikdə bu problemin bütün cəmiyyətin bəlasına çevrildiyini demək olar.
“Gencaile.az” saytı “Lent.az”-a istinadən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova ilə bu mövzuda müsahibəni təqdim edir:
– Taliyə xanım, Azərbaycanda qadın zorakılığı ilə bağlı vəziyyəti necə dəyərləndirirsiniz?
– Dünya üzrə aparılan hesablamlaara görə, dünyada hər 3 qadından biri həyatı boyu bir dəfə fiziki və ya cinsi zorakılığa məruz qalır. Hər il dünyada yüz minə yaxın qadın öldürülür, 2 milyon qadın yaralanır, 4 minə yaxın qadın evdə ağır şəkildə döyülür, 1000-ə yaxın qadın isə hər gün müxtəlif təzyiqlərlə üzləşir. Dünya ölkələrindəki statistikalara nəzər salsaq, ABŞ-da qadınların 36, Rusiyada 25, Türkiyədə 42 faizi ailə zorakılığına məruz qalır. Azərbaycanda məişət zorakılığı ilə bağlı müraciətlərin qeydiyyatı aparılır. Lakin bu müraciətlər heç də ölkə üzrə ümumi statistikanı ortaya çıxarmır. Komitə müxtəlif əraziləri əhatə edən sosioloji sorğular aparır. Lakin bu hadisələr bir çox hallarda ailə içində gizli qaldığına görə, ölkə üzrə konkret rəqəm vermək olmur. Hüquq-mühafizə orqanları baş vermiş hadisələrin qeydiyyatını aparır.
Ötən il ərzində 331 qadın cinayət nəticəsində öldürülüb. Onların 57-si zorakılıq nəticəsində qətlə yetirilib. Bu da qeydə alınan ölüm halları ilə bağlıdır.
– Azərbaycanda zorakılığın hansı forması daha geniş yayılıb?
– Məişət zorakılığı ilə bağlı faktlar arasında bədənə yüngül xəsarət yetirməklə bağlı cinayətlər üstünlük təşkil edir. Qəsdən sağlamlığa yüngül zərər vurulması ilə bağlı 947 zərərçəkən qeydə alınıb. Onların arasında qadınların sayı 729-dur. Bu hadisələrdən 17-si 18 yaşınadək qızlara qarşı baş vermiş cinayətlərdir.
Bu ilin oktyabr ayında məişət zorakılığı zəminində 14 qadın qətlə yetirilib. Ötən ilin statistikasına görə, qeyd etdiyim kimi, 57 qadın zorakılıq nəticəsində qətlə yetirilib. Bu il üzrə hələ ki konkret rəqəm vermək olmur. Lakin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciətlərin sayı çoxdur. Psixoloji zorakılıq, xəsarət yetirmə, iqtisadi, psixoloji, cinsi zorakılıq halları ilə bağlı müraciətlər var. İnsanların “Məişət zorakılığının qarşısının alınması haqqında qanun”la bağlı məlumatlarının artmasından irəli gələrək müraciətlərin sayı artıb. Müraciətlərin çoxalması o demək deyil ki, ölkədə bütövlükdə məişət zorakılığı halları artıb. Məişət zorakılığı həmişə olub. Sadəcə olaraq, bu sahədə qanun qəbul edilməmişdən əvvəl bu faktlar daha çox gizli qalırdı və ağır nəticələrə səbəb olduqda, hüquq-mühafizə orqanlarında qeydə alınırdı. Hazırda insanlar bu qanunla bağlı məlumatlıdırlar. Rayonlardan komitəyə qəbula gəlirlər. Komitə də çox sayda seminarlar, təlimlər, maarifləndirici işlər aparır və insanlar məlumatlandırılır.
– Son illərdə qadınları öldürən, boşayan kişilərin ortaya atdığı məsələlərdən biri də qarşı cinsə əxlaqsız adının verilməsidir. Bu ad altında çox qadınlar çətin həyat yaşayır. Bu problem nə dərəcədə aktualdır və qarşının alınması üçün hansı addımlar atılmalıdır?
– Bəli, xüsusilə də məhkəmə işlərində tərəflər arasında qaldırılmış iddialarda biz bəzən belə hallarla rastlaşırıq. Əsasən qadının sosial şəbəkələrdə hansısa bir yazışmalarına istinad etməklə, əxlaqsız olmalarını sübut etməyə çalışırlar və onları valideynlik hüquqlarından məhrum etməyə cəhd göstərirlər. Bu arqumentlər bir çox hallarda məhkəmələrdə sübut kimi qəbul edilmir. Qanunvericiliyə əsasən, yazışmalar sübut hesab edilmədiyindən məhkəmələr də onlara heç bir hüquqi qiymət vermirlər. Qanunvericiliyə əsasən valideynlik hüququndan qadın əxlaqsız həyat tərzi keçirdiyi halda məhrum edilə bilər. Onun keçirdiyi bu cür həyat tərzi uşağın mənəviyyatına, mənafeyinə ziddir. Amma təəəsüf ki, bir çox hallarda yazışmaları, SMS-ləri məhkəmələrə təqdim edirlər və düşünürlər ki, məhkəmə buna hüquqi qiymət verəcək. Bu, təəssüf doğuran haldır. Bu amil uşaqların da psixologiyasına çox mənfi təsir göstərir. Bir çox hallarda uşaqları da bu məsələlərlə bağlı öyrədirlər. Bu yolverilməz olsa da, insanlar buna əl atırlar. Dəfələrlə hakimlərlə görüşlərdə də bu məsələni müzakirə etmişik. Onlar da deyir ki, bu cür hallarda əsaslı dəlillər olmalıdır. Hansısa bir yazışmanı təqdim etməklə ananı valideynlik hüququndan məhrum etmək olmaz. Bunun qarşısını almaq üçün ailədə ilk növbədə sağlam mühit olmalıdır. Təəssüf ki, uğursuz ailələrdə bu cür mənfi təzahürlər ortaya çıxır.
– Qadınların yaşadıqları zorakılıqdan sonra “həyata geri dönməsi” üçün hansı işlər görülməlidir?
– Yaşadıqlarından sonra qadınların həyata geri dönməsi çox çətin olur. Xüsusilə, əmək fəaliyyəti ilə məşğul olmayan qadınların həyatında müşahidə edirik ki, ailə münasibətlərinə xitam verdikdən sonra ayağa qalxmaları çox çətin olur. Bu, çox uzun prosesdir. Çünki onlar iqtisadi cəhətdən müstəqil deyillər. Məişət zorakılığının qarşısını almaq, qadınların hüquqlarının müstəqil həyata keçirmələrinə şərait yaratmaq üçün ən vacib məsələ onların iqtisadi cəhətdən gücləndirilməsidir. Komitə hazırda bir sıra layihələr həyata keçirir. Kənd yerlərində qadınların sosial-iqtisadi cəhətdən dəstəklənməsi səmərəli layihələrimizdən biridir. BMT-nin Azərbaycan ofisi ilə birgə həyata keçirilir. Kənd yerlərində həssas qruplardan olan ailələrlə təlimlər keçirilir və onlara öz işlərini yarada bilmələri üçün imkan verilir. Müəyyən qrantlar verilir və onlar öz bacarıqlarına uyğun olaraq, müəyyən sahələrdə işlərini qura bilirlər. Qadınlara bu cür dəstək verməklə bır sıra ağır problemlərin qarşısını almaq mümkündür. Ümumiyyətlə, ölkədə qadın sahibkarlığının inkişafı məsələsi aktual məsələdir. Ölkə rəhbərinin təsdiq etdiyi bir çox mühüm sənədlərdə qadın sahibkarlığının inkişafı məsələsi prioritet olaraq irəli sürülüb. Bu istiqamətdə digər qurumlarla əhəmiyyətli işlər həyata keçirilir.
– Azərbaycanda qadınları həm dövlət, həm cəmiyyət səviyyəsində zorakılıqdan qorumaq üçün nələr çatışmır?
– Ailələrdə qadınların dəstəklənməsi çox önəmli məsələdir. Məişət zorakılığından əziyyət çəkən qadınların qanunvericiliklə onlara aid olan təminatlarından yararlanması məsələsi da çox aktualdır. “Məişət zorakılığının qarşısının alınması haqqında qanun”da həmin qadınlar üçün əhatəli yardım və xidmətlər nəzərdə tutulub. Qadınlar dövlət dəstəyi hesabına tibbi yardım ala, iş yeri ilə təmin oluna bilərlər. Müəyyən müavinətlər almaq hüququ varsa, bu hüquqlarından istifadə etməlidirlər. Hüquqi cəhətdən onlara yardım göstərilməlidir. Əgər onlar ailədə təhlükəli vəziyyətdədirsə, sığınacaqla təmin olunmalıdırlar. Qanunda çox geniş təminatlar var. Təəssüf ki, bu gün Azərbaycanda məişət zorakılığından əziyyət çəkən istənilən insan üçün dövlət yardım mərkəzli sığınacaqlar yoxdur. Ancaq qeyri-hökumət təşkilatlarının bir neçə belə sığınacağı var. Bunlar da yetərli deyil. Biz bu məsələni dəfələrlə qaldırmışıq və ümüd edirik ki, bu istiqamətdə işlər aparılır. Yenə qeyd edirəm ki, qadınların iqtisadi cəhətdən müstəqilliyi çox önəmlidir. Bu məsələ ölkə səviyyəsində gücləndirilməlidir. Ailələrdə qız uşaqlarına ailənin ikinci dərəcəli üzvü kimi baxılmamalıdır. Ailələrin bir çoxunda bu cür yanaşmalar var. Onların təhsil imkanları məhdudlaşdırılır. Qız uşaqları dəstəklənməlidir. Erkən nikahların qarşısı alınmalıdır. Azərbaycanda erkən nikahların qarşısının alınması istiqamətində səmərli işlər görülür. Bunun nəticəsidir ki, erkən nikahların sayı kifayət qədər azalıb. 15-17 yaş dövründə uşaq dünyaya gətirilməsi faktları da azalıb. Komitə gender bərabərliyinin ölkədə təmin edilməsi, məişət zorakılığının qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı layihələrini hazırlayıb və artıq digər qurumlara da təqdim olunub. Təkliflər yığıldıqdan sonra həmin sənədlər Nazirlər Kabinetinə təqdim ediləcək. Hesab edirəm ki, həmin sənədlər də qadınlara çox böyük imkanlar yaradacaq.
Azərbaycanın müxtəlif bölgələrində yerləşən Heydər Əliyev mərkəzlərində Qadın Resurs Mərkəzləri fəaliyyət göstərir. Həmin mərkəzlər yerləşdiyi ərazinin qadınlarını cəlb edir, şəxsi inkişafları ilə bağlı təlimlər, maarifləndirici tədbirlər, kurslar təşkil edir. Gələcəkdə bu cür resurs mərkəzlərinin sayını artırmaq fikrindəyik və bu cür mərkəzlərə ehtiyac olduğunu düşünürəm.