Mənzili həşəratlardan qorumaq üçün, ilk növbədə, onların otağa girmək ehtimalı olan yerləri bağlayın. Adətən otağı təmiz hava ilə təmin etmək üçün qapı-pəncərəni açıq saxlayırıq. Belə olduqda isə, təbii ki, milçəklərin, ağcaqanadların və s. otağa daxil olmasından da sığortalanmırıq. Halbuki bunun qarşısını almaq üçün qapı-pəncərəyə tor çəkmək kifayətdir. Digər tərəfdən, həşəratlar, xüsusilə də ağcaqanadlar daha çox su yığılan yerlərdə artıb çoxalırlar. Bağ-bağçanızda, eləcə də eyvanınızda su yığılmasın deyə suyun torpağa hopmasına çalışın. Belə etsəniz, qismən də olsa, evinizə girəcək həşəratlardan xilas ola bilərsiniz. Əgər həyətinizdə hovuz varsa, suyunu həftədə iki dəfə dəyişin. Xırda həşəratlar evin daş-divarında olan kiçik dəlik və çatlardan belə, otağa daxil ola bilirlər. Buna görə də, çatları vaxtında doldurub təmir etməklə işinizi asanlaşdıra bilərsiniz. Evinizə girən kabelli televiziya, internet və ya telefon xətlərinin girişlərini bağlamağı da unutmayın.
Su, qaz, elektrik, ya da kondisioner borularının keçdiyi dəlikləri də diqqətdən kənarda saxlamayın. Həyət-bacanızdakı daha böyük dəlikləri bağlamaq üçün isə məftilli qəfəslərdən istifadə edin.
Yeməklərin üstünü açıq qoymaqla, həmçinin suya yaxın yerlərdə zibil saxlamaqla həşəratların çoxalması üçün əlverişli şərait yaratmış oluruq. Ona görə də, bu yerlər qısa bir vaxtda həşərat yuvasına çevrilir. Bu baxımdan yeməyi ağzıbağlı qabda saxlamaq məsləhətdir.
Tör-töküntülü otaq da müxtəlif həşərat və böcəklər üçün açıq qapı hesab olunur. Odur ki, otağın səliqəli olmasından çox şey asılıdır.
Zibili evin hər yerinə qoymaq olmaz. Yaxşı olar ki, zibili mətbəxdə ağzı bağlı qutuya qoyasınız və ən qısa bir vaxtda atasınız. Zibil qutularının davamlı şəkildə təmizlənməsi və dezinfeksiya olunması da sağlamlığa xidmət edir.
Döşəmə yerə daha yaxın olduğu üçün həşəratlar buradan otaqlara asanlıqla daxil olur. Döşəməni təmiz saxlamaqla çağırılmamış “qonaqlar”ın sayını azaltmaq mümkündür.
Yaxşı olar ki, təmizlik məqsədi ilə kimyəvi dərmanlar əvəzinə, bor turşusu istifadə edəsiniz.