“İdarə edə bilməyəcəyim problemlərin içində başımı itirib yanınıza qaçmışam. Nolar, mənə nəfəs almağa bir pəncərə açın…”
Belə girmişdi həmin gün içəriyə. Təlaşı ilə məni də ən az özü qədər narahat etmişdi Nigar. Ümidi ən böyük sakinləşdiricisi olan gənc qadın nə yaşamışdı ki, bu dəfə özü özünə çarə ola bilmirdi?
– Əl bacarıqlarım o qədər də yaxşı deyil, bəlkə zehin gücüylə aça bilərik. Ən azından bir yoxlayaq. (gülümsəyirəm)
– (gülümsəsə də tələsik mövzuya girmək üçün fürsət axtarır) Bilmirəm yadınızdadır ya yox, onsuz da Raufla problemlərimiz var idi. Uşaq olmurdu deyə aldığım müalicələr sinirlərimi pozmuşdu təmiz. İndi uşaq da var, amma heç cür toparlana bilmirəm. Əvvəlki şən-şux Nigar gedib, yerinə qaraqabaq, pessimist bir qoca qarı gəlib sanki. Hər günümü “bircə bu gün quratsaydı” deyə yaşayıram. Təkrarı və əvəzi olmayacağımı bildiyim halda. Mən bu qədər uşaq arzulayan biri indi uşağın qığıltısından belə xoşbəxt ola bilmirəm. Nə olub mənə anlamıram. (ağlamağa başlayır)
– (gəldik məndən -əslində isə özünə etiraf etməkdən qorxduğu- gizlətmək istədiyi məsələyə. Mən Nigarı universitet dönəmindən tanıyıram. Həmişə də gözəl söhbətlərimiz olub, hiss edirəm ki, mənə yalan deməyə də üzü gəlmir. Amma həmin gerçəyi səsləndirməyə də dili gəlmir. İndi elə cümlə qurmalıyam ki, bizi gerçəyə aparsın) Rauf yenə divanda yatır?
– (Göz qapaqlarının içində gizlətdiyi yaşların hamsını birdən tökməyə başlayır.) Əvvəl uşaq balaca idi deyə mən hər dəqiqə onu əmizdirirdim. Hər dəfə onu beşikdən götürüb sonra yenə beşiyə qoymaq məni qorxudurdu. Rauf da dedi ki, yuxulu olarsan, uşaq əlindən düşər. Siz yataqda yatın, mən keçərəm divana, uşağın rejimi yaranana qədər. Açığı, mən də qorxurdum deyə razılaşdım. Heç altı ay çəkmədi uşaq rejimə düşdü. Mən də bir az toparlanmışdım. Özümü “süd verən inək” kimi görməkdən də xilas etmək üçün qızımın gecə yeməyini yavaş-yavaş tərgitdim. Qadın olmaq üçün darıxırdım, açığı. Raufa da dedim bunu. Qızım artıq yerində yata bilir, gecələr də demək olar ki, oyanmır. Gəl, yatağına… Başladı, nə başladı! “Sənin başın xarab olub?! Çağadı hələ o! Sən necə anasan ki, öz kefinə düşmüsən! Utanırsan heç?!” O bu sözləri elə tonda deyirdi ki, mən başladım özümə qapanmağa. Analığımı sorğulamağa.. Özümü nə qadın, nə ana kimi yararlı hiss etmirdim. Son altı ayda yemək və qaranlıq otaqdan başqa heç nə xatırlamıram… Rauf da bunu hiss edirdi, amma heç çabalamırdı. Mən axmaq da düşünürdüm ki, qızımı bu qədər sevən adamı necə də incitmişəm… Sonra qərar verdim ki, qızım yanımda qalsın, mən o yatandan sonra qonaq otağına keçim. Bir-iki dəfə elədim də. Mənə çətin olurdu, yuxum tamam bölünürdü. Amma belə də davam edə bilməzdi deyə bu çətinliyi gözə alırdım. Amma gördüm ki, bu Raufun heç xoşuna gəlmədi, adi bir tıkkıltıda qızın ağlamağın bəhanə edib məni otağa yollayırdı. Bu dəfə qoymadım ki, məsələ o yerə çatsın ki, o yenə mənim analığımı sorğulasın. Razılaşdım ki, düz deyirsən. O da məmnun oldu bundan. Həmin gündən etibarən bir həftə gecə səhərəcən yatmayıb onu izlədim. Bütün gecəni kimləsə yazışırdı (O, gecələr telefondan çox istifadə edir, hər dəfə də xaricə mail yazdığını, ora ilə buranın saat fərqi olduğunu deyirdi) Üz mimikalarında və yazışma intensivliyindən bunun mail olmadığını anladım. Amma kiminlə danışdığını bilmirdim. Mən nə onun telefonunu izləyə bilməzdim, nə də açıb baxa. Öz mədəniyyətim buna icazə vermirdi. Amma gözümün içinə baxa-baxa məni axmaq yerinə qoyması məni dəli edirdi. Hələ günahı da mənə yıxmağı… Anamdan xahiş etdim ki, bir həftəlik gəlib bizdə qalsın. Raufa da dedim ki, xəstələnmişəm, uşağa keçsin itəmirəm. Açığı, bu onu heç maraqlandırmırdı və razılaşdı. Bir həftə hər gün Raufdan həmən sonra evdən çıxırdım (anama həkimə getdiyimi deyirdim, o isə təkid edirdi ki, qoy, Rauf aparsın. Mən də izah edirdim ki, Raufun işləri çoxdur, çatdırmır) İki gün sonra evdən olduqca əsəbi çıxdı, amma işə getmədi. Öncə bir gül dükanı, sonra Razinə tərəf yollandı. Müştəri ilə görüş ola biləcəyini düşünüb tələsmədim. Yaxşı ki, də səbr etdim, yoxsa, heç nəyi sübut edə bilməzdim. Maşını bir az uzaqda saxlayıb əlində çiçəklə bir bina qədər yeridi. (Rauf belə şeyi heç sevmir əslində) Nəhayət bir yenitikiliyə daxil oldu. Liftə olanda dayanıb gözlədim ki, liftin neçədə dayanacağını görüm. Sonra mən də o mərtəbəyə qalxdım. Səslərdən anladığım qədəriylə Rauf gecə onun xətrinə dəyib deyə qız ondan küsüb, bu isə səhər işə belə getmədən gəlib ki, onun könlünü alsın. (Raufun işi elədir ki, orda icazə almaq və gecikmək yolverilməzdir.) Sakitcə qapını döyüdüm. Qapını öz eviymiş kimi Rauf açdı. O məni görüb çölə çıxdı və qoymadı ki, içəridəki qızı görüm…
Sonra..?!
Sonra heç nə… Başıma döyə-döyə evə gəldim, anamı və uşağı götürüb evdən çıxdım. Ana nə isə pis bir şey olduğunu anlayıb qorxusundan sual da vermirdi. Rauf arxamca evə gəlsə də, artıq gec olduğunu bilirdi.
İndi üç aydır mənim sakitləşməyimi gözləyir. Elə bilir ki, əsəbiyəm… Halbuki mən əsəbi deyiləm. Əvvəllər adi bir baş ağrımı belə hiss edən adam indi öldüyümü görmür. Biz aramızdakı doğmalıq duyğusunu itirmişik və mən əlimdə bir uşaqla bu hislərlə üzləşməyə qorxuram. Hamı mənə “bir q.bəyə görə ailəni dağıdıb onları sevindirmə!” deyir. Mən isə o qadına verilən dəyərə baxanda hiss edirəm ki, q.bə o yox, mən imişəm. Mən bir il adam yerinə qoyulmadığım halda bircə dəfə qəlbimin qırıldığını düşünməyib, ancaq o gecəylə necə hiss etdiribsə öz həssaslığını, səhər ilk iş onun könlünü almaq olub. Nahar və iş çıxışını da gözləməyib ha.. Mən boğuluram, nəfəs ala bilmirəm. Mənə kömək edin… (için çəkərək ağlayır)
Belə…
Bəzən belə də olur. Həssaslıqlarımız bizə qarşı silah kimi istifadə olunur. Biz isə daxili sorğulamamızdan özümüzü qalib çıxara bilmirik. Çünki özdəyərimiz aşağıdır. Ona görə də bizə deyilən bütün iradların GERÇƏK olduğuna inanırıq. Biz cəmiyyət olaraq anlamalıyıq ki, özümüzə verəcəyimiz sevgini başqasına verdiyimiz zaman insanlar qəribə bir “rahatlığa” qovuşur və zamanla bu sevgidən sıxılır. Çünki hər insanın sevilmək qədər sevmək hissinə də ehtiyacı olur. Bizlər isə adətən, fərqində olmadan, onun bu hissini əlindən alaraq, onu hansısa qayğıdan xilas etdiyimizi düşünürük. Halbuki necə ki, qənd yanında çay olarsa dəyərlidir, eləcə də sevilmək sevməyə icazə verdiyimiz adamda gözəldir.
Bu topumun içində Rauflar və Nigarlar olduqca çoxdur. Və ən pisi də odur ki, onlar heç biri nə günahkar deyil, nə də ki, xoşbəxt. Bu natamamlıq hissi ilə ən dəqiq yaşadıqları duyğu günahkarlıqdır…
Psixoloq Əfsanə Rüstəmova