usaqlar

Bir uşağın nəyə ehtiyacı var? – 6 QIZIL QAYDA

Baxış sayı: 785

Uşaqlar həyatımızın ən böyük sevinci olmaqla bərabər, narahatlığımızın, qorxularımızın da səbəbkarlarıdır. Ona görə də onlara qarşı diqqətli olmalı, qayğı göstərməliyik.

Uşaqlar nə istəyir? Onlar hər şeyi istəyir. Bütün istəklərini tanımaq, anlamaq və yerinə yetirmək demək olar ki, mümkün deyil. Uşaqlar vitrində gördüyü oyuncağı və ya havada gördüyü təyyarəni də istəyə bilər. Təbii ki, istədiklərini əldə edən uşaqlar xoşbəxtlikdən göyə uçur. Amma bir uşağın istədikləri, sadəcə bunlar deyil. Onları xoşbəxt görmək üçün mağazadan şirniyyat almaq yetmir. Gəlin, bu suala cavab verək. Bir uşağın nəyə ehtiyacı var?

Psixoloq Fuad Əsədov Lent.az-a açıqlamasında bildirib ki, bununla bağlı 6 qızıl qaydanı bilmək vacibdir:

1. İlk növbədə bir uşağın təhlükəsizliyi hiss etməyə ehtiyacı var. Xüsusilə çox döyülən uşaqlar həmişə özlərini təhlükədə hiss edirlər. Çünki sevdikləri insanlar onları incidir və onlar heç yerə gedə bilmirlər. Uşağın sabit ailəyə ehtiyacı var. Valideynlər uşağa həm fiziki, həm də mənəvi dəstək ola biləcək məsafədə olmalıdırlar. Uşaq özünü narahat hiss edəndə, bunu valideynləri ilə bölüşə bilməlidir. Ona görə valideynlərin də bir-biri ilə yaxşı yola getməyi lazımdır. Uşaq vaxtı bu tələbat ödənməyəndə, insan həyatı boyu insanlara güvənmir və psixoloji rahatlığı üçün çox az şey edə bilir. Bu tip insanların xüsusilə dostluq və sevgi həyatları sıxıntılı olur.

2. Valideynlərdən sevgi, şəfqət və empatiya görmək də uşaq üçün son dərəcə önəmlidir. Bəzi valideynlər başları sakit olsun deyə uşaqlarının əllərinə telefon, planşet verir və özləri heç maraqlanmırlar. Bu tip uşaqlar yetişkin həyatlarında da insanlara bağlanmaqda çətinlik çəkirlər.

3. Bir uşağın valideynləri tərəfindən müstəqil yaşamaq bacarığını inkişaf etdirilməsinə ehtiyac var. Bu o deməkdir ki, siz valideynlərinizin olmadan da müəyyən şeylər edə bilirsiniz. Əgər ailəniz sizə tək başınıza nələrisə bacarmağı öyrədibsə, sizə uşaq olarkən müəyyən məsuliyyətlər veribsə, sizə cəsarətli olmağı, analiz etməyi və özünüzü müdafiə etməyi öyrədibsə, nə xoş sizə. Amma əgər həddən artıq qoruyucu bir ailədə böyümüsünüzsə, valideynləriniz sizin yerinizə hər işinizi görübsə, sizə azadlıq veribsə, o zaman bu gün də azad yaşamaqda çətinlik çəkir və bir valideyn fiquruna ehtiyac duyursunuz. Qoruyucu valideynlərin niyyətləri yaxşı olsa da, uşaqlarının yetişkin həyatını məhv edirlər.

4. Uşaqların ən böyük ehtiyaclarından biri özgüvəndir. Amma tənqidçi valideynlər var. Onlar uşaqlarını hər zaman tənqid edir və onlardan daha yüksək nəticələr gözləyirlər. Bu tip valideynlərin xoşuna gəlmək mümkün deyil, çünki onlar üçün daima “daha yaxşısı” var. Onlar sizin, sadəcə qüsurlarınızı görürlər. Uşaqlarsa qüsurlu olduqlarına çox tez inanırlar və düşünürlər ki, ailələri onları sevmir. Belə uşaqlıq keçirən insanlarda böyüyəndə də özgüvən problemi görünür.

5. Uşaq özünü ifadə etməlidir və valideynlər onu dinləməlidir. Amma bir çox hallarda valideynlər uşaqlarının onların istəklərinə boyun əyməsini istəyir. Düşünürlər ki, bu tərbiyədi. Uşaqlarını daima öz istəklərinə uyğun yönəldirlər. Belə ailələrdə uşaqların istəkləri ciddiyə alınmır. Uşaq da valideynlərimin istəklərinə uyğun yaşayır və onları məyus etməmək üçün öz istəklərinizi unudur, valideynlərə boyun əyirlər. Bu, bir növ valideynlər tərəfindən uşaqların istifadə olunmasıdır. Bu olduqca böyük bir problemdir. Çünki bu tip insanlar həyatları boyunca valideynlərinə, müdürlərinə, həyat yoldaşlarına boyun əyirlər. Nəticədə, öz istəkləri olmur, həyatları boyunca əsəbi və sıxıntılı olurlar.

6. Bir valideynin uşağına öyrədə biləcəyi ən dəyərli şey real limitlərdi. Bəzi valideynlər övladlarını çox ərköyün yetişdirirlər, uşaq nə istəsə onu edirlər, onu bütün məsuliyyətdən və nizam-intizamdan azad edirlər. Bu tip uşaqlar ağlamaqla istədikləri hər şeyə çatırlar. Nəticədə böyüyəndə, sadəcə öz istəklərini nəzərə alır, başqalarını düşünmür və intizamlı hərəkət eləmirlər. Nəticədə həm sosial həyatları, həm də iş həyatları təhlükəyə girir. Buna səbəb olan başqa bir amil də var. Bəzi valideynlər uşaqlarını çox tənqid edir və onlara özlərini dəyərsiz hiss etdirirlər. Nəticədə, bu uşaqlar böyüyəndə dəyər duyğularını qazanmaq üçün sadəcə özlərini düşünür, öz istəklərini və hislərini hər şeydən üstün tutaraq özlərini məmnun etməyə çalışırlar. Ona görə də intizamsız olurlar. Çox siqaret çəkir və çox içirlər. Narsistlər adətən real sərhədləri tanımayan uşaqlar arasından çıxır.

Ona görə də uşaqlarınıza təhlükəsizlik, sevgi, azadlıq, özgüvən hislərini verin, onların istəklərini nəzərə alın və onlara həyatın real sərhədlərini öyrədin.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir