Bizdə vəsiyyətnamə nadir halda yazılır, əksər hallarda əmlak kiçik oğula qalır və ya övladlar öz aralarında mirası bölürlər. Lakin valideyn öldükdən sonra əmlak, qızıl üstündə övladlar arasında mübahisə düşür, bəzən bacı-qardaş arasında bir-birinə düşmən olanlar da olur.
Hüquqşünas Aynur Musayevanın bildirdiyinə görə, valideynlərin vəsiyyətnamə yazması vacib deyil, yəni bunun üçün hər hansı öhdəlik yoxdur: “Bu, hüquqdur. Kim istəyir istifadə edir, kim istəyir istifadə etmir. İstifadə edəndə əmlak vəsiyyətnamə üzrə, istifadə olunmayanda ümumi qaydalarla bölünür”.
Musayeva qeyd edib ki, hər hansı şəxs öz əmlakını və ya onun bir hissəsini həm doğmaları sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər, yəni vəsiyyət edə bilər: “Vəsiyyətnamənin olduğu təqdirdə həmin şəxsin ölümündən sonra miras kütləsinə daxil olan əşyalar barədə əmlak məsələləri mərhumun vəsiyyətnamədə qeyd etdiyi qaydaya uyğun həll edilir. Vəsiyyətnamə olmadıqda mərhumun öldüyü günədək ona məxsus olan əmlak ölənin uşaqları, arvadı (əri), valideynləri və s. birinci növbəli vərəsələri arasında bərabər şəkildə bölünür. Ümumilikdə, miras qoyan şəxsin ölümündən sonra miras kütləsinin həcminin müəyyən edilməsi, vərəsələrin əmlak hüquqlarının tanınması vərəsəlik işinin konkret xüsusiyyətlərindən, vərəsələrin subyekt dairəsindən asılıdır. Vərəsələrin miras əmlaka dair hüquqları ilkin olaraq müvafiq notariat kontoru tərəfindən verilən şəhadətnamə ilə müəyyənləşdirilir”.
Psixoloq Xəyalə Abbasın bildirdiyinə görə, valideynlərin vəsiyyətnamə yazmaması onların orta yaşa çatdıqda hələ bir neçə illər də yaşayacağını düşünməsi ilə bağlıdır: “Çox vaxt insanlar qəfil ölə biləcəyini heç düşünmürlər. 70-80 yaşa qədər yaşayacağını yəqin edirlər. Həyat şirindir və öləcəyini göz önünə gətirən valideyn belə azdır. Yaşlı olduğu vaxt da sahib olduqlarını övladları arasında bölmək istəməyən valideynlər var. Düşünürlər ki, mən varımı paylasam, daha övladlarıma lazım olmayacağam. Valideynlər çox yaşlı olduğu təqdirdə də vəsiyyətnamə yazmır və əmlakını özünü sığortalamaq məqsədilə bölmür. Belə bir ailə ilə söhbət etmişdim. Qayınana evə gəlin gətirir və bizə danışır ki, xeyli qızılım var, amma gəlinə hamısını birdən-birə verməyəcəyəm. Qızıllarımı açıb göstərəcəyəm, lakin zaman keçdikcə bir-bir verəcəyəm ki, mənə baxsınlar. Valideynlər əslində bununla özlərini sığortalamaq istəyirlər. Əksər hallarda valideynlər özünü sığortalamaq üçün şüuraltı olaraq sahib olduqlarını tam övladlarına verməyə qorxur”.
Həmsöhbətimizin sözlərinə görə, valideynlər çox vaxt hansı övladının yanında qalırlarsa, sahib olduğunun ya hamısını, ya da böyük hissəsini ona verirlər: “Adətə görə ata evi kiçik oğula qalır. Lakin bu, bəzi ailələrdə mübahisələrə, münasibətlərin pozulmasına gətirib çıxarır. Övladlar əmlakın hər kəsin arasında bərabər bölünməsini istəyir. Elə övladlar da var ki, ata-anasına daha çox baxdığı üçün bunu əsas götürərək hər şeyi, ya da əmlakın dəyərinin böyük hissəsini tələb edir. Düşünürəm ki, kim valideynə baxıb, qulluq edibsə, ona daha çox pay düşməlidir. Çünki əziyyəti də o, çəkir”.
Psixoloq qeyd edib ki, əksər valideynlər 60 yaşına yaxın əmlakını, sahib olduqlarını övladları arasında bölür ki, o, rəhmətə gedəndən sonra övladları bir-biri ilə düşmən olmasın: “Bunu hər valideyn eləmir. Düşüncəli insanlar edir. Şüuraltı olaraq qorxusu olan valideyn əmlakını bölməkdən imtina edir ki, övladlarından kimsə ona axıra kimi baxsın”.
X.Abbasın dediyinə görə, valideyn onsuz da uşaqlarını böyüdərkən çox əziyyət çəkib: “Ona görə, övladına əmlakını verməyə də bilər. Ola bilsin, əmlak ona öz valideynlərindən qalmayıb və var-dövlətini əziyyətlə qazanıb, vermək istəmir. Amma vermək fikri varsa, bunu zamanında etməsi daha məqsədəuyğundur ki, valideyn öldükdə övladlar arasında əmlak üstündə dava düşməsin”.
Aynurə MƏMMƏDOVA