bosanma

“Biz boşanmadan öncə kursa gedən kişiləri, lap xanımlar olsun, təsəvvür edə bilərikmi?” – Hüquq müdafiəçisi

Baxış sayı: 505
Boşanmaların qarşısını almaq üçün prosesin sadələşdirilməsi deyil, mürəkkəbləşdirilməsi lazımmış. Bunu Danimarka ekspertləri müəyyən edib. Danimarkada boşanma prosesinin mürəkkəbləşdirilməsinə dair qanun qüvvəyə minib və bu ölkənin başbilənləri belə hesab edir ki, yeni qanun boşanmaların qarşısının alınmasına yardım edəcək. Bəs, necə?

Yeni qaydalara görə, boşanmaq istəyən cütlüklərə 3 ay möhlət verilir, amma bu möhlət müddətində cütlüklərə kurs – yəni, dərs keçilir. Kurs rəqəmsaldır və cütlüklərə modullar təqdim olunur, onlar suallara cavab verməli olurlar. Ən çox da bu kursun valideynlər ayrıldıqdan sonra uşaqların taleyi ilə bağlı yaranan narahatlıqları çözə biləcəyinə ümid edilir. Kursun əsas məqsədi valideynlərin ayrıldıqdan sonra uşaqlara olan münasibətidir. Kurs «Boşanmadan sonra əməkdaşlıq» adlanır və cütlüklərə ayrılığa uşaqların gözü ilə baxmağı öyrədir. Danimarka alimləri, doğru olaraq bu fikirdədir ki, boşanmaların başlıca qurbanı uşaqlardır. Uşaqlar ayrılıqlardan əziyyət çəkməsin, psixi gərginlikdə böyüməsinlər deyə, valideynlərə kurs keçilməsinə qərar verilib.

Məsələ ilə bağlı danışan «Təmiz Dünya» Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova 3-6 aylıq gözləmə müddətinin hələ sovet vaxtından bizdə də mövcud olduğunu xatırlatdı:

– Tərəflər boşanmaq üçün məhkəməyə ərizə ilə müraciət etdikdə onlara 6 aylıq gözləmə müddəti verilir. «Gedin, fikirləşin» deyirlər. Belə hesab edilir ki, bu müddətdə cütlüklərin fikri dəyişə bilər. Biri-biriləri ilə bağlarını qoparmaq istəyindən vaz keçə bilərlər. Bəlkə həyatlarında elə hadisə baş verəcək ki, bir-birlərinə daha sıx bağlanacaqlar, ayrılmaq qərarını dəyişəcəklər. Həyatda belə hadisələr az olmur. Amma əlbəttə, hər situasiyaya fərdi yanaşma gərəkdir. Elə cütlüklər var ki, aralarında bağlar tamamilə qırılıb, tərəflər bir-birini ittiham edir, kəskin antipatiya yaranıb, deyək ki, kişi qadını ölümlə təhdid edir. Bu cür hadisələrin də təəssüf ki, şahidi oluruq, kişi ondan boşanmaq istəyən qadına zorakılıq tətbiq edir, hətta ölüm halları da baş verir. Hər bir konkret situasiyaya yanaşmalarda fərqlilik olmalıdır. Qadına və ya kişiyə «boşanma» deyib israr etmək, sonra peşmançılıq çəkmək də olmaz.

M.Zeynalova bildirdi ki, boşanmaq üçün müraciət edən cütlüklərə müvafiq kurs keçilməsi təcrübəsi isə müsbətdir:

– Bir sıra Avropa ölkələrində bu səpkili psixoloji yardım mərkəzləri, ailə psixoloqları fəaliyyət göstərir. Danimarkanın boşanma prosesini məhz uşaqları nəzərə alaraq mürəkkəbləşdirməsi əlbəttə, müsbət haldır. Amma hər xalqın, ölkənin spesifik xüsusiyyətləri mütləq nəzərə alınmalıdır. Bizdə belə kurslar təşkil olunarsa, ora neçə nəfərin müraciət edəcəyini təxmin edə bilərsiniz? Biz boşanmadan öncə kursa gedən kişiləri, lap xanımlar olsun, təsəvvür edə bilərikmi? Azərbaycanın öz mental dəyərləri var. Tarixən bizdə ailələr ağsaqqal, ağbirçək sözünə qulaq asıblar, məsləhətlərini qəbul ediblər. Son illərdə təəssüf ki, bu ailə dəyərləri də deqradasiyaya uğrayıb. Lakin biz, ailələrimizi və uşaqlarımızı qorumaq üçün ilk növbədə özümüzə xas dəyərləri dirçəltməliyik. Müasir dünyada psixoloji testlər, evlilik testləri, evlilik müqavilələri və sair neçə-neçə yeniliklər mövcuddur. Amma bunlara əməl edənlər azdır. Hər üsulu olduğu kimi ölkəmizdə tətbiq etmək heç də həmişə müsbət nəticəyə səbəb olmur. Məncə, biz özümüzə aid olan dəyərlərdən möhkəm yapışmalıyıq. Hamıya bəllidir ki, boşanmalardan əziyyət çəkən uşaqlardır. Bunun qarşısını almaq üçün biz öz modelimizi işləyib hazırlamalıyıq. Bu məsələ ilə bağlı beyin mərkəzləri fəaliyyət göstərməli və yerli, tarixi, irsi xüsusiyyətlər nəzərə alınmaqla seminarlar, tre ninqlər keçirilməli, psixoloji yardım və sosioloji sorğu mərkəzləri fəaliyyət göstərməlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir