İndiki zamanda borc verməyə də qorxursan. Yaxşılıq edib borc verirsən, sonra da düşmən olub dalınca düşürsən. Hər nə etsən də, borcunu ala bilmirsən. Amma mütəxəssislər bəzi yolları bilməklə borcu geri almağın mümkün olduğunu deyirlər.
Borc müqaviləsi necə bağlanmalı?
Hüquqşünas Aynur Musayevanın dediyi sözlərinə görə, borc müqaviləsi həm şifahi, həm də yazılı olur: “Şifahi müqavilə hər bir tərəf müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etdiyi andan bağlanmış hesab olunur. Amma bütün borc müqavilələri yazılı şəkildə bağlansa, daha gözəl olar. Ona görə ki, yazılı müqavilədə hər iki tərəf və öhdəlikləri qeyd olunur. Şəxslərin adı, soyadı hər şey yazılır. Tərəflərin hüquqları, borcun tam məbləği, borcun qaytarılması şərtləri verilir”.
A.Musayeva bildirir ki, müqavilə azadlığı prinsipinə əsasən, hər bir şəxs müqavilə bağlayarkən orada öz istədiyi şərtləri qeyd edə bilər: “Məsələn, şəxsin müqavilədə borcun qaytarılacağı son tarixi yazmaq hüququ var. Yazılı müqavilə kağızda olur, hər iki tərəf şərtlərini qeyd edir və müqaviləni imzalayır. Borc müqaviləsi notarial qaydada da təstiq oluna bilər. Yəni müqaviləni imzalayan tərəflər notariusa gedir, müqaviləni orada imzalayır. Notarius onların imzalarını təsdiqləyir”.
Qanunvericilik bir sıra hallarda müqavilənin notarial qaydada təsdiqini zəruri hesab edir. Bir sıra hallarda isə tərəflər istəyirsə, müqaviləni notarial qaydada təsdiq edə bilər. Yaxşı olar ki, borc verən özünü sığortalamaq üçün müqavilənin məhz notarial qaydada təsdiqini tələb etsin.
Borcu bir kağız belə almadan vermisənsə…
Hüquqşünas diqqətə çatdırır ki, borc müqaviləsi şifahi olduqda, yəni ki, borcu öz aralarında danışıb verdikdə bunu sübüt etmək çətinləşir: “Mülki Məcəllədə borcla bağlı şifahi əqdlərdə şahidin iştirakının məcburi olduğu yazılmır. Lakin heç bir kağız almadan borc verdikdə heç olmasa, yanında şahid də olmalıdır ki, sonra bunu sübut etmək olsun. Şahid yoxdursa, kiməsə borc verdiyini sübut etmək çox çətindir”, – deyə müsahibim bildirib ki, borc müqaviləsi notarial qaydada təsdiq olunduqda sabah kimin kimə nə qədər borclu olduğunu dəqiqləşdirmək asandır. Notariusda təsdiq olunmayan yazılı müqavilə belə, problem yarada bilər. Borcu olan şəxs deyə bilər ki, müqavilədəki imza mənim deyil, mən imzalamamışam və s.
Əgər borc müqavilə imzalamadan bank hesabına köçürmə yolu ilə verilibsə, onda bank şahid olmadan, müqavilə bağlanmadan kiminsə hesabına köçürülən pulun midarına dair çıxarış verməlidir. Digər hallarda sübut etmək çox çətin olacaq.
Borcu verməyə pulu yoxdursa?
Musayeva bildirir ki, istər şifahi, istərsə də yazılı müqavilə bağlayan borc verənin hüquqları pozulubsa, məhkəməyə müraciət edə bilər: “Məhkəmə həmin şəxsin müdafiəsinə təminat verir. Mülki Prosessual Məcəllədə qeyd olunub ki, hər bir şəxs öz hüquqlarının müdafiəsi və pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət edə bilər. Borc verən məhkəməyə müraciət edir, iddia yazır. Borc alan könüllü qaydada borcu qaytarmadıqda pul ondan müxtəlif yollarla məcburi qaydada tutulub alınır.
Pulu yoxdursa, əmlakı və s. hərraca satışa çıxarılır. Bununla bağlı məhkəmə müvafiq dövlət orqanlarına, o cümlədən adında əmlakın olub-olmamasına dair daşınmaz əmlakın dövlət reyestr xidmətinə sorğular göndərə bilər. Maşının olub-olmaması da Yol Polis İdarəsindən öyrənilir. Bank hesabları araşdırılır.
Daşınmaz əmlak olduqda məhkəmə qərarı ilə icra mərhələsində üzərinə həbs qoyulur və hərracda satılır. Pulu isə iddiaçıya verilməlidir. Əmlak satışa çıxarılmadan əvvəl icraçıya təklif olunur. İddiaçı, yəni borc verən təklifi qəbul etsə, əmlak satılmır, özünə qalır.
Borc alanın heç nəyi yoxdursa, məhkəmə qərarına əsasən, cinayət məsuliyyətinə cəlb oluna bilər.
Pulu mənimsədiyi üçün fəxr edir
Sosioloq Əhməd Qəşəmoğlunun dediyinə görə, insanlar bir-birinə etibar etdiyi cəmiyyətdə borc verib borc alırlar: “Borc vermək həm də sosial köməkdir. Bir insan dar vaxtında kimdənsə borc ala bilər. Bütün banklar da bu prinsip əsasında mövcuddur. İnsanlar bankdan borc alır, sonra da qaytarır. Amma İslam aləmində borcun üstünə faiz qoyub vermək haram sayılır”.
Ə.Qəşəmoğlu bildirir ki, insanların güzaranı yaxşı olsa, borc almazlar: “Cəmiyyətdə borcu olanlar çoxdursa, bu, sosial problemlərin çoxluğunu, əhalinin rifah halının pis olduğunu göstərir. Təəssüf ki, bizim cəmiyyətdə bir-birinə və banka borcu olanlar çoxdur. Bu iqtisadi vəziyyətin yaxşı olmadığının göstəricisidir”.
O qeyd edir ki, borc vermək kömək kimi müsbət qiymətləndirilir: “İnsan sonra pulu qaytarmaq niyyəti ilə qarşı tərəfdən borc alıb böyük bir işini düzəldə bilər. Amma borc alan borc verəni aldadır, borc üstündə qan düşürsə, təbii ki, fəlakətdir”, – deyə Qəşəmoğlu əlavə edib ki, borcu qaytarmaq istəməyən adamlar azdır: “Pulu olmadığı üçün bunu edə bilməyənlər var. Ona görə də vicdan əzabı çəkirlər. Çıxılmaz vəziyyətdə qalıb buna görə özünü öldürənlər də olur”.
Aynurə Məmmədova