parkomat

Bizdə pulsuz parklanma yerləri niyə yoxdur?

Baxış sayı: 1. 577

Əksər sürücülər parklanma yerlərinin baha olmasından şikayətlənir. Bakıda xüsusi təchiz olunmuş, müşahidə kamerası və mühafizəsi olan pulsuz parklanma yerləri yoxdur. “Parkovka”lar baha və məhdud olduğundan sürücülər harda boş yer varsa, orada maşın saxlayırlar.

Yol təhlükəsizliyi üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, Bakıda xüsusi şəkildə təchiz olunmuş nəqliyyat vasitələrinin saxlanılması üçün nəzərdə tutulan pulsuz parklanma yerləri yoxdur. Bakının girəcəyində regionlardan paytaxta gələn nəqliyyat vasitələrinin saxlanılması üçün nəzərdə tutulan iki dayanacağı çıxmaq şərtilə.

O qeyd edir ki, pulsuz dayanacaqlar olmasa da, buna alternativ məhəllə arası küçələr, ikinci dərəcəli yollarda nəqliyyat vasitələrini saxlamaq üçün imkanlar var: “Qanun bunu qadağan etmir. Bəzi istisna hallardan başqa. Bəzi məhəllə arası küçələr çox dar olduğundan, orada nəqliyyat vasitələrini saxlamaq olmur”.

Allahverənov bildirir ki, pulsuz dayanacaqların yaradılmasının mümkün olduğu yerlər öyrənilməlidir: “Məsələn, bir neçə binanın sakinləri üçün belə dayanacaqlar yaradıla bilər. İnsanlar sərbəst şəkildə bu dayanacaqlardan istifadə edər və qanunsuz parklanma yerlərində maşın saxlamazlar”.

Onun sözlərinə görə, dayanacaqlarda qiymətlər yüksəkdir: “Dayanacaqların mənsub olduğu şirkətlər öz qiymət siyasətinə bir daha baxmalıdır. Mümkün qədər qiymətin aşağı salınmasına çalışılmalıdır. Qiymətlər yarım saatı bir manatdan başlayır və maşını çox saxladıqda məbləğ də bir o qədər az olur. Amma parkomatların olduğu ərazilərdə qiymətlər dəyişmir”.

Yol hərəkətləri üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, Bakı şəhərinin bütün küçələrində parkomat yoxdur: “Onu qoymaq da mümkün deyil. Şəhərin bəzi yerlərində maşın saxlamağa icazə verilir. Parkomat yoxdursa, təbii ki, ora pulsuzdur. Şəhərin bütün küçələri pullu olmur ki?”

Ekspert vurğulayır ki, bizdə pulsuz parklanmalar, demək olar, yoxdur: “Ticarət obyekti, restoran, şadlıq saraylarının həyətlərində öz müştəriləri üçün pulsuz parklanma yerləri var. Amma ictimaiyyət üçün nəzərdə tutulan xüsusi təşkil olunmuş pulsuz parklanma yeri yoxdur”.

Onun sözlərinə görə, dünyanın heç bir ölkəsində bütün parklanma yerləri pullu deyil: “Hətta Azərbaycanın əhalisindən çox əhalisi olan şəhərlərdə belə. Bütün parkomatlar pullu olmamalıdır. Pullu dayanacaqları şəhərin elə yerlərində tətbiq etməlidirlər ki, orada dayanma yerləri məhduddur”.

Həmsöhbətimiz hesab edir ki, bazar və bayram günləri parkomatlar pulsuz olmalıdır: “Məsələn, Parisdə bazar və bayram günləri şəhərin istənilən yerindəki parkomatlar pulsuzdur. Bizdəki parkomatlara baxanda, adama elə gəlir ki, məqsəd yalnız pul yığmaqdır” deyən Ərşad Hüseynov Bakıdakı parklanma yerlərinin həddindən artıq baha olduğunu da vurğulayıb.

 

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir