Tarixin gizlinlərini, bu barədə araşdırmaları oxumaq əla məşğuliyyətdir. Amma bu sirrləri gün işığına çıxarmaq böyük səy tələb edir. Tələb olunanlar arasında ən önəmlisi faktlar və sənədlərdir.
Beləliklə, oxucularımızı birinci dünya mübaribəsinin sirləri barədə məlumatları bölüşürük.
Birinci dünya müharibəsinin üstündən yüz il vaxt ötsə də, bu hadisə bu günə qədər də tarixin kifayət qədər müəmmalı səhifəsi olaraq qalır. Məsələn, heç bir tərəf müharibə etmək istəməsə də, müharibənin başlaması maraqlı faktdır. Hərbi qarşıdurma nəticəsində milyonlarla insan həlak oldu. Dünyada qüvvələr balansı dəyişdi.
Tarixçilərin iddiasına görə, müharibənin təşəbbüskarı Böyük Britaniya idi. Şəxsi məqsədlərinə nail olmaq üçün Britaniya yoxlanılmış üsuldan istifadə edərək Rusiya və Almaniyanı döyüş meydanına atdı. Bu gün də müasir dünyamızda Rusiya və Çin döyüş meydanına atılmaq üzrədir.
Qərbdə Birinci dünya müharibəsini “bütün faciələrin anası” adlandırırlar. Məhz bu müharibədən bir çox avropalı XX əsrin başlanğıc hesabını aparır. Birinci dünya müharibəsi haqqında çox şey yazılsa da, real tarix, çoxsaylı arxiv sənədləri arasında gizlidir. Bu gün artıq şahidlər tərəfindən qeydə alınmış yazıları oxumaq mümkündür. Bu şahidlər o dövrü və hadisələri öz gözləri ilə görüblər. Şahid yazıları əsasında o dövrün hadisələrini təsəvvür etmək və böyük dünya dövlətlərinin bu müharibədə iştirak dərəcəsini qiymətləndirmək mümkündür.
1910-cu ildə Almaniya Reyxsbankı 100 marklık banknotlar çap edir. Bu pul banknotunun üzərində Almaniyanın alleqoriyası kimi döyüşçü qadın təsvir edilmişdi. Qadının ayaqları altında dövlətin gəlir mənbələrinin simvolları var idi. Döyüşçü qadın Tevton palıdı yanında, dəniz sahilində oturub. Dənizdə isə iri döyüş gəmiləri üzür. Banknotun hər simvolunun xüsusi mənası var. Məhz 1910-cu ildə Almaniya müasir, qüdrətli dəniz donanması yaratmaq üçün proqramı həyata keçirməyə başlayır. Bu donanmanın əsasını ən müasir gəmilər təşkil edirdi. İlk zirehli gəmi 1907-ci ildə ingilis tərsanəsində inşa edildi. Məlum oldu ki, o dövrdə heç bir donanma bu sinifə məxsus gəmilərə qarşı mübarizə apara bilmir.
Britaniyalılar tezliklə anladılar ki, Almaniyanın hərbi dəniz donanmasını yeniləməsi planı hansı təhlükələrə səbəb ola bilər. Çünki alman gəmilərinə qarşı dirənmək üçün ingilis donanması da yenilənməli idi. Bunun üçün isə vaxt və böyük maliyyə tələb edilirdi. Bundan başqa yenidən silahlanmaq üçün köhnəlmiş gəmilər silinməli və hərbi tərsanə yenidən qurulmalı idi. İngiltərə dənizlər üzərindəki liderliyini əldən verməyə qorxurdu. Bu səbəbdən hökumətin birinci işi rəqibi aradan götürmək idi. Bunu isə qısa müddətə başqasının əli ilə etmək lazım idi. Britaniya bu üsuldan çoxdan və kifayət qədər uğurla istifadə edirdi.
Almaniyada isə dənizlər üzərində hakimiyyət əldə etmək perspektivi şad əhval-ruhiyyə yaratmışdı. Bu dövrə qədər artıq Almaniyanın güclü ticarət donanması var idi və bu donanma hesabına dövlət qlobal ticarətin liderinə çevrilmişdi.
XX əsrin ilk illərində Rusiya və Almaniya arasında mehriban qonşuluq münasibətləri qurulmuşdu. Vilhelm hətta əmisi oğlu II Nikolaya ABŞ prezidenti Ruzveltin Rusiyaya olan xoş münasibətindən istifadə edərək Yaponiya ilə münasibətləri düzəltmə məsələsində məsləhətləri ilə kömək edir.
Alman və rus xalqları arasında bu qanlı provokasiyanın arxasında kim durmuşdu? Hər iki xalqı qızışdıran ictimai rəyi kim formalaşdırdı?
Bir çoxları hələ də düşünür ki, Birinci dünya müharibəsinin qızışdırılmasında Rus çarının əmisi oğlu olan Alman kayzeri günahkardır. Amma əldə edilən məlumata əsasən, 1914-cü ildə II Vilhelm mənəvi cəhətdən depressiyada idi. 1908-ci ildə kayzer və onun yaxın ətrafına aid olan qalmaqallar ölkədəki nüfuzunu zəiflətmişdi. Bu səbəbdən müharibə başlayanda II Vilhelm ölkənin real rəhbəri kimi qəbul edilmirdi. Bunu isə 1914-cü ilin iyul ayına aid kanslerin şəxsi qeydləri sübut edir. Bu dövrdə Almaniyanın ən nüfuzlu şəxsli knyaz Bismark idi. Bismark 1890-cı ildə sürgünə də göndərilmişdi. Amma ölkədə baş verən hər şeyə Bismarkın təsiri çox böyük idi. Bismark Rusiya ilə müharibə etməyi avantüra hesab edirdi. Amma Böyük Britaniyanı özünün müttəfiqi hesab edirdi və britaniyalıların məsləhətlərini dinləyirdi. Məhz Bismark və onun silahdaşları hesabına İngiltərədə alman dövlətini “bizim qitə əsgərimiz” və “axmaq” adlandırırdılar. Bismark Avropa monarxı olmaq istəyirdi. Bu arzusuna çatmaq üçün isə dünya müharibəsinə başlamaq, onlarla dövləti məhv etmək onun üçün adi bir məsələ idi.
Almaniyanın Rusiyadakı sabiq səfiri Purtales xatirələrində Rusiyanın xarici işlər naziri S. Sazonovla son görüşündən bəhs edir. 1914-cü ilin 1 avqust tarixində o, rusiyalı məmura bildirir ki, onların təmsil etdiyi ölkələr artıq müharibə vəziyyətindədirlər. Hər iki diplomat baş verəcək müharibənin hər iki dövlət üçün hansı faciələrə səbəb olacağını bildikləri üçün narahatçılıq keçirirlər. Səfirliyə qayıdan Purtales əməkdaşlarına iki gün sonra ölkəni tərk etmək üçün hazırlıq görmək barədə tapşırıq verir. Amma gecə, Sazonovun əmri ilə alman səfirə bildirirlər ki, təcili surətdə səfirliyi tərk etsin. Çünki Rusiya tərəfi onların təhlükəsizliyini təmin edə bilməyəcəkdi. Növbəti gün almanlar əleyhinə keçirilən güclü nümayişlər Peterburqu silkələyir. Almaniya səfirliyinin binası dağıdılır. Münasibətlərin korlanması hər iki tərəfdə çoxsaylı problemlərə səbəb oldu. Almanlar hətta münasibətlər korlandığı üçün Almaniyanı tərk edən dul imperatriçənin də yolunu kəsmək barədə düşünürdülər. Almaniya ərazisində olan rus tələbələri də vətənə qayıtmaq məsələsində çətinliklərlə qarşılaşdılar.
Almaniya və Rusiyanı o dövrdə qarşılıqlı nifrət və dövlət idarəçiliyində xaos kimi təsvir etmək olar. Belə alınıb ki, inqilab illərində Rusiyada sənədlər məhv edilib. Amma bu sənədlər məhv edilməsəydi, o dövrdə baş verən hadisələr barədə daha ətraflı məlumat öyrənmək olardı. Birinci dünya müharibəsinə aid faktlar əsasən digər dövlətlərin arxiv sənədləri və hadisələrin şahidlərinin xatirələri əsasında üzə çıxır.
1914-cü ilin yay aylarında Almaniyanın kurortlarında ailəsi ilə istirahət edən general Brusilov xatirələrində almanların “əyləncə”lərindən bəhs edir: “Parkların birində Kremlin, Qızıl Meydanın və Uspensk kilsəsinin böyük maketi qurulmuşdu. Çaykovskinin musiqisi sədaları altında maketlər alovlandı. Bu isə almanları heyran etdi. Sonra isə hər şey külə döndü və Almaniyanın himni səsləndi”.
Yüksək sürətlə qızışan münaqişəni II Vilhelmin II Nikolaya teleqramı da dayandıra bilmədi. Alman kayzeri əmisi oğlundan ordusuna sərhədi keçməməyi əmr etməyi xahiş edir. Amma rus çarının ətrafında olan insanlar II Nikolayı müharibəyə itələyir və müharibə istəyirdilər. II Nikolay qərar verə bilmirdi. Amma Almaniyadakı rus səfirinin teleqramından sonra sonuncu qərar qəbul edildi. Çünki səfir yazırdı ki, almanlar ordu və donanmada səfərbərlik elan ediblər.
Almaniya xarici işlər səfərbərliyin elan edilməsi barədə informasiyanı təkzib etdi və rus səfiri məlumatlandırdı. Səfir isə xəbərin saxta olduğu barədə Peterburqa məlumat ötürdü.
Almaniyada səfərbərliyin başladığı barədə rus çarına ötürülən informasiyanın doğru və ya saxta olduğu tarixi sirr olaraq qalıb. Bu məsələ bu günə qədər də məlum deyil. Hərbi psixoz şərtlərində həyata keçirilən bu diversiyanın sifarişçisi və ifaçısı kim idi? Bu sirr hələ də açılmayıb.
Alman səfiri aparan qatar rus sərhədini keçir. Müharibə buludları Avropa, Amerika, Afrika və Asiyanın 33 dövlətinin səmasında dolaşırdı. Bu ölkələr nə müharibə etmək istəyirdilər, nə də hərbi qarşıdurmaya hazır idilər.
Məlumdur ki, Sarayevo şəhərində Avstriya-Macarıstan taxtının vəliəhdinin qətlə yetirilməsi müharibənin başlaması üçün bəhanə oldu. Avstriya-Macarıstan bu faciədə Serbiyanı günahlandırdı və müharibə elan etdi.
İndi isə başqa versiyalar nəzərdən keçirilir. Məsələn, bəzi iddialara görə Ferdinand II Vilhelmin əmri ilə alman xüsusi xidmət orqanı tərəfindən qətlə yetirilib.
Bəzi tarixçilərin iddiasına görə isə, vəliəhd rus çarı ilə “3 imperatorun ittifaqı” yaratmaq məqsədi ilə qətlə yetirilib. Avstriya-Macarıstan imperiyasının vəliəhdi Rusiya ilə müharibəni ölkəsi üçün təhlükəli saydığını gizlətmirdi. Ferdinand Serbiya ilə də münasibətləri normal saxlamaq istəyirdi. Çünki Serbiyaya müharibə ediləcəyi təqdirdə Rusiya mütləq serbləri müdafiə edəcəkdi. Vəliəhd düşünürdü ki, Rusiya və Avstriya-Macarıstan arasında münaqişə hər iki sülalənin taxtdan salınmasına və hər iki ölkədə inqilab dalğasına səbəb olacaq.
Qərb tarixçilərinin iddiasına görə, rusiya ordu baş qərargahı və serb xüsusi xidmət orqanları qətlin təşkil edilməsində maraqlı idilər. Aydındır ki, Frans Ferdinandın qətli dünya müharibəsini qızışdırmaq üçün əvvəlcədən düşünülmüş diversiyanın epizodu idi. Bu müharibə dünyanın güclü dövlətlərinə ciddi zərbə vurdu və müvəqqəti olaraq onların geosiyasi əhəmiyyətlərini zəiflətdi. Belə olduğu halda, belə bir sual ortaya çıxır: Birinci dünya müharibəsində kim qazandı, kim uduzdu?
Rusiya Vətəndaş müharibəsi ilə üzləşdi və monarxiya məhv oldu. Almaniyada isə güclü kayzer ordusu döyüş qabiliyyətini tamamilə itirdi. Almanlar əhəmiyyətli ərazilərindən məhrum oldular. Almaniyanın hərbi texnikası və donanması qalib ölkələr arasında bölüşdürüldü.
Böyük Britaniya müharibədə 1 milyona yaxın insan itirdi. İki milyon insan yaralandı. Ticarət donanmasına böyük zərbə dəydi. Varlı İngiltərənin maliyyə vəziyyəti kifayət qədər pisləşdi. İngiltərə dünyanın maliyyə mərkəzi mövqeyini itirdi. Artıq bu ünvan Birləşmiş Ştatlara məxsus idi.
İngiltərə koloniyalarında milli-azadlıq hərəkatları baş qaldırdı. Britaniya imperiyası bu inqilabların öhdəsindən gələ bilmirdi. Koloniya dövlətinin taxtı çat vermişdi.
Fransa bir az alman torpağı əldə etsə də, iki milyondan çox insan itirmişdi. Bölgələrin əksəriyyəti talan edilmiş və boşalmışdı. Nəqliyyat və sənaye infrastrukturna ciddi ziyan dəymişdi. Maliyyə itkiləri o həddə qədər çatmışdı ki, kreditor ölkə borclu ölkəyə çevrilmişdi.
Belə bir vaxtda isə Birinci dünya müharibəsindən sonra ABŞ, İtaliya və Böyük Britaniyanın ümumdaxili məhsulu qəflətən artdı. Bu ölkələr iqtisadi yüksəliş mərhələsinə qədəm qoydular. Bəs XX əsrin ən böyük avantürasını kim fikirləşib həyata keçirmişdi? Bu tarixi tapmaca nə vaxt həllini tapacaq?
Hələ ki, əldə edilən məxfi sənədlərə əsasən, müharibə ərəfəsində alman xüsusi xidmət orqanları Böyük Britaniya ilə sıx əlaqədə idilər. Çox güman ki, müharibədə iştirak edən digər dövlətlərin arxivləri də açılanda Birinci dünya müharibəsinin müəyyən sirləri də açılacaq…