Evləndirmək üçün intihar həddinə gətirmək cəmiyyətimizin ailəyə baxışının necə problemli olduğunu göstərən məqamlardan biridir. Adətən ailə müqəddəsdir deyirlər. Arxasınca da başlayırlar ki, “yaxşı yerdən qız aldıq”, “yaxşı yerə qız verdik” və s. Müqəddəs bir yuva alverlə qurula bilməz. “Yaxşı yerdən qız almaq” ya da “yaxşı yerə qız vermək” faktiki olaraq insanı satmağın xoş sözlərlə ifadəsi cəhdidir. Amma mahiyyət eynidir: insan ticarəti. Çünkü burada əsl məqsəd övladı vasitəsilə “yaxşı yer” ilə qohum olmağa, yəni, mənfəət təmin etməyə çalışmaqdır. Nisbətən “məsum” məqsəd isə övladının gələcəyini maddi olaraq (ya da vəzifə əldə etməsi baxımından) təminat altına almaq təşəbbüsüdür. Amma bütün hallarda bu yanaşma “ailə müqəddəsdir” yanaşması ilə təzad təşkil edir.
Əslində zorla evləndirməyə çalışmaq da mahiyyət etibariylə kimlərinsə öz eqolarını və başqa kimlərinsə eqolarını doyuzdurmaq təşəbbüslərinə xidmət edir. Yəni, müqəddəs yuvanın qurulmasına töhfə deyil. Bunun qurbanı isə zorla evləndirilməyə çalışılanlar olur. Evlənəndə də, son hadisədə olduğu kimi bəzən evlənməyəndə də…
Problemin kökləri dərindir. Cəmiyyəti birdən dəyişdirmək də olmur. Aydınlanması üçün fasiləsiz olaraq çalışmaq lazımdır.
Araz Aslanlı