Borclu olmaq bəzən çox çətin və yorucu görünə bilər. Lakin düzgün yanaşma ilə borcu büdcənizə uyğun şəkildə idarə etmək və tədricən azaltmaq mümkündür. Bunun üçün sizə real, planlı və tətbiq edilə bilən bir mexanizm lazımdır. Aşağıda borcların daha rahat formada ödənilməsi üçün əsas addımlar təqdim olunur.
Borclarınızın dəqiq həcmini müəyyənləşdirin
Borcu ödəməyə başlamazdan əvvəl, hansı məbləği və kimə borclu olduğunuzu dəqiq bilməlisiniz. Bunun üçün bütün borclarınızı aşağıdakı məlumatlarla birlikdə bir siyahıya toplayın:
1) Kreditorun adı
2) Ümumi borc məbləği
3) Borcun illik faiz dərəcəsi
4) Aylıq minimum ödəniş
Bu məlumatlar sizə borc vəziyyətinizə tam nəzarət etməyə kömək edəcək.
Fəaliyyət planı hazırlayın
Borcun ümumi mənzərəsi müəyyənləşdirildikdən sonra, onu hansı ardıcıllıqla ödəyəcəyiniz barədə plan qurmalısınız. Adətən iki əsas metoddan istifadə edilir:
Yüksək faizli borclardan başlamaq
Ən kiçik məbləğli borcdan başlamaq

Maliyyə müşaviri Skott Şlayxer bildirir ki, faiz dərəcəsi əsas göstəricidir və ən yüksək faizli borclar ilk növbədə bağlanmalıdır. Xüsusilə kredit kartı borcları çox yüksək faiz daşıdığı üçün minimum ödəniş çox vaxt sadəcə faizləri qarşılayır və əsas borc azalmır. Mütəxəssislər bu borcların ən sərt şəkildə ödənilməsini tövsiyə edir.
Əgər borclarınızın faizləri bir-birinə yaxın səviyyədədirsə, ən kiçik məbləğdən başlamaq mümkündür. Bəzi ekspertlər bu metodun motivasiya yaratdığı üçün daha effektiv olduğunu qeyd edir. Bu yanaşma “qar topu metodu” kimi tanınır.
Borc ödənişlərini aylıq büdcəyə daxil edin
Hansı metodu seçməyinizdən asılı olmayaraq, borcları prioritet sırası ilə büdcəyə daxil etməlisiniz. Aylıq büdcənizdə borc ödənişi üçün ayrıca xətt əlavə edin. Ödənişləri gecikdirməmək üçün avtomatik ödəniş funksiyasından istifadə etmək məqsədəuyğundur.
Digər borclar üzrə minimum ödənişlər isə davam etdirilməlidir. Prioritet borc ödənildikdən sonra növbəti borca keçilir.
Borcdan tam azad olana qədər davam edin
Planı müəyyənləşdirdikdən sonra, ardıcıl şəkildə davam etməlisiniz. Bütün borcların ödənilməsi vaxt tələb edə bilər, lakin hər ödəniş sizi borcdan azad olmağa bir addım daha yaxınlaşdırır.
Borcu daha sürətli azaltmağın ən effektiv yolu gəlirinizi artırmaqdır. Bunun üçün əlavə iş, yan gəlir mənbələri, əlavə saatlarla çalışmaq və ya ikinci işə başlamaq mümkündür.
Tənzilə Ağabalayeva











































































































































































