228224_pkpz52dw6a

Bir il fərqlə yüksək bal toplamış Məmmədzadə bacılarının sirri nədir?

Baxış sayı: 577

İmtahanlar yaxınlaşır. Abituriyentlər həyəcan və səbrsizliklə növbəti dərs ilində tələbə olub-olmayacaqlarını bilmək üçün həm var gücləriylə oxuyur, həm də yüksək nəticə əldə etmək üçün metod və üsulları araşdırırlar. Biz də “Aran” olaraq, gənc dostlarımızın bu işini asanlaşdırmaq, eyni zamanda uğurlu gənclərimizi tanıtmaq üçün bu dəfə iki bacını bir mövzu üçün həmsöhbət seçdik.

Onlar M.F.Axundov adına Ağcabədi şəhər 3 saylı məktəb-liseyin yetirmələri Çinarə və Arzu bacılarıdır. Çinarə 2016-cı ildə 675 bal toplayaraq Prezident yanında İdarəçilik Akademiyasının Hüquqşünaslıq fakultəsinə daxil olub. Hal-hazırda özünün qurucusu olduğu təhsil şirkətinin rəhbəridir. Arzu isə 2016-cı ildə rekord balı, yəni 700 bal toplayıb və təhsil üçün İqtisad Univeristetinin Maliyyə ixtisasını seçib. Hal – hazırda “Pashabank”-da çalışır. Qeyd edək ki, bacıların bir qardaşı da var. O da, Amerikada təhsil alır. Onların şəxsi karyera və indiki uğurları haqda gələn dəfələrdə mütləq danışacayıq. İndi isə, istəyirik bir az əvvələ, bu iki bacının abituriyent olduğu illərə qayıdıb, bəzi suallara cavab axtaraq.

Elə isə,yol böyüyündür deyib, ilk sualı Çinarəyə verək. Sonra eyni sualı, Arzuya ünvanlayaraq bu minvalla davam edərik.

– İmtahanda yüksək bal toplamağın sirri varmı, yoxsa bu sirr söhbəti sadəcə mifdir?

Çinarə: Başlıca məsələ hədəfdir. Hədəfi olmayan insan, yelkənsiz qayıq kimidir. Nə qədər külək olsa da, onu limana çatdırmayacaq. İkinci isə, qoyduğun hədəf uğrunda çalışmaqdır. Bəzi məsələləri şansa buraxmaq olmaz. Əldə etmək üçün gərək zəhmət də çəkəsən.

Arzu: İmtahanda yüksək bal toplamağın sirri yoxdur. Sadəcə oxumaq lazımdır (gülür). Əsas çox oxumaqdır, ancaq hər insan individualdır. Ona görə də hərənin öyrənmə, qavrama vaxtı, metodu fərqlidir. Elə insan var ki, bir mövzunu bir saata, eləsi də var ki, 10 dəqiqəyə öyrənir. Bir də diqqət önəmlidir, fikrini cəmləyib 1 saat oxumaq, başdansovdu 10 saat oxumaqdan daha effektivdir.

– Keçək ikinci mərhələyə. Deyək ki, lazım olan bal toplandı. Abituriyent ixtisas seçimi edərkən, nələrə diqqət etməlidir?

Çinarə: İxtisas seçimindən öncə, hər şagird qrup seçimini doğru etməlidir. Valideyn və müəllimlər məktəbliləri daha müvəffəq ola biləcəkləri sahəyə yönəltməlidir. Misal üçün, kimsə dəqiq elmləri yaxşı bilmirsə, üçüncü qrupu seçməməlidir. Bu metod yüksək bal toplamaq üçündür. Məqsəd isə, bu olmamalıdır. Yanlış qrupu seçmək, yanlış ixtisas, dolayı yolla heç sevməyəcəyin sahə və dolayısıyla iş deməkdir.

Arzu: Ali məktəb seçimində karyeranı düşünmək mütləqdir. Özünə sual verməlisən, filan univeristeti oxumaq mənə karyera qurmaq üçün nə verəcək? İkinci əsas götürülməli məqam xarici dildə tədrisdir. Ələlxüsus, ingilis dilində təhsilə günümüzdə xüsusi önəm verilir. Seçilən univeristetin xaricdə təhsil proqramlarının olub-olmamasına da mütləq baxılmalıdır. Ölkəmizdəki bəzi universitetlər bu sahədə həqiqətən də çox inkişaf edib.

– İkiniz də demək olar eyni dönəmin abituriyentisiniz. Eyni imtahanları vermisiniz. Uğurlu abituriyent, sonra da bakalavr pilləsini bitirən gənc kimi bu günün imtahanları, qısası, test üsulu ilə razısınızmı? Çoxları bunun əzbərçilik yaratdığını iddia edirlər. Bəs sizcə? 

Çinarə: Mən öz adıma deyə bilərəm ki, test üsulunu o qədər də dəstəkləmirəm. Test üsulu imtahanı yazandan çox yoxlayanlar üçün sərfəlidir. Çünki testi yoxlamaq daha asandır. Amma cavab olaraq yazılmış bir mətni, cümləni yoxlamaq o qədər də asan deyil. Buna ciddi diqqət və uzun vaxt lazımdır. Ümumiyyətlə, test üsulu öyrənmə qabiliyyətini, analiz bacarığını azaldır.

Arzu: Mən bu barədə bacımdan fərqli düşünürəm. Mənə görə yazılı mətnin qiymətləndirilməsi müəyyən şəxslər tərəfindən aparılacağı üçün məsələ daha çox obyektivlikdən çıxaraq, subyektiv hal alacaq. Misal üçün testi yoxlayan adam işə gələrkən yolda pul qabını itiribsə, bu onun qiymətinə təsir edə bilər. Standart test üsulundə şəffaflıq daha çoxdur.

– Son olaraq şagird və  abituriyentlərə nələri tövsiyə edirsiniz?

Çinarə: Şagirdlər son siniflərdən yox, vaxtında öz təhsilləri, ixtisasları, gələcək peşələri barəsində düşünsünlər. Valideynlər də bu sahədə övladlarına dəstək olsunlar. Son olaraq xaricdə təhsil barəsində məxsusi maraqlanmağı tövsiyə edərdim. Hər bir abituriyentə bol şans diləyirəm.

Arzu: Çox oxusunlar. Öyrənmək, bilik heç vaxt itmir. Hətta univeristetə qəbul olmasalar belə, bilikli gənc olmağın özü belə günümüzdə böyük uğurdur. Universitet çox şeydir, amma hər şey deyil. Hər kəsə uğurlar…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir