Hazırki çətin iqtisadi vəziyyət iş axtaraışına və karyera inkişafına əvvəlkindən daha da peşəkar yanaşma tələb edir. Kommunikasiya eksperti Rəşad Bayramov bu vəziyyətlə bağlı ən çox verilən sualları cavablandırır.
Böhran Azərbaycanda iş bazarına necə təsir edib?
Dünyanın bir çox yerində olduğu kimi böhran Azərbaycanda da, xüsusilə də biznes sektorunda ixtisarlara və işlərin zəifləməsi ilə bağlı işdən azad olunmalara səbəb olub. Yeni açılan iş yerlərinin sayı aşağı düşür, işsizlərin sayı isə artır. Nəticədə iki dəfə azalmış iş yerləri üçün sayı iki dəfə artmış adamlar mübarizə aparır. Bəs bu vəziyyətdə necə iş tapmaq olar? Yeganə effektiv yol, özünüzü unikal fərd kimi göstərmək, seçilən brendinizi yaratmaq və bu özəlliklərinizi mümkün olan bütün yollarla göstərməkdir. Bura, əlaqə qurmaqdan tutmuş CV-nizi və yardımçı məktubu yazmağa və iş müsabihəsi zamanı özünüzü necə təqdim etməyə qədər bütün vasitələr daxildir.
Beləliklə kimsə işini itirib və yeni iş axtarışındadır. Nə etməli?
Əvvəla işi onu itirmədən öncə axtarmaq daha yaxşı fikirdir. Çox vaxt işəgötürən işsiz olanlardan çox hazırda işi olanlara üstünlük verir. Amma, siz işsizsinizsə bu dünyanın sonu demək deyil. Bəzi mühüm qaydalara əməl etsəniz uğurlu karyera yolunda olacaqsınız.
Bəs nə etmək lazımdır?
Belə bir deyim var: nə bildiyin yox kimi tanıdığın daha önəmlidir. Bu deyimi başqa bir müstəviyə gətirək: Sizi kimin tanımağı daha vacibdir. Qısaca, yaxşı karyera qurmaq istəyən aktiv şəbəkə (əlaqlər) quran adam olmalıdır.
Əlaqələr (network) necə qurulur və bu niyə vacibdir?
Əlaqənin qurulması (networking) karyera inkişafınızla, işinizi daha yaxşı görmənizlə və həyatınızı asanlaşdırmanızla və maksimum fayda götürmənizlə bağlı sozə kömək edəcək adamlarla münasibətlərin yaradılmasıdır. Bütün dünyada aparılan araşdırmalar göstərir ki, iş vakansiyalarının təxminən 75-95%-i ortalama iş axtarandan gizlədilir. Onlar heç vaxt elan olunmur və “gizli” və ya “qapalı” iş bazarının bir hissəsi olaraq qalır. Belə işlər barədə yalnız ağızdan və qurduğunuz şəbəkənin dilindən eşidə bilərsiniz. Bundan əlavə iş elanlarının müəyyən olunması prosesi çox vaxt ala bilər, bu bəzən bir neçə aydan bir ilə qədər davam edə bilər. Əgər siz iş elanı haqda hələ işıq üzü görməmişdən əvvəl xəbər tutsaz, elanı gözləyənlərdən xeyli üstün mövqedə olarsız. Nəhayət, şəbəkə qurmaq sizin hazırlıqlı, hadisələri öncədən görə bilən olduğunu göstərir, işəgötürənlər isə belə adamlara üstünlük verir.
Bəs əlaqə qurmaq üçün ən uyğun yerlər və ən uyğun adamlar kimlərdir?
Əvvəla bilməlisiz ki, siz getdiyiniz hər bir yerdə əlaqədə olursuz. Şəbəkə qurmaq münasibətlərin qurulması deməkdir. Başlamaq üçün ən yaxşı yer elə sizi əhatənizdə olan insanlardır. Keçmiş və hazırki həmkarlarınız, müntəzəm əlaqədə olduğunuz insanlar, tələbə yoldaşlarınız, üzv olduğunuz təşkilat və ya idman klubunun üzvləri, qohum və qonşularınızı nəzərdən keçirin. Xüsusi yerlərə gəldikdə keçmiş və hazırki iş yerinizdən, konfranslardan, seminarlardan, xeyriyyə tədbirlərindən, yığıncaqlardan tutmuş idman zalına, təyyarəyə və təbii ki, internetə qədər hər bir vasitədən faydalanın.
İnternetdən söz düşmüşkən, online əlaqə qurmaq nə dərəcədə faydalıdır?
Hazırki bir-birinə sıx bağlı dünyada, yeni əlaqələr daha çox internet məkanında qurulur. Halbuki, iş axtaranlar internet məkanına daxil olmazdan əvvəl özlərini real sosial həyatda hansı sahənin eksperti olduqlarını göstərməlidirlər. Onlar yazıları, çıxışları və başqa bacarıqları ilə bir növ öz brendlərini yaratmalı və tanıtmalıdırlar. Növbəti fazada iş axtaranlar elə etməlidirlər ki, internetdə belə adamları axtaran işəgötürən onları tapa bilsin. Bunu yaratdığınız vebsaytınız, internetdə yerləşdirdiyiniz bioqrafik məlumat, rezyume və ya bloqunuz vasitəsilə edə bilərsiniz. Üçüncü faza LinkedIn və Facebook kimi forum platforması olan və social mediaya qoşulmaqdan ibarətdir.
Əlaqə qurma zamanı yenicə tanış olduğunuz adamlarla nəyi müzakirə etməli?
Əlaqə qurma başqa insanlar haqda öyrənmək deməkdir. Burada siz hər şeyi əvvəlcədən bilirsiniz. Söhbət zamanı ancaq siz danışsaz bu mənfi təəssürat yaradacaq. İnsanların möhtəşəm həyat təcrübələri olur, onlar çətinliklərin öhdəsindən gələ-gələ püxtələşirlər və bunları onların dilindən eşitmək əla hissdir. Siz sual verməli və başqa adamlar haqda öyrənməlisiniz. Bununla da siz necə gözəl ünsiyyət qurduğunuzun şahid olacaqsınız. Əsas məqam odur ki, sual vermisinizsə onun cavabına da qulaq asmalısınız. Sonra da verilən cavab əsasında başqa sual verə bilərsiniz.
CV-lər – onların əsas məqsədi nədir?
İşəgötürənlərin elan verdikləri işə müraciət edənlərin hamısı ilə bir-bir görüşmək vaxtı olmur. Vaxtları dəyərli olduğundan onlar namizəd haqda bəzi kritik məlumatı yazılı standart formada oxumaq istəyirlər. Yaxşı CV işəgötürənin bu üç sualına cavab verməlidir: Nəyi bacarırsınız? Əvvəl nə işlə maəşğul olmusunuz? Onu mənim üçün də görə bilərsinizimi? Bundan əlavə, yaxşı CV sizin haqqınızda müsbət təəssürat yaradır və sizə müsahibəni təmin edir.
Son olaraq iş axtaranlara hansı məsləhəti verərdiniz?
Müsbət və ozünüzdən əmin olun. Özünüzə inanın. Sizin daxilinizdəki imic və əlaqələriniz sizin ümumi imicinizi formalaşdırır. Odur ki, siz əminliklə hərəkət edirsinizsə insanlar bunun həqiqi olduğuna inanırlar. Heç vaxt ruhdan düşməyin. İş axtarışı proses uzunmüddətli ola bilər, ona görə də yeni adamlarla görüşdükcə CV-nizi mükəmməlləşdirdikcə və ya iş müsahibəsinə getdikcə hər andan ləzzət alın. Uğurlar!